hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Tramp üçün kritik 2 həftə: RİSK ARTIR

Tramp üçün kritik 2 həftə: RİSK ARTIR

ABŞ Prezidenti Donald Trampın impiçmenti çərçivəsində dinləmələr yaxın iki-üç həftə ərzində başlaya bilər. 

Bu barədə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Cim Hayms “Fox News”a açıqlamasında deyib. “Çox güman ki, ictimai dinləmələr iki-üç həftə ərzində başlayacaq. Nəzərə almaq lazımdır ki, vaxt barədə dəqiq danışmaq mümkün deyil. Çünki ictimai dinləməyə getməzdən əvvəl daha bir neçə şahiddən ifadələr almalıyıq”, -deyə demokrat konqresmen bildirb. 

Hayms bildirib ki, Konqresin aşağı palatasındakı dinləmələrdə iştirak etməsi üçün ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltona çağırış göndərilib. “Con Boltona çağırış göndərdiyinə inanıram. Mən buna 100 faiz əmin deyiləm, amma hesab edirəm ki, belə bir şey var”. O, xatırladıb ki, Bolton artıq Ağ Evin işçisi deyil və ABŞ administrasiyasının tövsiyələrini qulaqardına vurmaq hüququna malikdir. ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosi isə “Bloomberg” agentliyinə açıqlamasında Prezident Trampa qarşı impiçment proseduru çərçivəsində ictimai dinləmələrin noyabr ayı ərzində keçiriləcəyini deyib. 

Qeyd edək ki, prezidentə impiçment elan edilməsi üzrə təhqiqat işləri Nümayəndələr Palatasının altı komitəsində aparılır. Lakin Ağ Ev ittihamlara cavab olaraq, Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməsinə dair iddiaları inkar edir. ABŞ Ədliyyə Nazirliyi prezidentlər arasındakı telefon danışığının söhbətin məzmununda milli qanunvericiliyin pozulması hallarını aşkar etmədiyini və növbəti araşdırmaların aparılması üçün əsas olmadığını bildirib. 

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampa qarşı impiçment prosedurunun başlanması haqqında qətnamə qəbul etsə də sözügedən sənədin Senatda keçməsi şübhə doğurur. Çünki Konqresin yuxarı palatasında Respublikaçılar Partiyası üstünlük təşkil edir. Ona görə də demokratların impiçment təşəbbüsü Senatda dəstək qazanmayacaq. "The Washington Post" qəzeti və "ABC News" tərəfindən birgə keçirilmiş rəy sorğusunda da respublikaçıların 82 faizi impiçmentin əleyhinə çıxıb. Bu faktın özü Prezidentin səlahiyyətlərinin alınmasına dair qətnamənin ciddi müqavimətlə üzləşəcəyini göstərir. Digər tərəfdən, bir qətnamə ilə prezidenti impiçment etmək mümkün deyil. Bu, ABŞ qanunvericiliyində çoxmərhələli mürəkkəb hüquqi prosedurdur. Prezidentin hərəkəti ABŞ Konstitusiyasının pozulmasına səbəb olduqda və milli təhlükəsizliyə problem yaratdıqda vəzifəsindən kənarlaşdırıla bilər. Ona görə də demokratların bu gedişi daha çox 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi daxili ictimai rəyə hesablanıb və siyasi məqsəd daşıyır. Lakin impiçmentin baş tutmaması Prezident Tramp üçün təhlükənin aradan qalxması anlamına gəlmir. Aparılan son rəy sorğuları da göstərir ki, demokratların son aylar apardığı kampaniya və nəhayət, Nümayəndələr Palatasının oktyabrın 31-də qəbul etdiyi qətnamə Donald Trampın siyasi nüfuzuna ciddi zərbə vurub. Respondentlərin 49 faizi impiçmenti dəstəklədiyini bildirib. Trampın prezident kürsüsündə qalmasını istəyənlər isə 47 faiz təşkil edir. Bu isə Trampın elektoral bazasının getdikcə zəiflədiyindən xəbər verir.

Üstəlik, növbəti seçkilərdə Donald Trampın qələbəsini çətinləşdirən əlavə amillər meydana çıxmağa başlayıb.

ABŞ-ın dövlət borclarının 23 trilyon dollara çatması ABŞ iqtisadiyyatında ciddi problemləri yarada bilər. Bu da gələn ilki seçki prosesində Trampın reytinqinə təsirsiz ötüşməyəcək. Ölkənin büdcə kəsiri 2018-ci ilin oktyabr ayından 2019-cu ilin avqust ayının sonuna qədər 19 faiz artaraq 1 trilyon dollar təşkil edib. Çin və digər ölkələrlə ticarət qarşıdurması və gömrük rüsumlarının artırılması nəticəsində dövlət büdcəsinə 66 milyard dollar əlavə gəlir daxil olub. Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, böyük həcmdə büdcə kəsiri səbəbindən ABŞ iqtisadiyyatı 2020-ci ilin sonunadək böhranlı vəziyyətə düşə bilər. Bütün bunlar isə seçki kampaniyasında D.Trampın əleyhinə işləyəcək ciddi amillərdir. Bu arada demokratların siyasi mövqelərinin getdikcə möhkəmlənməsi müşahidə olunur. Həm impiçment məsələsi, həm də Nümayəndələr Palatasının Türkiyə əleyhinə sanksiyalaşdırıcı qətnamələr qəbul etməsi müxalif düşərgədən Trampa təzyiqlərin artdığını göstərir.Nəhayət, prezident seçkilərində Trampın əsas rəqibi sayılan Cozef Baydenin də siyasi mövqeləri güclənməyə başlayıb. Demokratların reytinqinə görə ikinci favorit namizədi sayılan 78 yaşlı Berni Sanders ürəyindən əməliyyat olunub və səhhəti ilə əlaqədar seçki yarışından çəkiləcəyi gözlənilir. Sanders artıq seçicilərlə görüşlərini dayandırımalı olub. Noyabrın 2-də isə daha bir nüfuzlu demokrat namizəd-Texas ştatından sabiq konqresmen Beto O’Rourk da namizədliyini geri götürüb. 

Qeyd edilən proseslər Co Baydenin ətrafında siyasi təmərküzləşmənin yaranmasına təkan verəcək. Bu da öz növbəsində, Tramp üçün yaxşı nəticələr vəd etmir. Bütün bu riskləri nəzərə alan respublikaçıların, hətta məğlubiyyətdən xilas olmaq üçün namizədini dəyişəcəyi də istisna edilmir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 881