hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türk əsgəri Qarabağda nələri dəyişəcək? - “Ankara artıq 4-cü cəbhədə üstünlük qazanır”

Türk əsgəri Qarabağda nələri dəyişəcək? - “Ankara artıq 4-cü cəbhədə üstünlük qazanır”

Türkiyə silahlı qüvvələrinin Qarabağa göndərilməsinə dair Prezident Rəcəb Tayyib Ərdoğanın parlamentə təqdim etdiyi qanun layihəsi qəbul olunub.

Sənəd Türkiyə Böyük Millət Məclisinin İdarə Heyəti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Bundan sonra Türkiyənin Azərbaycandakı hərbi missiyasının statusu müəyyənləşəcək. Qeyd edək ki, noyabrın 10-da Azərbaycanın, Rusiyaın prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanata əsasən atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya birgə monitorinq mərkəzi yaradılacaq. Rusiyanın münaqişə bölgəsinə yerləşdirilmiş sülhməramlı kontingentinin 1960 nəfər təşkil etdiyi bildirilsə də Türkiyə hərbçilərinin sayı barədə məlumat hələ açıqlanmayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə hərbi kontingentinin Rusiya sülhməramlıları ilə eyni statusa malıik olacağını deyib.

Lakin bu məsələ ilə bağlı Ankara və Moskva arasında danışıqların uzanması, həmçinin Rusiyanın Türkiyə hərbçilərinin hətta Birgə Monitorinq Mərkəzinin tərkibində belə, Qarabağa gəlməsinə etiraz etməsi tərəflər arasında ciddi fikir ayrılığının qaldığını göstərir. Buna baxmayaraq, Türkiyə bölgədə bu və ya digər şəkildə hərbi iştirakını təmin etməkdə israrlı görünür.

Ekspertlərin fikrincə, bölgədə slühməramlı missiyanı Rusiya həyata keçirməkdə davam etdirəcək. Lakin siyasi və hərbi balansı Azərbaycanın maraqlarına uyğun şəkildə saxlamaq üçün Türkiyə silahlı qüvvələrinin də Azərbaycanda yerləşdirilməsinə ehtiyac var. Belə ki, Türkiyə ikitərəfli müqavilə əsasında öz hərbi bazalarını Azərbaycan ərazisinə dislokasiya edə bilər. Bu isə yalnız hərbi deyil, həm də geosiyasi baxımdan, mühüm hadisə hesab edilir.

Belə ki, son yüz ildə Cənubi Qafqazda hərbi iştirak imkanına yalnız Rusiya malik olub. Ancaq Türkiyə silahlı qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bölgədə qüvvələr nisbəti dəyişmiş olacaq. Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, bu, adıçəkilən alyansın Cənubi Qafqazda Rusiyaya qarşı alternativ gücə çevrilməsi üçün siyasi və hərbi baza rolunu oynaya bilər. Ona görə də Rusiya Türkiyənin Azərbaycanda hərbi fəallığının artmasında maraqlı görünmür.

Politoloq Fərrux Məmmədov Cebhe.info-ya açıqlamasında bildirdi ki, Türkiyə silahlı qüvvələrinin beynəlxalq hüququa uyğun olaraq Azərbaycana daxil olması Cənubi Qafqazda güclər balansını dəyişəcək.

Ekspertin fikrincə, bu prosesi yeni siyasi eranın başlanğıcı da adlandırmaqmaq olar:

“Azərbaycan Xalq Cümhuriyyətini 1920-ci ildə işğalından sonra Türk ordusu ilk dəfə Cənubi Qadfqaza gəlir. Bu proses Rusiya, İran və Fransanın maraqlarına cavab vermir. Çünki həmin dövlətlər bilir ki, həmin qərar yalnız qüvvələr nisbətini dəyişməyəcək. Eyni zamanda, müsəlman və Türk amilinin türk adı altında birləşməsinə gətirb çıxaracaq. Çünki Türkiyə islam dünyasının lokomatividir. Türkiyənin siyasi avtoritarizmi beynəlxalq siyasi münasibətlərdə yeni güclər balansını formalaşdırmaq, geosiyasi vəziyyətlərə təsir göstərmək imkanı verir. Hazırda Türkiyə Rusiya və Fransa qarşısında üçüncü cəbhədə üstünlüyü qazanır. Birinci cəbhə Liviyadadır ki, bu savaş artıq Türkiyənin xeyrinə bitir. İkincisi, Suriyada olan vəziyyətidir ki, bunu bərabərlik kimi qiymətləndirmək olar. Üçüncünü isə Aralıq dənizində Fransanın geri çəkilməsi ilə müşahidə olunan ziddiyyətdir. Qarabağı isə dördüncü cəbhə hesab edə bilərik”.

Ekspertin fikrincə, lakin 2021-ci ildə Aralıq dənizində Türkiyə ilə Avropa ölkələri arasındakı qarşıdurmanın daha dərin mərhələyə daxil olacağı gözlənilir:

“Makronun Fransada prezidentlik müddəti başa çatana qədər bu çəkişmə davam edəcək. Ona görə də Cənubi Qafqazda vəziyyət kökündən dəyişəcək. Rusiya və İran Türkiyənin bu bölgədən sıxışdırılmasına çalışacaq. Ermənistanın imzaladığı kapitulyasiya sənədinə Türkiyənin daxil edilməməsi də bununla bağlıdır. Lakin Türkiyə silahlı qüvvələrinin Azərbaycana gəlməsi böyük prosesdir. Bu prosedə qazanan sadəcə, Türkiyədir. Rusiyanın siyasəti Putinin şəxsiyyəti üzərində qurulub. Putindən sonrakı dövrə hesablanmış addımlar atan Prezident Ərdoğan Türkiyənin beynəlxalq gücünü artırmış oldu. Digər bir məqam Türkiyənin NATO üzvü olması ilə bağlıdır. Türkiyənin Cənubi Qafqaza, xüsusilə Qarabağa hərbi qüvvə göndərməsi NATO-nun da maraqları çərçivəsindədir. NATO daxilində ciddi fikir ayrılığı yaşandığı hazırkı dövrdə, ABŞ-ın maraqlarına cavab verir. Biz bunun nəticələrini 2021-ci ildə ərazilərin işğaldan azad olunmasından sonra başlayacaq diplomatik prosesdə görəcəyik. Rusiya aqressiv mövqe nümayiş etdirəcək. Rusiya danışıqlar masasında çox sərt tələblər irəli sürəcək. Ona görə də Azərbaycan danışıqlar masasına Türkiyə ilə bərabər ciddi hazırlaşmalıdır. Türkiyənin regionda olması lazımdır. Bu, Cənubi Qafqazın geostrateji əhəmiyyətini, siyasi və iqtisadi nüfuzunu həm dəyişəcək, həm də daha təhlükəsiz bir formata gətirəcək. 2021-ci ildə Cənubi Qafqazda gözlənlən siyasi proseslər yeni bir rəqabət cəbhəsi açacaq. Həmin cəbhədə düşmənləri, müttəfiqləri, təxribatçıları da görmək mümkün olacaq”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edib. O, Türkiyə rəhbərliyi ilə Qarabağ məsələsini müzakirə etmək istəsə də, Prezident Ərdoğan onu qəbul etməyib. Buna səbəb M.Pompeonun münaqişənin ATƏT-in Minsk Qrupu formatında həllini təklif etməsi və Türkiyənin bu prosesdə yer almasını “qəbuledilməz” adlandırması olub. Fərrux Məmmədov hesab edir ki, ABŞ Türkiyənin geostrateji əhəmiyyətini nəzərə alaraq, müttəfiqliyi davam etdirməyə çalışacaq. 2023-cü ildə Türkiyənin Lozanna müqaviləsi üzrə götürdüyü bir sıra öhdəliklərin müddəti başa çatdığına görə Türkiyə regionda daha da güclənəcək:

“Pompeonun səfəri Dağlıq Qarabağ faktoru, Aralıq dənizində baş verən proseslər, Yunanıstanla münasibətlər, Ankaranın Liviya və İraqdakı fəaliyyətinin müzakirəsi məqsədi daşıyır. Tramp administrasiyası öz dönəmini başa çatdırmaq üzrədir. Bu səbəbdən, Popeonun səfəri Türkiyənin xarici siyasətində ciddi dəyişikliyə gətirib çıxartmayacaq. Türkiyənin hərbi qüvvələrinin Azərbaycanda yerləşdirilməsi, Qarabağda Azərbaycanın apardığı hərbi əməliyyatlara ABŞ-ın müşahidəçi qalması göstərir ki, bu siyasət NATO-nun strategiyası çərçivəsindədir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 10638

Bizim Telegram səhifəmizi izləyin