hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Toylar bərpa edilir? - İcra hakimiyyətlərindən göstəriş almaları barədə xəbərə reaksiya - BİZİM SORĞU

Toylar bərpa edilir? - İcra hakimiyyətlərindən göstəriş almaları barədə xəbərə reaksiya - BİZİM SORĞU

Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyətinin bərpa olunacağı ilə bağlı məlumatlar yayılıb.

Məlumatda artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verildiyi də deyilir. Belə ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Xatırladaq ki, artıq yarım ildir ki, pandemiya səbəbindən Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulub.

Toyların keçirilməsi barədə müxtəlif variantlar təklif edilsə də, Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə heç bir qərar qəbul etməyib. Azərbaycanda Məhərrəm ayının bitməsinə sayılı günlər qalıb.

Bildirilir ki, Məhərrəm ayı bitdikdən sonra, noyabr ayında Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu səbəbdən yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılmaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı bildirilir.

Cebhe.info yerli icra hakimiyyəti orqanları ilə bağlı məsələni dəqiqləşdirməyə çalışıb.

Nizami rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rəşad Hüseynov saytımıza açıqlamasında toyların və ya mərasimlərin keşiləcəyi, şadlıq saraylarının fəaliyyətinin bərpası ilə bağlı hər hansı göstəriş almadıqlarını deyib:

“Bizə belə bir göstəriş gəlməyib. Ümumiyyətlə, toyların bərpa edilməsi barədə heç bir məlumat yoxdur”.

Yasamal rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov da məsələdən xəbərsiz olduğunu bildirib:

“Məndə belə bir məlumat yoxdur”.

Lənkəran şəhər İcra Hakimiyyətin başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı toy və mərasimlərin, eləcə də ticarət mərkəzlərinin bərpa edilcəyinə dair məlumatları xəbər saytlarından izlədiklərini deyib:

“Biz də bu barədə saytlarda oxumuşuq. Yalan, ya doğru yazırlar, onu bilmirik. Hələ ki, heç bir göstəriş gəlməyib. Tapşırıq olarsa, ona görə işimizi quracağıq”.

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbə müdiri Pənah İmanov isə sözügedən məsələ ilə bağlı rəsmi qərar olmadığını xatırladıb:

“Toyların, hansısa mərasimlərin və ya ticarət mərkəzlərinin fəaliyyəti barədə qərarı bu ölkədə Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Qaldı ki, o yerlərdə monitorinqlər aparılmasına, pandemiya dövründə bu işləri aparırıq. Mərasim yerlərinə və toy keçirilən şadlıq evlərinə nəzarət edirik. Konkret olaraq isə bizə heç bir göstəriş gəlmiyib”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5039

Bizim Telegram səhifəmizi izləyin