hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyə Qafqaza qayıdır: “Ordu Azərbaycanda qalacaq”

Türkiyə Qafqaza qayıdır: “Ordu Azərbaycanda qalacaq”

Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra bir sıra dövlətlərin Azərbaycan haqlı mövqeyini dəstəklədi.

Qardaş Türkiyə Azərbaycana hərtərəfli dəstək verəcəyini bəyan etdi. Tovuzdakı təxribat qardaş Türkiyənin də maraqlarını zərbə altında qoydu.

“Lazım gələrsə, Azərbaycana 1918-ci ildə edilən yardımı da etməyə hazırıq”- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə dedi. Bundan sonra isə Rusiya ilə Ermənistan hərbçilərinin Yerevanda birgə hərbi təlimi başladıldı. Təlimdə isə erməni hərbçilərinə öyrədilənlər Azərbaycan PUA-larını necə neytrallaşdırmaqla bağlı oldu.

Ermənilərin Tovuz istiqamətindəki təxribatları onu göstərdi ki, yalnız Dağlıq Qarabağ ərazisindəki sərhəd bölgələri deyil, digər ərazilər, o cümlədən Naxçıvan Muxtar Respublikası da təhlükə altındadır. 1921-ci il oktyabrın 13-də bağlanmış Qars müqaviləsinə görə, Naxçıvana təhlükə yaranarsa, Türkiyənin hərbi müdaxilə etmək hüququ var.

Bu gündən etibarən isə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayəb və avqustun 10-a qədər davam edəcək.

Hərbi təlim üçün Naxçıvana gəlmiş türk hərbçiləri mövcud vəziyyəti nəzərə alaraq Azərbaycanda saxlanıla bilərmi?

“Türkiyə ordusu Azərbaycanda qalacaq”

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycana gəlmiş Türkiyə ordusu mütləq burada qalacaq:

“Ermənilərin Tovuz istiqamətində hücumu, onları buna vadar edənlər və köməklik göstərən beynəlxalq güclər məlumdur. Demək olar ki, hadisələrin anatomiyası tamamilə açılıb. Ona görə də düşünürəm ki, Türkiyə ordusu mütləq Azərbaycanda qalacaq. Bu təxribatın bir ucu Azərbaycana qarşı çevrilibsə, digər tərəfi Türkiyəyə tuşlanıb. Eyni zamanda başda Türkiyə olmaqla Azərbaycanın bir sıra dövlətlərlə reallaşdırdığı beynəlxalq iqtisadi layihələrə- Bakı-Tbilisi-Ceyhana, Bakı-Tbilisi-Qars dımir yoluna, TANAP qaz kəməri layihəsinə və xırda da olsa Bakı- Tbilisi-Supsa neft kəmərinə qarşı yönəlib. Bu məsələdə də kimlərin rəqabət apardığı ortadadır. Problemin rejissorunun Rusiya olduğunu da qeyd etmək lazımdır. Onun Cənub dairəsi hərbi qoşunlarının gözlənilmədən hərbi təlimlərə başlaması da çox şeydən xəbər verir. Rusiya yenə də beynəlxalq gərginliyi yaradan tərəflər biri olmağa hazırlaşır. Buna əsasən Türkiyə öz strateji maraqlarını yaxşı anlayır. Üstəlik Türkiyə qardaş ölkədir və Azərbaqycan üçün ehtimal edilən təhlükələri də yaxşı başa düşür. Bu cəhətdən o, heç bir diplomatik gediş etmədən ehtimal edilən təhlükələrlə bağlı mövqeyini açıqlayır. Bu açıqlamalar Prezident, Müdafiə naziri və Baş Qərargah rəisi səviyyəsindədir. Yəni tamamilə hər şeyin açığa çıxarıldığı bir vəziyyət hökm sürür. Belə vəziyyətdə də Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sazişlər yenidən işlənilir və onlar hərbi müttəfiqlik səviyyəsinə qaldırılır. Bu sazişin təsdiq olunması, imzalanması, parlament tərəfindən ratifikasiya olunması məsələləri var ki, onlar da çox sürətlə həyata keçiriləcək. Bununla da Türkiyə artıq regionda əsrin əvvəllərindən öz üzərinə götürdüyü qoruma missiyasını yerinə yetirəcək. Çünki bu regionda olan türkdilli dövlətlər, etnik, din və dil baxımından da birdirlər. Əminəm ki, bu missiya bölgədə qüvvələr balansının yaradılmasına və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Eyni zamanda, bu missiya təxribatçı dövlətə və onu idarə edənlərə qarşı münasibətlərin formalaşmasında böyük rol oynayacaq. Bu, tarixi bir hadisədir. Yəni regionda tarixi bir prosesin yazılmasına başlanılır. Buna görə də Türkiyə-Azərbaycan qardaşlığına uğurlar diləyirik”.

“Naxçıvanda hərbi baza yaradılacaq”

Politoloq əlavə edib ki, böyük ehtimalla Türkiyənin Naxçıvanda hərbi bazası yaradılacaq:

“Dünənədək Türkiyənin Naxçıvanda hərbi bazasının yaradılmalı olduğunu düşünürdüm. Rusiyanın da Gümrüdə sayı 10 min nəfərə çatan quru və tank qoşunları bazası var. Üstəlik Yerəvanın yaxınlığındakı Erebuni şəhərində Rusyanın hərbi hava qüvvələri bazası var. Hesab edirəm ki, böyük ehtimalla Türkiyənin də Naxçıvanda hərbi bazası yaradılacaq. Bu baza daha effekli qüvvələrlə təchiz olunacaq. Eyni zamanda Abşeron başda olmaqla, Gəncədə, Kürdəmirdə, Yevlaxda da Türkiyənin hərbi hava bazası yaradıla bilər. Hadisələr inkişaf edərsə, bunların yaradılması gözlənilir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 30603

Bizim Telegram səhifəmizi izləyin