hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Tural Abbaslı Operativ Qərargahı səhlənkarlıqda günahlandırdı: “Parkda tək gedirəmsə, niyə maska taxmalıyam?”

Tural Abbaslı Operativ Qərargahı səhlənkarlıqda günahlandırdı: “Parkda tək gedirəmsə, niyə maska taxmalıyam?”

Qarşıdan yay fəsli gəlir. Havalar getdikcə isinir, temperatur yüksəlir.

Yanvar, fevral və mart aylarında hava şəraiti ilə əlaqədar insanlar daha çox evdə oturur, işdən evə gedir, nadir hallarda gəzməyə çıxırdılarsa, yayda vəziyyət fərqli olur. Bu isə isti havada maska ilə nəfəs almaqda problemlər yaradacaq.

Əgər insanların koronavirusa yoluxub, qurbana çevrilmə riski varsa, indi həm də oksigen çatışmazlığı ilə üzləşəcəklər. Azərbaycanda hələ də açıq havada maska taxmaq məcburidir.

Qeyd edək ki, hətta bir müddət əvvəl vətəndaşlar açıq havada maska taxmaq qərarının ləğvi üçün sosial şəbəkələrdə aksiyaya başlatmışdılar #nəfəsalaq həştəqi ilə həyata keçirilən sosial aksiyada insanlar açıq havada (parklarda, küçələrdə və.s) tibbi maskadan istifadənin məcburi olması haqda qadağanın ləğv edilməsini tələb etmişdilər.

Ancaq bu məsələyə Operativ Qərargah tərəfindən ciddi reaksiya verilmədi. Problem isə aktuallığını qoruyur.

Cebhe.info-ya açıqlamasında AĞ Partiyanın lideri Tural Abbaslı bildirib ki, Operativ Qərargah açıq havada maska ilə bağlı yeni qərar verməlidir.

“Artıq yay gəlir və bu, əsasən Bakıda daha qlobal problemə çevrilib. Regionlarda bu məsələ o qədər yoxdur. Bakıda yaşıllıqlar azdır, şəhərdə yay həddindən artıq isti keçir. Belə vəziyyətdə hələ üstəlik maska ilə ağzını bağlamaq düşünürəm ki, sağlamlıq baxımından insanlara ziyandır. Açıq havada maska taxmaq məcburiyyəti ləğv olunmalıdır”.

Tural Abbaslı qeyd edib ki, avtobusda, qapalı məkanlar və ya kütləviliyin olduğu yerlərdə maska taxmaq olar:

“Məsələn, avtobus dayanacaqlarında, avtobusun içində və yaxud hansısa tədbirlərdə maska taxmaq olar. Amma açıq havada, açıq məkanda maska taxmaq artıq uuğun deyil və sağlamlığa ziyan vuracaq. Düşünürəm ki, bu məsələ indiyə qədər həll olunmalı idi. Vaksinasiya prosesi həddindən artıq ləng gedir. Bir çox ölkələrdə əhalinin böyük əksəriyyəti artıq vaksinasiya olunub, kollektiv immunitet yaranıb. Ona görə də nəinki ictimai yerlərdə, digər yerlərdə də maska taxmaq məcburiyyəti aradan qalxıb. Bu proses paralel aparılmalı, vaksinasiya sürətləndirilməli, vaksinasiya ilə bağlı maarifləndirmə işləri aparılmalıdır”.

Tural Abbaslının sözlərinə görə, insanlar vaksinin təhkükəsizliyinə inandırılmalı və təbliğat aparılmalıdır:

“Bununla paralel də qadağalar yavaş- yavaş aradan qaldırılmalıdır. Türkiyəni nümunə gətirə bilərlər ki, orda daha sərt karantin oldu. Biz də buna ayrı nümunə gətirə bilərik. Məsələn, İsraildə artıq demək olar ki, karantin şərtləri belə aradan qaldırılıb. Çünki əhalinin yarıdan çoxu vaksinasiya olunub. Yəni hər dövlət öz daxilində bu məsələdə individual yanaşmalıdır. Azərbaycan bu məsələdə Türkiyə, Rusiya və digər dövlətlərdən nümunə kimi istifadə edir. Amma bu yalnışdır. Bizim mütəxəssislər cəmiyyətdəki vəziyyəti analiz etməli, hazırki epidemioloji vəziyyətə qiymət verməli və bu vəziyyətə uyğun yenidən qərarlar qəbul olunmalıdır.

Tutaq ki, gecə saat ikidə parkda gedirəm və məndən başqa heç kim yoxdur. Maska taxmaq lazımdırmı və ya iki doza vaksin vurulmuş insan maska taxmalıdır? Bu məsələlərə də aydınlıq gətirilməlidir”.

Partiya sədri bildirir ki, Operativ Qərargah bu məsələlərə səhlənkar yanaşır:

“Qərargah ümumi söz və ifadələrdən istifadə edir. Sonra isə bu ifadələr cəmiyyətdə narazılığın yaranmasına əsas verir. Çünki polis qaydanı bir cür tətbiq edir, əhali isə başqa cür. Ona görə qaydalar aydın, açıq nüanslar nəzərə alınaraq müəyyən olunmalıdır”.

Ülviyyə
Cebhe.info


Oxunma sayı: 3213