hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Tramp üçün yeni fürsət: İmpiçment kimin ziyanınadır?

Tramp üçün yeni fürsət: İmpiçment kimin ziyanınadır?

ABŞ Prezidentinin Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volker Donald Trampa impiçment məsələsi ilə bağlı Konqresdə komisiya səviyyəsində keçirilən dinləmələrdə iştirak edib.

Dinləmələrdə məqsəd D.Trampın keçmiş vitse-prezident Co Baydenin oğluna münasibətlə bağlı Ukraynanın dövlət başçısı Vladimir Zelenskiyə təzyiq göstərdiyinə dair dəlilləri ortaya çıxartmaq olub. Volker bildirib ki, Prezident Trampın vəkili Rudolf Culianiyə Ukraynada yalan məlumat veriblər. 

“The Washington Post”un parlamentin aşağı palatasındakı mənbəyə istinadən yazır ki, K.Volker Ukraynada Co Bayden və onun oğlu barədə etibarsız məlumat veriblər. Diplomat bununla bağlı R.Culianini xəbərdar etdiyini deyib. Kurt Volker həmçinin əlavə edib ki, Amerika Prezidentinin komandası bu ölkənin keçmiş baş prokuroru da daxil olmaqla Ukrayna siyasətçilərindən aldıqları məlumatlardan ehtiyatlı olmalıdır. Sabiq məmur “Ukraynqeyt işi” üzrə on saat hərtərəfli dindirilib.

Xatırladaq ki, Prezident Tramp V.Zelenskidən Co Baydenin oğlu, Ukraynada fəaliyyət göstərən “Burisma Group” enerji şirkətinin Direktorlar Şurasının üzvü Hanter Baydenə qarşı yoxlamaların başladılmasını tələb edib. Hətta Ağ Evin rəhbəri rəsmi Kiyevə təzyiq məqsədi ilə Ukraynaya 400 milyon dollarlıq hərbi yardımın ayrılması barədə qərarın icrasına qadağa qoyub. Bunu Prezident tərəfindən ABŞ qanunvericiliyinin pozulması hesab edən Nümayəndələr Palatasındakı demokratlar Donald Trampa qarşı impiçment proseduru başladıb. 

Digər məlumatlara görə, 2015-ci ildə Ukraynanın Baş Prokurorluğu həmin vaxt “Burisma Group” şirkətinin Direktorlar Şurasının sədri olan Hanter Baydenin fəaliyyətini araşdırmağa başlayıb. Sabiq baş prokuror Viktor Şokinin iddia etdiyinə görə, bu hadisədən xəbər tutan Co Bayden prezident Poroşenkodan onu işdən qovmağı xahiş edib. 

Şokindən sonra onun səlahiyyətlərini icra edən Yuri Sevruk isə bildirib ki, Baydenin Kiyevə səfərindən sonra prezident Poroşenko V.Şokindən istefa verməyi tələb edib. Baş prokurorun qovulmasından sonra ABŞ Ukraynaya 1 milyard dollar yardım ayırıb. “Associated Press”in xüsusi xidmət orqanların aldığı məlumata əsasən, Kurt Volker ABŞ-ın Ukraynadakı səfiri Qordon Sondlandla birlikdə Kiyevdə Prezident Zelenski ilə görüşərək D.Trampın Hanter Baydenlə bağlı tələbini ona çatdırıb. Demokratlar isə Volkerlə yanaşı, məsələyə tam aydınlıq gətirmək üçün Rudolf Culiani, dövlət katibi Mayk Pompeo və Dövlət Departamentinin bir sıra əməkdaşlarını dinləmələrə cəlb etmək niyyətindədir. Prezident Tramp isə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiffi dinləmələri təşkil etdiyinə görə dövlət çevrilişində ittiham edib. ABŞ-ın "The Hill” portalının keçirdiyi rəy sorğusunda iştirak edənlərin 47 faizi Prezident Donald Trampın impiçmentinə tərəfdar çıxıb. Sorğu iştirakçılarının 42 faizi D.Trampın impiçmentinə qarşı olduqlarını deyib, qalan 11 faizi də bu barədə qəti rəy bildirməyib. “Project Syndicate” isə qeyd edir ki, Trampa qarşı impiçment cəhdi demokratlar üçün əks-effekt verə bilər. “Demokratlar Prezident Donald Trampa qarşı impiçment prosedurunu başlatmaqla ciddi səhvə yol veriblər. Onlar 1998-ci ildə Klintona qarşı impiçment proseduru başladan respublikaçıların səhvini təkrarlayıblar. Qeyd edilən bu faydasız məşğuliyyət respublikaçıları nüfuzdan salıb, Klinton hakimiyyətini gücləndirib, həmçinin institusional ziyan vurub. Hər iki impiçmentin oxşar cəhəti ondan ibarətdir ki, ABŞ Senatının heç bir halda, Prezidenti günahkar hesab etməyəcəyi əvvəldən bəlli olub. Belə ki, bunun üçün səslərin üçdə iki hissəsinə ehtiyac var. “Bu gün Senatdakı respublikaçılar gizli şəkildə Trampın davranışından narahat ola bilərlər. Amma onlardan heç biri Trampın hakimiyyətdən uzaqlaşdırılmasına səs verməyəcək. Əksini iddia edən heç bir əlamət yoxdur. Tramp Klinton kimi populyar deyil. Buna baxmayaraq, o, respublikaçıların praymerizində dominantlıq edən bazasına loyallığını saxlayır və Klintondan fərqli olaraq, Senatdakı çoxluq tərəfindən dəstəklənir. Tramp Kiyevin görməli yerlərini gəzərkən ukraynalıları Co Baydeni (Joe Biden) həbs etməyə inandıra bilsəydi, bəlkə də, hadisələr başqa şəkildə cərəyan edərdi. Nə qədər xoşagəlməz olsa da, prezidentin davranışı Riçard Niksonun (Richard Nixon) Demokratlar partiyasına qarşı casusluqda iştirak etməsi ilə müqayisə edilə bilməz. Belə ki, prezidentin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən yeganə impiçment proseduru məhz Niksonun impiçmentidir. Həqiqətən, Trampın xarakterindəki çatışmazlıqlar və onun biabırçı davranışı artıq hamıya o qədər yaxşı tanışdır ki, impiçment proseduru, respublikaçılarla müqayisədə demokrat siyasətçilərə daha çox ziyan vuracaq. İttihamçılarını müttəhimə çevirmək Trampın ən böyük ustalığıdır. Bu halda da, eyni vəziyyətin yaşanacağı gözlənilir,”-məqalədə qeyd edilir. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1530