hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Toyların “küləyi” belə qızılı bahalaşdırmağa yetərli olub: “Güzəranı pisləşən əhali evdəki qızıllarını satır”

Toyların “küləyi” belə qızılı bahalaşdırmağa yetərli olub:  “Güzəranı pisləşən əhali evdəki qızıllarını satır”

ABŞ-da gözləniləndən yüksək inflyasiyanın açıqlanması qızıl qiymətlərinin artmasına səbəb olur.

ABŞ-da inflyasiya may ayında proqnozları aşaraq illik 5%, aylıq 0,6% təşkil edib. İnflyasiya sonuncu dəfə 2008-ci ilin avqust ayında bu səviyyələrə çatmışdı.

Proqnozlar istehlakçı qiymətləri indeksində artımın illik 4,7%, aylıq isə 0,5% artım olacağı istiqamətində idi. Məlumat açıqlandıqdan sonra qızıl bahalaşır. Qızılın unsiyasının qiyməti yenidən 1900 dolları keçib.

Qeyd edək ki, inflyasiyanın artması qızıl qiymətlərini yuxarı istiqamətli dəstəkləyir.

Bəs Azərbaycanda toylara qadağann ləğv ediləcəyi xəbəri qızılın bahalaşmasına səbəb ola bilərmi?

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada qızıl bazarında dəyişikliklərin müxtəlif səbəbləri olur:

"Çox dalğalı bazardır. Qızıl qiymətləri son bir neçə ayda, yəni ilin əvvəlindən 1700-dən enibsə, 1950-yə qədər də qalxıb. Yəni belə bir diapazonda hərəkət edir. Son zamanlar ABŞ-da inflyasiya rəqəmlərinin yüksəlməsi belə bir ehtimal yaratdı ki, Federal Ehtiyatlar Sistemi daha sıx pul-kredit siyasəti yürüdəcək. Bu da qızılın bahalaşmasına yol açdı”.

Natiq Cəfərlinin sözlərinə görə, bu, o qədər də ciddi bahalaşma deyil:

"Azərbaycanda qızılın qiyməti daha spesifik qaydalara görə müəyyənləşir. Düzdür, dünya bazarında baş verən proseslər qızıl qiymətlərinə təsirini göstərir. Amma istər-istəməz daha spesifik xüsusiyyətlər var. Bizdə yerli bazarda daha çox Türkiyə və ərəb ölkələrindən gətirilmiş qızıl məmulatları üstünlük təşkil edir. Amma ikinci bir açıqlama da var ki, son zamanlar əhali güzəranının pisləşməsini nəzərə alaraq evdəki qızılı pula çevirmək üçün müəyyən addımlar atır. Bu da qızıl bazarında qiymətin tənzimlənməsində mühüm rol oynayır. Çünki bu şəkildə qızılları satmaq istəyən vətəndaşlar daha ucuz qiymət təklif edir və bu da qiymətin nizamlanmasında kömək edir. İndi toyların açılmasıyla bağlı söhbətlər gedir. Toyların başlaması da qızıl bazarında canlanmaya səbəb olacaq. Müxtəlif səviyyələrdə artım ola bilər. Amma dünya bazarı və Azərbaycan bazarının birbaşa bağlantısını görmək mümkün deyil. Azərbaycan bazarının qeyd etdiyim kimi, spesifik xüsusiyyətləri var".

Ülviyyə
Cebhe.info


Oxunma sayı: 1354