hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Türkiyə hərbi bazaları Azərbaycanda? - Məsələ yenidən gündəmdə

Türkiyə hərbi bazaları Azərbaycanda? - Məsələ yenidən gündəmdə

Türkiyənin Azərbaycan ərazisində hərbi bazalara yerləşdirməsinin vacibliyi məsələsi yenidən gündəmə gəlib.

Bunun başlıca səbəbi Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın həyata keçirdiyi “Əks-həmlə” əməliyyatına rəsmi Ankaranın siyasi dəstək verməsidir. İkincisi, Ermənistanla Rusiya arasında ikitərəfli hərbi yardım haqqında müqavilə var. Müharibənin miqyasının böyüyəcəyi təqdirdə, Rusiyanın prosesə hərbi müdaxilə etmək təhlükəsi yarana bilər.

Eyni zamanda, Rusiya ilə Ermənistan arasında 2015-ci ildə imzalanmış Dövlət Sərhədlərinin Birgə Mühafizəsinə dair Müqaviləyə görə, müharibə şəraitində Ermənistana hərbi müdaxilə olarsa, dövlət sərhədlərinin mühafizəsi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin nəzarətinə keçir. Ona görə də Ermənistan dövlət sərhədlərində təxribatlar törətməklə Rusiyanı münaqişəyə cəlb etməyə çalışır.

Bu səbəbdən analitiklər hesab edir ki, Türkiyənin alternativ güc mərkəzi kimi Azərbaycanın müdafiəsini təmin edə bilər. Cənubi Qafqazda yaranmış geosiyasi durum Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yerləşdirməsinə ehtiyac var. Mövcud qanunvericilik buna imkan verməsə də zərurət yaranacağı təqdirdə Azərbaycan bunu legitimləşdirən addımlar ata bilər. Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində bu barədə müzakirələrin aparılmadığını deyib. Ancaq dövlət başçısı belə bir məsələnin müzakirə olunacağını da istisna etməyib.

“Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazamız var. Yəni, bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir, o cümlədən bu müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqqında hər hansı bir müzakirə olmamışdır”.

“Bu haqda bu günə qədər bizim ikitərəfli münasibətlərdə məsələlər müzakirə olunmayıb”-deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı deyib ki, hazırda Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı birgə təlimlər keçirməkdən ibarətdir:

“Təkcə keçən il 10 birgə hərbi təlim keçirilib. Bu il koronavirusa görə bir az ara verildi və yalnız iki dəfə təlim keçirilib. Ancaq bu hərbi təlimlər də bizim bölgəmizdə böyük əndişə yaratdı. Hesab edirəm ki, bu əndişənin heç bir səbəbi, əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi - bu mənanı daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günə qədər beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan əməkdaşlığı o qədər güclüdür, o qədər geniş şaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir”.

Siyasi ekspertlər bildirir ki, siyasi şəraitdən asılı olaraq Türkiyə və Azərbaycan arasında hərbi bazaların yerləşdirilməsinə dair sazişin imzalanması mümkündür.

Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, qanunvericiliyə görə Azərbaycan ərazisi xarici dövlətin hərbi obyekti ola bilməz. Türkiyə hərbi bazalarının qurulması üçün ilk növbədə Azərbaycan hərbi doktrinasına dəyişiklik edilməlidir:

“Hərbi doktrinanın dəyişdirilməsi Milli Məclisin səlahiyyətindədir. Bunu etdikdən sonra Azərbaycan ərazisində başqa dövlətin hərbi bazasının yerləşdirilməsinə dair qərar qəbul oluna bilər. Bundan sonra prosedur qaydalar həyata keçiriləcək. Azərbaycan və Türkiyə arasında hərbi ittifaqın yaradılması ilə bağlı saziş bağlana bilər. Türkiyə NATO-nun üzvüdür. Hərbi ittifaq yaradılarsa, Azərbaycan NATO-nun nəzarətində olan ölkəyə çevriləcək. İkitərəfli saziş Azərbaycanın və Türkiyənin parlamentlərində ratifikasiya edilib hüquqi qüvvəyə mindikdən sonra hərbi bazaların yaradılması həyata keçiriləcək. Bu müqavilə müxtəlif şəkildə, yəni ikitərəfli hərbi yardım haqqında, hava hücumundan müdafiə sahəsində razılaşmanı, dövlət sərhədlərinin birgə mühafizəsi, dəniz sərhədlərinin müfaizəsini nəzərdə tuta bilər. Azərbaycanın hansı sahədə ehtiyacı varsa, həmin sahədə NATO-nun üzvü və qüdrətli dövlət kimi Türkiyənin təcrübəsindən yararlanmaq imkanına malikdir. Ali baş komandan İlham Əliyevin bu məsələni vurğulaması əslində, uzaqgörən, strateji mesajdır. Buna çəkindirici diplomatiya deyilir. Cənab Prezident də peşəkar siyasətçi kimi çəkindirici diplomatiyadan bəhrələndi. Mənə elə gəlir ki, bu təklif həyata keçiriləcək. Bunu Rusiya da başa düşüb”.

Cümşüd Nuriyev hesab edir ki, Azərbaycanın hərbi əməliyyatlarının qarşısını almaq üçün Rusiyanın hərbi müdaxilə edəcəyinə dair yayılan məlumatlar yalnız şaiyə xarakteri daşıyır.

“Bunlar hamısı xaricdən alınmış tapşırıq əsasında yayılan dezinformasiyadır. Çünki düşmən cəbhədə məğlub olur və Azərbaycanın daxilində “5-ci kolon”u fəallaşdırmağa başlayıblar. Sosial şəbəkələrdə ermənilərin özlərinin çəkdiyi videoların yayılması, onların Azərbaycanın adından təqdim olunması, Qarabağdan qaçan erməni əsgərini özlərinin güllələməsi kimi təxribat xarakterli materiallar yayırlar. Rusiyanın Azərbaycan ərazisinə daxil olacağılna dair iddialar da yalnız təxribatdır. Rusiyanın belə bir addım atması üçün heç bir əsası yoxdur. Əgər Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının vəziyyətə müdaxiləsinə gəlincə, qurumun nizamnaməsinin 4-cü maddəsinə görə, bu terrorçuluq və qaçaqmalçılıqla bağlıdır. Bunu isə Ermənistan edir. Azərbaycan Ermənistan sərhəddinə yaxınlaşmayıb. 7-ci maddə isə üzv ölkənin ərazisinə hərbi məqsədlə daxil olmağı nəzərdə tutur. Azərbaycan bu şansı da Ermənistana vermir. Gəncənin də, Tərtərin də vurulması Rusiyanın planıdır. Paşinyanın belə qərarlar vermək ağlı yoxdur. Həmin təxribatları Rusiyanın Baş Hərbi Kəşfiyyat İdarəsi hazırlayır.

Ancaq onlar başa düşmür ki, Rusiya bir imperiya kimi resurslarını xərcləyib, limiti qalmayıb. Onlar düşünməsinlər ki, Azərbaycan 30 il bundan öncəki ölkədir. Rusiya Azərbaycanı qarışdıracağını düşünməsin. Əgər Rusiya bir milyon nəfərlik Çeçenistanla bacarmadısa, 10 milyonluq Azərbaycana nə edəcək? Son 200 ildə Azərbaycan torpağını itirə-itirə gedir. İndi isə qazana-qazana gedir. Prezident İlham Əliyevin qüdrəti ondadır ki, ilk dəfə Azərbaycan torpaqlarını geri alır. Bu, İlham Əliyevi Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Əgər Rusiya, Fransa, İran kimi havadarları olan Ermənistanın qabağından Azərbaycan geri çəkilmədisə, indi nədən çəkinməliyik? Ərazilərin guya Rusiyanın razılığı ilə Azərbaycana qaytarıldığına dair yayılan məlumatların heç bir əsası yoxdur. Rusiya heç vaxt Cənubi Qafqazda nüfuz dairəsini itirmək istəməz. Bu, mümkünsüzdür. Hətta Paşinyana nifrət etsə belə, bu addımı atmaz. Biz heç nədən qorxmamalıyıq”.

Ekspert bildirdi ki, Rusiya ilə Ermənistan arasındakı hərbi müqavilələr Azərbaycana təhlükə yaratmır:

“Birincisi, Rusiya Ermənistanla həmsərhəd deyil. İkincisi, Sərhədlərin Birgə Mühafizısi Haqqında müqavilə üçüncü ölkəyə şamil oluna bilməz. Çünki Ermənistanla Azərbaycan arasında rus ordusu yoxdur. Hətta Qazaxdan Daşkəsənə qədər dövlət sərhəddini hər iki ölkənin silahlı qüvvələri qoruyur, Orada Rusiya hərbçiləri yerləşdirilməyib. Rusiya artıq gecikib. Rusiya gözləmirdi ki, Azərbaycan Prezidenti belə ağıllı, güclü gediş edəcək. Azərbaycanı Rusiya ilə qorxudanlar ermənilərə bağlı olan adamlardır”.

Politoloq qeyd etdi ki, Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasına ehtiyac var:

“Azərbaycan mühüm strateji əhəmiyyət daşıyan mövqedə yerləşir. Bu bölgədə Türkiyənin, Avropanın da maraqları var. Azərbaycan nə qədər ki, Rusiya və Türkiyə ilə qonşudur, ərazimizdə milli maraqlarımızı müdafiə edən bir dövlətin hərbi bazaları olmalıdır. Bu dövlət Türkiyə ola bilər”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 8702

Bizim Telegram səhifəmizi izləyin