hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Trampı qorxuya salan hesabat: Konqreslə Ağ Ev arasında qarşıdurma dərinləşir

Trampı qorxuya salan hesabat: Konqreslə Ağ Ev arasında qarşıdurma dərinləşir

2016-cı ildə Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller ABŞ Konqresi tərəfindən ifadə verməyə çağırılıb.

Donald Tramp isə buna qarşı çıxıb. O, özünün “Tvitter” hesabında yazıb ki, xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat haqda Konqresdə ifadə verməməlidir.

“Konqresdəki demokratlar Müllerin hesabatını “yenidən düzəltmək” istəyirlər.Xüsusi prokurorun təhqiqatı ilə bağlı açıqlanmış hesabatda prezidentin təhqiqata müdaxiləsinin ədalətin qarşısını almaq cəhdi olub-olmadığı haqda nəticə çıxarılmayıb”deyə, D.Tramp yazıb. Qeyd edək ki, xüsusi prokuror Müllerin hesabatında Rusiyanın Trampın 2016-cı il prezident seçkilərində qələbəsinə kömək üçün səyləri sənədləşdirilib. Lakin hesabatda Trampın və onun kampaniyasının Moskva ilə cinayət əlaqəsində olmadığı haqda nəticə çıxarılıb.

Trampın Müllerin Konqresdə ifadə verməsinə qarşı çıxması isə birmənalı qarşılanmayıb.Siyasi şərhçilər bunu Trampın nədənsə çəkinməsi ilə izah edirlər.Maraqlı, ABŞ prezidenti nədən qorxur?

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə şərhində bu məsələdə çox incə bir məqamın olduğunu deyib. F.Sadıqov hesab edir ki, Konqreslə Ağ Ev arasında qarşıdurma davam edəcək: 

“Hesabatın tam olaraq Trampın əleyhinə olmadığını demək olmaz. Çünki Rusiyanın seçkiyə müdaxiləsi orada sübut olunub.Sadəcə olaraq, Rusiyanın müdaxiləsi nəticəsində Trampın seçilməsi sübut olunmayıb.Burada çox incə bir məqam var. Təbii ki, Konqresin əsas məqsədi Müllerə təzyiq göstərərək etiraf etmək məcburiyyəti qarşısında qoymaqdır. Tramp bu çeynənmiş bir məsələnin gündəmə qoyulmasından narahatdır. Bu, onu qıcıqlandıran məqamdır.Çünki artıq 2 ildir ki, bu məsələ cəmiyyətdə asılmış vəziyyətdə qalıb.Bir sıra siyasi qüvvələr, cəmiyyətin bəzi təbəqələri Trampa qarşı açıq çıxış edir.Düşünürəm ki, bu, Trampı seçilmiş bir dövlət başçısı, reytinqi olan şəxs kimi qıcıqlandırır.Digər tərəfdən Trampı qıcıqlandıran odur ki, onun yaxın adamlarını işdən çıxarırlar, həbs edirlər.Onun keçmiş köməkçisi artıq həbsdədir.Düşünürəm ki, bu qarşıdurma hələ davam edəcək.Şübhə etmirəm ki, belə bir siyasi qarşıdurma Konqreslə Ağ Ev arasında Trampın prezidentliyi dönəminin sonuna qədər davam edəcək”.

Trampın ikinci dönəm prezident seçilmək şanslarında da toxunan Fikrət Sadıqov bildirib ki, Trampın növbəti seçkilərdə qalib gəlib-gəlməyəcəyini proqnozlaşdırmaq çox çətin məsələdir: 

“ABŞ-da seçilən hər bir prezident daxildə və xaricdə baş verən hadisələrdən asılı şəxsə çevrilir. Əgər Trampın  qalan 2 il ərzində beynəlxalq səhnədə, daxildə müəyyən uğurları olsa və üzə çıxan problemləri tez bir zamanda həll etməyə çalışsa, onun şansı çoxalır. Təbii ki, Tramp yenə də prezident seçilə bilər. Tramp nə qədər rəqibləri tərəfindən tənqid olunsa da, digər geniş dairələr tərəfindən dəstəklənir. Hazırda ABŞ cəmiyyətində çox paradoksal vəziyyət yaranıb.Düşünmürəm ki, indi seçkilər baş tutsa, Tramp uduzar.Çünki Trampın verdiyi bir sıra vədlərə artıq əməl olunur.İran, Meksikada divarın tikintisi, Yaxın Şərqdə baş verən hadisələrlə, İsrailin dəstəklənməsi və bir sıra digər məsələlərdə Trampın verdiyi vədlər həyata keçirilir.Əgər hadisələr onun xeyrinə işləsə, Tramp yenidən prezident seçilə bilər”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 672