hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Trampdan “İran açılımı”: Görüş nəyi dəyişə bilər?

Trampdan “İran açılımı”: Görüş nəyi dəyişə bilər?

Prezident Donald Tramp Nyu-Yorkda İran Prezidenti Həsən Ruhani ilə görüşmək niyyətindədir. 

Bununla bağlı ABŞ-ın Dövlət katibi Mayk Pompeo öz açıqlamasında bildirib. Prezident Həsən Ruhani isə hələ ki, təkliflə bağlı mövqeyini bildirməyib. Məlumdur ki, ABŞ və İran prezidentləri arasında görüşün keçirilməsi məsələsi artıq xeyli müddətdir ki, gündəmdədir. Bu yaxınlarda İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyinin məsələyə sərt reaksiyası mətbuatda yer aldı. 

Xatırladaq ki, o, Prezident Həsən Ruhaniyə və onun timsalında ölkə rəhbərliyində təmsil olunan digər şəxslərə xəbərdarlıq edərək, Birləşmiş Ştatlar prezidenti ilə görüşlərinə icazə verilmədiyini bəyan edib. Xatırladaq ki, İran danışıqların başlanılmasının ilkin şərti olaraq, sanksiyaların aradan qaldırılmasını tələb edir. 

ABŞ Prezidentinin İran rəhbərliyi ilə görüşlərə cəhd etməsi İranın nüvə proqramını bərpa etməsi ilə bağlı açıqlamasından doğan narahatçılıqla əlaqələndirilir. Bu həm də onunla əsaslandırılır ki, Donald Trampın İran rəhbərliyini görüşə çağırması məhz Atom Enerji üzrə Beynəlxalq Agentliyin rəhbəri Kornelli Frutsenin İrana səfərindən sonra rəsmi Tehranın nüvə proqramını bərpa etdiyini bəyan etməsinin ardınca baş verib. Belə bir görüşün sentyabrın 21-dən 26-dək Nyu-Yorkda BMT Baş Asambleyasının 74-cü sesiyası zamanı keçiriləcəyi də ehtimal olunur. 

ABŞ-İran prezidentlərinin görüşü baş tuta bilərmi? Görüş baş tutarsa, bu münasibətlərin hansı yöndə inkişafına təkan verə bilər?

Politoloq Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ Prezidenti tərəfindən İran rəsmilərinin görüşə dəvət olunması birinci dəfə deyil: 

“İran tərəfi çağırışlara cavab verib ki, sanksiyaların aradan qaldırılacağı təqdirdə bu addım atıla bilər. ABŞ Prezidenti ciddi sanksiyalar tətbiq edilən Şimali Koreyanın lideri ilə də, Rusiya prezidenti ilə də görüşüb. İran liderləri ilə də görüş mümkündür. Sadəcə olaraq, burada bir fərq var ki, Rusiya prezidenti, o cümlədən Şimali Koreyanın lideri ölkənin başçısıdır, amma Həsən Ruhani İranın dövlət başçısı deyil. Yəni, onunla görüş deklerativ ola bilər. Həsən Ruhani söz sahibi deyil, istənilən məsələni təsdiqləmək üçün o, mütləq ölkənin birinci şəxsi sayılan Ayətullah Seyid Əli Xamneyiyə müraciət etməlidir. Başqa sözlə, Donald Trampın vəzifə və reytinq ranqına uyğun olan şəxs Seyid Əli Xamneyidir. Ranqlar arasında fərq olduğundan görüş baş tutsa belə, bu ciddi əhəmiyyət daşımayacaq. Görüşün baş tutması o deməkdir ki, İranın ali dini rəhbəri bununla bağlı Həsən Ruhaniyə icazə verib”.

Görüşün baş tutmasının münasibətlərin yumşalmasına xidmət edəcəyini istisna etməyən politoloqun fikrincə, ABŞ-ın tətbiq etdiyi sanksiyaları qaldıracağı isə inandırıcı deyil: 

“Görüş İran-ABŞ münasibətlərinə köklü şəkildə təsir edə bilməz. Ancaq indiki şəraitdə belə bir görüşün baş tutma ehtimalı var. Çünki ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton istefaya göndərilib. O, İrana qarşı ən kəskin mövqedən çıxış edən ABŞ rəsmisi idi. Mətbuatın yazdığına görə, onun yerinə 10 namizəd var, onlardan biri ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayn Hukdur. Ola bilsin ki, bu kadr dəyişikliyi ABŞ-ın İrana yönəlik siyasətinə də təsir göstərsin. Siyasətdə ağıla gəlməyənlər baş verir, ABŞ-la İran da əbədi düşmən olmayacaq. Nə vaxtsa onların arasında müəyyən anlaşmalar olacaq. Ötən aylarda Nyu-Yorkda olarkən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə də Trampla görüş təklif edilmişdi. Hətta Trampın müşaviri də bununla bağlı Cavad Zəriflə görüşmüşdü. Cavad Zərif isə görüşdən imtina edərək, məsələnin təkcə onluq olmadığını və bunun nəticəsində ABŞ-ın İrana mövqeyində hər hansı dəyişikliyin olmayacağını bildirmişdi. İndi də bu görüş baş tuta bilər, amma necə ki, Putinlə dəfələrlə görüşünə, telefon danışıqlarına baxmayaraq, ABŞ-ın Rusiyaya münasibəti dəyişməyib, İrana da dəyişməyəcək. Sadəcə, görüşüb, hansısa məsələləri müzakirə edəcəklər, gündəliyə yeni məsələlər gətirilə bilər. Bu, Donald Trampın qarşıdan gələn prezident seşkilərində öz namizədliyini vermək iddiası ilə bağlı ola bilər. Yəni seçkiqabağı kampaniyanın tərkib hissəsi kimi, İran məsələsini yenidən gündəmə gətirməklə vəziyyəti öz xeyrinə dəyişmək cəhdi ilə bağlı ola bilər”.

ABŞ-ın dialoq çağırışının İranın nüvə proqramının bərpası ilə bağlı açıqlamardan doğan narahatçılıq kimi qiymətləndirilməsinə gəlincə, Sədrəddin Soltan bu yaxınlarda Atom Enerji üzrə Beynəlxalq Agentliyin rəhbərliyinin İranda səfərdə olduğunu xatırlatdı: 

“Bəyan olundu ki, İran sentrafuqları bərpa edib. ABŞ bunu dayandırmaq üçn İrana sanksiyaları kəskinləşdirməlidir. Bunun üçün isə İranın Avropada olan mütəfiqlərinə, Rusiyaya, Çinə təzyiqləri artırmalıdır. Bu baş vermirsə, diplomatik danışıqlara əl atılmalıdır. ABŞ-ın əsas hədəfi də budur, İranın nüvə proqramı ilə məşğul olan hərbi obyektlərinin açılmasını tələb edir. İran tərəfi isə bunun qanunlara zidd olduğunu və dövlətin təhlükəsizliyini təhdid etdiyini bildirir. Bu problemin çözülməsi üçün qarşılıqlı etimadın yaranması vacibdir”.

Prezidentlərin görüşünün sentyabrın 21-dən 26-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Asambleyasının 74-cü sesiyasında baş tutma ehtimalına gəlincə, politoloqun mövqeyinə görə, burada ABŞ Prezidenti ev sahibi statusunda olacaq: 

“Ayaqüstü “salam-sağ ol” edilə bilər ki, bu da sadəcə, diplomatik jest anlamına gəlir, İranın atom proqramının müzakirəsi isə çox böyük məsələdir. Burada İranın terrorçuluğu dəstəkləməsi, başqa islam ölkələrinin işlərinə müdaxilə etməsi, Xomeyninin İran İslam doktrinasının yayılması məsələləri də var. Digər tərəfdən isə Baş Asambleyanın sesiyasının keçirilməsinə az qaldığını nəzərə alsaq, bü mümkün görünmür”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1057