hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Toylar müğənniləri də peyvənd olunmağa vadar edir? - "Assalar da olmaram " – BİZİM SORĞU

Toylar müğənniləri də peyvənd olunmağa vadar edir? - "Assalar da olmaram " – BİZİM SORĞU

Məlumdur ki, Azərbaycanda 1 ildən artıqdır ki, pandemiya səbəbilə toy və nişan mərasimləri keçirilmir.

Son günlər isə belə iddialar yayılıb ki, toy məclisləri avqustun 1-dən etibarən bərpa oluna bilər. Lakin bu halda iştirakçı şəxslər yoxlanılacaq və COVİD pasportu olmayanların məkana girişinə icazə verilməyəcək.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dsNazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində bildirmişdi ki, toylar bərpa olunarsa, orada COVİD pasportu tələb edilə bilər.

“Amma gələcəkdə COVID pasportu olan şəxslərin digər müəssisələrə də çıxışına icazə veriləcək. Burda söhbət konsert, teatr, toy və digər şənliklərdən gedir. Bu barədə əlavə məlumat veriləcək”, - deyə o vurğulamışdı.

Maraqlıdır ki, 1 ildən çoxdur toysuz qalan müğənnilər necə, vaksinasiya prosesindən keçibmi?

Cebhe.info bununla bağlı müğənnilər arasında sorğu keçirib.

Müğənni Afət Fərmanqızı sorğumuza cavab olaraq qeyd edib ki, o, virusa yoluxub sağaldığı üçün hələ ki, peyvənd oluna bilməz:

"Mən koronavirusa yoluxmuşam deyə antitel yaranıb. Adım da sistemdədir. Amma yaxın günlərdə 6 ay tamamlanacaq. Ondan sonra da antitel qalıbsa, etdirmək olmaz, qalmayıbsa, etdirəcəyəm. Yoluxmanın sayı azalıb, görürsünüz, sanki virus çıxıb gedib. Hər gün şou proqramlarda millət sıxlaşıb ağız-ağıza oturur. Yoluxma artsaydı, şou proqramlarda artardı. Artma yoxdursa, deməli, toyları da bərpa etmək məqsəduyğun olardı".

Əməkdar artist Firuzə İbadova bildirib ki, əgər sağlamlığı yerində olarsa, peyvənd etdirəcək:

"Mən qayda-qanunu sevən insanam. Əgər sağlamlığım ona icazə verərsə, peyvənd olunaram. Ancaq mənim uşaqlarımın məndən başqa kimsəsi yoxdur. Mənim uşaqlarım ortada qalacaqsa, mən peyvənd olunub sağlamlığımı toylara qurban vermərəm. Sağlamlığım buna yola verməsə, peyvənd olunmayacağam. Həm də ki, onsuz da peyvənd etdirməyə məcburiyyət yoxdur. Sağlamlığım yol verməzsə, məni assalar da, peyvənd olunmaram. Mən 90 faiz peyvəndə qarşıyam, 10 faiz isə razıyam".

Müğənni Nadir Qafarzadə isə peyvəndə inanmadığını söyləyib:

"Peyvənd olunmamışam. Peyvəndə də inanmıram. Açığı, son zamanlar heç nəyə, heç kimə inanmıram. Elə bir cəmiyyətdə yaşayırıq ki, artıq heç özümə də inanmıram. O dərəcəyə çatmışam".

Əməkdar artist Abbas Bağırov isə peyvınd olunub:

"Peyvəndin birinci dozasını vurdurmuşam. Nəinki öz sağlamlığım naminə, ətrafıma görə də peyvənd olunacağam. Vaksinasiyaya nə qədər tez başlasaq, bir o qədər bizim yaxşılığımıza olacaq. Bununla bağlı olaraq da müəyyən güzəştlər tətbiq ediləcək. Bütün dünya bunu edirsə, bundan çəkinəcək hansısa maneə görmürəm. Biri var ki, müəyyən məbləğə edilsin, deyim, kiminsə imkanı çatmır. Amma bu, dövlət tərəfindən pulsuz həyata keçirilir və hər kəs də etdirə bilər. Eyni zamanda, peyvənd olunan şəxslər virusa yoluxarsa, bunu daha yüngül keçirəcək. Vaksinasiya yolu ilə həm də bir ildən artıqdır ki, bizi ağuşuna alan koronavirusdan yaxa qurtaracağıq".

Naibə
Cebhe.info


Oxunma sayı: 2476