t Trampdan “çoxbaşlı gediş”: Ağ Ev müttəfiqini NATO ilə qorumaq istəyir
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Trampdan “çoxbaşlı gediş”: Ağ Ev müttəfiqini NATO ilə qorumaq istəyir

Trampdan “çoxbaşlı gediş”: Ağ Ev müttəfiqini NATO ilə qorumaq istəyir

ABŞ Prezidenti Donald Tramp NATO-ya yeni ölkələrin üzv olması hesabına təşkilatın adının dəyişdirilməsini təklif edir. 

Ağ Evin rəhbəri Yaxın Şərq ölkələrinin alyansa qəbul olunması hesabına NATOME (Middle East-ing.Yaxın Şərq) yaradılmasını vacib hesab edir. “NATOME necə də gözəl addır”-deyən Tramp NATO-nun qoşunlarının çoxunu Yaxın Şərqdə görmək istədiyini bildirib: “Çünki beynəlxalq problemlər oradadır”. NATO-nun Baş katibi ABŞ Prezidentinin bu təklifinə müsbət cavab verib. Donald Tramp və Yens Stoltenberq Yaxın Şərqdə müharibənin qarşısının alınması, sabitliyin qorunması və beynəlxalq terrorizmlə mübarizədə Şimali Atlantika Alyansının rolunun artırılması barədə razılığa gəlib.

Xatırladaq ki, Prezident Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qolunun komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq Tehran rejiminin ABŞ-ın İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra analoji qeyd edilən təşəbbüslə çıxış edib. Lakin Donald Tramp konkret hansı Yaxın Şərq ölkələrini NATO-nun sıralarında görmək istədiyini deməyib. Yens Stoltenberqin ABŞ Prezidentinin təklifinə müsbət cavab verməsi perspektivdə Yaxın Şərq ölkələrindən ən azı birinin alyansa qəbulu məsələsinə baxılacağını deməyə əsas verir. 

Hazırda NATO-nun Yaxın Şərqə, o cümlədən İran sərhədlərinə çıxışını təmin edən yeganə üzvü Türkiyədir. Donald Tramp ötən il noyabrın 13-də Prezident Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qəbul edərkən də Türkiyənin sözügedən strateji əhəmiyyətini xüsusi vurğulamışdı. Ancaq son illər Ərdoğan hakimiyyəti ilə rəsmi Vaşinqton arasında gərginliyin artması, Yaxın Şərqdəki bir sıra proseslərdə Türkiyənin Rusiya və İranla əməkdaşlığa üstünlük verməsi ABŞ-ı qane etmir. Ona görə də Trampın bəyanatı ABŞ-ın özünə Türkiyədən daha etibarlı müttəfiq axtardığını göstərir. Lakin burada əsas hədəf Türkiyə deyil. Tramp administrasiyasının İran məsələsində NATO-nun dəstəyini almaq cəhdi açıq hiss olunur. Yəni İran ABŞ-ın hərbi bazalarına və ya Yaxın Şərqdəki üzv dövlətinə hər hansı cavab zərbəsi endirəcəyi təqdirdə, qarşısında ən azı 30 dövləti görə bilər. Bu isə miqyasına görə 1990-cı ildə Küveytin işğalına görə beynəlxalq koalisiyanın Səddam Hüseyn rejiminə endirdiyi cavab zərbəsinə bərabər sayıla bilər. 

Prezident Tramp təklifini İranla informasiya müharibəsində taktiki gediş məqsədi də daşıya bilər. Ancaq ABŞ-ın potensialına və strateji əhəmiyyətinə görə NATO-da görmək istədiyi Yaxın Şərq ölkəsi kimi İsrailin adını çəkmək olar. Adıçəkilən regionda ABŞ-ın birinci dərəcəli müttəfiqi sayılan İsrailin hərbi sistemi NATO standartlarına tam cavab verir. Eyni zamanda İranla qarşıdurmanın artdığı bir vaxtda ABŞ üçün İsrailin müdafiəsi prioritet təşkil edir. Son günlər ABŞ-dan qisas alacağını elan edən İran hakimiyyəti yaxın və orta mənzilli raketlərini yalnız ABŞ hərbi bazalarına deyil, həm də başlıca düşməni olan İsrailə qarşı da yönəldə bilər. Çox güman ki, prezident Tramp da İsrailin NATO üzvlüyünə cəlb edilməsinə nail olmaqla öz müttəfiqinin beynəlxalq səviyyədə müdafiəsini təmin etməyə çalışır. ABŞ Prezidentinin mövqeyinə İsrail hökuməti rəsmi münasibətini hələ açıqlamayıb. Ancaq bu hazırkı mərhələdə daha çox İrana xəbərdarlıq mesajı kimi başa düşülə bilər. Donald Tramp bununla Tehran rejiminə İsrailə zərbə endirəcəyi halda, qarşısında, nəinki ABŞ-ı, hətta bütöv NATO-nu görəcəyini çatdırmaq istəyir. NATO-nun gündəliyində isə nə İsrailin, nə də digər Yaxın Şərq ölkəsinin növbədənkənar alyansa üzv olması planı yoxdur. NATO-nun 2016-cı ildə Varşavada keçirilmiş Varşava sammitinin qərarına görə, təşkilata qarşıdakı iki ildə Şimali Makedoniyanın və Gürcüstanın qəbul edilməsi nəzərdə tutulub. Bu baxımdan, bəzi analitiklər Trampın çağırışını NATO-nun qərarın öz maraqlarına uyğun dəyişdirmək cəhdi kimi dəyərləndirib. NATOME terminini ingiliscə “me”-yəni “mənə”, “mənə aid olan” mənasında yozmaqla “NATO mənəm” kimi də təqdim edirlər.

 Yens Stoltenberqin ABŞ prezidenti ilə ilkin razılaşma əldə etməsi İsrailin NATO-ya qəbul olunması üçün müzakirələrin tezliklə gündəmə gələcəyini istisna etmir. İsrail siyasi, iqtisadi və hüquqi sistemin demokratik standartlara uyğunlaşdırılması baxımından, NATO-nun tələblərinə xeyli cavab verir. Lakin İsrail alyansa üzv olmaq üçün müraciət etməyib. Bu halda rəsmi Təl-Əviv xüsusi öhdəliklər götürməli, qanunvericilik, təhlükəsizlik, siyasi və iqtisadi modelini NATO-ya tam uyğunlaşdırmalıdır. Bu prosesin həyata keçirilməsi isə müəyyən vaxt tələb edir. Üstəlik, İsraillə Fələstin arasında münaqişə var. Ərazisində və sərhədlərində münaqişə olan dövlətin NATO-ya qəbul olunması alyansın nizamnaməsinə ziddir. İsrailin mövcud sərhədlər çərçivəsində NATO-ya daxil olması İordan çayının qərb sahilindəki ərazilərin rəsmi Təl-Əvivə aid olduğunu 29 ölkənin tanıması deməkdir. Bu məsələ mübahisəli olduğundan Yaxın Şərqdə ABŞ-la rəqib olan Fransa, Türkiyə kimi üzv ölkələr veto hüququndan istifadə edə bilər. 

Digər tərəfdən, İsrail NATO-ya daxil olarsa, bu, Türkiyənin bölgədəki strateji əhəmiyyətinin kəskin şəkildə azalmasına gətirib çıxaracaq. NATO-nun hərbi bazasının İsraildə yerləşməsi İranı bu ölkəyə qarşı düşmənçilik və təhdid siyasətini yumşaltmağa vadar edə bilər. Bu proses Suriya münaqişəsinə və İraqdakı siyasi vəziyyətə də ciddi təsir göstərəcək. Ümumiyyətlə, İsrailin və ya hər hansı bir Yaxın Şərq ölkəsinin NATO-ya üzv olması bu regiondakı geosiyasi prosesi tamamilə dəyişə bilər. 

NATO-ya qəbul oluna biləcək ölkələr arasında ABŞ-ın hərbi bazalarının yerləşdiyi İordaniya, Səudiyyə Ərəbistanı və Küveytin adları da ehtimal olunur. Lakin həmin dövlətlərin heç biri demokratik göstəricilərinə görə NATO standartlarına cavab vermir. Əks təqdirdə, belə dövlətlərin NATO-ya cəlb olunması üçün alyansın nizamnaməsinə və digər sənədlərinə dəyişiklik edilməlidir. Bu isə real görünmür.   

Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanına ilk rəsmi səfərindən sonra Donald Tramp İrana qarşı “Ərəb NATO”su adlanan hərbi koalisiya yaratmağı təklif etmişdi. Amma ərəb ölkələrinin İranla müharibədə maraqlı olmaması və öz aralarında olan fikir ayrılığı səbəbindən bu təklifi reallaşdırmaq mümkün olmadı. Ona görə də ABŞ prezidentinin NATO-nu Yaxın Şərqə doğru genişləndirmək təklifi sözügedən planın başqa şəkildə təqdimatı kimi başa düşülə bilər. Ancaq ərəb ölkələrinin NATO qarşısında öhdəliklər götürüb insan hüquqları və maliyyə şəffaflığı sahələrində islahatlar aparacağı yaxud, İrana qarşı vahid alyansda birləşəcəyi iddia etmək inandırıcı səslənmir.

Siyasi müşahidəçilərin fikrincə, NATO-nun Yaxın Şərqə daxil olması Suriyada və İraqda yeni münaqişəyə cəlb olunması deməkdir. Yens Stoltenberq terrorizmə qarşı mübarizədə ABŞ-ın mövqeyini dəstəkləsə də, bu hələ təşkilatın “barıt çəlləyi” adlandırlan Yaxın Şərqə daxil olmağa razılıq verməsi anlamına gəlmir. 

NATO-nun Yaxın Şərqə gəlişi daha çox ABŞ-ın maraqlarına cavab verir. Ekspertlər hesab edir ki, bu yalnız İran amili bağlı deyil. Rusiyanın Yaxın Şərqdə mökəmlənməsi və Şimali Afrikanın Aralıq dənizi boyunca mövqelərini gücləndirməsi ABŞ-ı narahat edir. Ona görə də Vaşinqton bu prosesi dayandırmağın yolunu NATO-nu Yaxın Şərqə doğru genişləndirməkdə görür. 2015-ci ildən etibarən Rusiya, İran və Türkiyə Suriyada güclü mövqe qazanıb. İraq isə İranın tam təsir zonasına keçib. İraqda İran və ABŞ arasında gedən geosiyasi qarşıdurma son vaxtlar açıq həbi toqquşma müstəvisinə keçib. PKK-ya qarşı anti-terror əməliyyatları aparan Türkiyə də İraqın şimalında mövqelərini gücləndirə bilib. Ona görə də NATO-nun Yaxın Şərqə daxil olması ilə Suriyanın İraqın parçalana biləcəyi ehtimal edilir. Bu isə bölgədə kürd dövləti yaratmağa çalışan ABŞ-ın planlarının baş tutması deməkdir. Bu da NATO üzvü kimi Türkiyənin maraqlarına ziddir. Üstəlik, NATO ilə İran arasında qarşıdurma Ankara ilə Tehranın münasibətlərinə mənfi təsir göstərəcək. 

Trampın NATOME yaratmaq təklifi Yaxın Şərqin geostrateji münaqişələrin yeni mərhələyə keçməsindən xəbər verir. ABŞ ilk növbədə, İrana qarşı mübarizədən yayınan müttəfiqlərini NATO-nun vasitəsi ilə bu prosesə cəlb etməyə çalışır. Bu, İranın zəiflədilməsi və İsrailin müdafiəsi üçün ən güclü vasitəyə çevrilə bilər. İkincisi, NATO-nun Yaxın Şərqə daxil olması ABŞ-ın bölgədə son illər zəifləmiş mövqelərini yenidən gücləndirmiş olar. 

Üçüncüsü, Suriya münaqişəsində qələbə qazanan Rusiya Aralıq dənizi istiqaməsində NATO-nun cənub şərq cinahı boyunca əks-mövqe qurub. Hazırda Liviyada Milli Razılıq Hökumətini devirməyə çalışan Moskva yalnız böyük neft ehtiyatlarına malik olmaqla kifayətlənməyək fikrində deyil. Rusiya Liviyanın şimalında vaxtilə SSRİ-nin malik olduğu hərbi bazaları bərpa etməklə NATO-nun Avropadakı mövqelərinin mühasirəsini cənuba qədər tamamlamağı planlaşdırır. Rusiyanın bu addımı İran üçün də əlverişli şərait yaradır. Qeyd edilən prosesə mane olmağa çalışan ABŞ-ın Yaxın Şərqə qayıdışı böyük qarşıdurmalarla müşayiət oluna bilər. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 10451