hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Trampdan münaqişələri alovlandıracaq qərar: Qarabağ üçün təhlükəli presedent 

Trampdan münaqişələri alovlandıracaq qərar: Qarabağ üçün təhlükəli presedent 

ABŞ prezidenti Donald Tramp, Colan təpələrini rəsmi olaraq İsrail torpağı olaraq tanınmasına dair sənədi imzalayıb.

Tramp açıqlamasında, "İsrailin özünü müdafiə etməyə haqqı var" ifadələrini istifadə edib. İmzalanma mərasimində iştirak edən İsrailin baş naziri Benyamin Netanyahu isə, "Həmasın hücumlarına qarşı xalqımızı müdafiə etməyə davam edəcəyik", deyib. Netanyahu Amerika liderinə minnətdarlığını bildirərək deyib: "İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb". O, həmçinin, sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.

Trampın bu qərarı dünya ölkələrində kəskin narahatlıqla qarşılanıb. Belə ki, Colan yüksəklikləri üzərində İsrailin suverenliyinin tanınması beynəlxalq aləmdə presedent yarada bilər. İşğalçı ölkələr zəbt etdikləri əraziləri güc yolu ilə öz ərazisinə qatmaq üçün prezident Trampın Colan təpəlikləri ilə bağlı qərarını əsas gətirə bilər. Yəni ABŞ prezidentinin qərarı beynəlxalq hüququn pozulması üçün presedentə çevrilə bilər. Rusiyanın Krımı, Donbası, Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqlarını öz ərazisi elan etməsi üçün Colan təpələri ilə bağlı qərardan nümunə kimi faydalanacağı istisna edilmir. Siyasi ekspertlərin fikrincə, Donald Trampın bu qərarı həm Yaxın Şərqdə, həm də siyasi münaqişələrin mövcud olduğu bölgələrdə gərginliyi artıracaq.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, ABŞ Colan təpələrinin işğalından əlli ildən artıq vaxt ötməsindən istifadə edərək həmin yüksəklikləri İsrail ərazisi kimi tanıyır. Lakin Tramp administrasiyasının bu addımı təhlükəli presedent yarada bilər:

“Uzun illər sonra başqa bir dövlət Rusiyanın Krım üzərində suverenliyini tanıya, yaxud Dağlıq Qarabağın və digər işğal olunmuş rayonlarımız Ermənistan ərazisi kimi tanına bilər. O halda belə bir sual yaranır. Nə üçün Şimali Kipr Türk Cümhuriyyəti üzərində Tükiyənin suverenliyi tanınmırə ABŞ prezidentinin qərarı qarışıq vəziyyətə gətirib çıxaracaq bir addımdır. Çünki hımin qərar doğru deyil və beynəlxalq hüquq normalarına ziddir. İsrailin Suriya və Livanla sərhəddində yerləşən Colan təpələri 1967-ci ildə baş vermiş altı günlük müharibə zamanı işğal olunub. 1981-ci ildə İsrail Colan təpələrini öz ərazisinə qatdığını elan edib. Amma dünyanın heç bir ölkəsi bu qərarı tanımayıb. Beynəlxalq hüququn subyekti olan dövlətlər Colan yüksəkliklərini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi kimi qəbul edir. 2019-cu il martın 25-də ABŞ prezidenti Colan təpələrini İsrailin ərazisi kimi tanımaqla beynəlxalq hüququn əsas normalarına zidd hərəkət etdi”.

Vüqar Zifəroğlu qeyd etdi ki, Trampın sözügedən davranışı Yaxın Şərqdəki hərbi və siyasi qarşıdurmanı artıra bilər:

“Yaxın Şərqin uzun müddətdir partlamamış minalarından biri Colan təpələridir. Bu, kifayət qədər ciddi məsələdir. Colan təpələri yalnız Suriya ilə deyil, bütövlükdə ərəb ölkələri ilə bağlı problem kimi xarakterizə olunur. Trampın qərarı İsrailin ərəb ölkələri ilə münasibətlərini kəskinləşdirəcək. Həm Qüdsün İsrailin paytaxtı kimi tanınması, həm də Colan təpələri ilə bağlı qərar İsrailin Yaxın Şərqdəki mövqelərini gücləndirməyə hesablanıb. Ancaq Yaxın Şərqin özündə bunun müsbət nəticə doğuracağına şübhə yaranır. Son zamanlar İrana münasibətdə İsraillə yaxınlaşan ərəb ölkələri bu qərardan sonra qarşı-qarşıya gələ bilər. Colan təpələrinin strateji əhəmiyyəti həmin ərazinin içməli su ehtiyatları ilə zəngin olmasındadır. Bu mənada, həmin əraziyə nəzarət etmək çox qiymətlidir. Suriyanın Colan təpələrindən asanlıqla imtina edəcəyini düşünmürəm”.

Qeyd edək ki, Donald Trampın Colan təpələrinə dair qərarı həm də ABŞ daxili ictimaiyyətinə hesablanmış addım kimi də dəyərləndirilir. Yəni son vaxtlar qalmaqallı məhkəmə açıqlamalarından sonra prezident Trampın reytinqi aşağı düşüb. Ona görə də 2020-ci ildə keçiriləcək prezident seçkilərində Tramp ABŞ-ın yəhudi diasporasının və lobbisinin dəstəyini almaq üçün olan təpələrini Qüdsün ərazisi kimi tanınmağa qərar verib.

Lakin Vüqar Zifəroğlu hesab edir ki, Trampın bu fərmanının onun ABŞ cəmiyyətində siyasi reytinqini artıracağını söyləmək çətindir:

“Yaxın Şərqlə bağlı qəbul olunan son qərarlar ABŞ-ın öz daxilində də kifayət qədər müzakirə predmetidir. Ağ Evin xarici siyasətində xeyli ziddiyyətli məqamlar var.

Bir tərəfdən, Suriyadan çəkildiyini elan etsə də digər tərəfdən, Colan təpələri ilə bağlı qərar verməklə çox ciddi, yeni bir münaqişənin əsasını qoyur. Bunu uzun illər davam edəcək bir münaqişənin ssenarisidir. Amma bu qərarın ABŞ-ın daxili ictimai rəyinə ciddi təsir göstərəcəyi inandırıcı görünmür. Ümumiyyətlə, Trampın prezidentliyi dövründə ABŞ-ın xarici siyasəti ölkə daxilində ciddi tənqid obyektinə çevrilib. Bu mənada, Colan təpələri ilə bağlı qərarın seçkilərdə Trampa siyasi divident gətirəcəyini söyləmək çətindir”.

Müşfiq Abdulla
Cebbhe.info


Oxunma sayı: 10016