hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Üç superdövlətin Orta Asiya uğrunda mübarizəsi: Qələbə kimin olacaq? - TƏHLİL

Üç superdövlətin Orta Asiya uğrunda mübarizəsi: Qələbə kimin olacaq? - TƏHLİL

Orta Asiya yalnız geosiyasi və geoiqtisadi deyil, eyni zamanda geostrateji mövqeyinə görə də vacib regiondur. Bura dünyanın və regionun böyük dövlətləri arasında rəqabət arenasıdır.

Əgər vaxtilə burada yalnız Sovet İttifaqı hökmranlıq edirdisə, artıq xeyli vaxtdır Çin də Orta Asiya regionunda xüsusən də geoiqtisadi planda böyük rol oynayır. Geosiyasi və geostrateji baxımdan əlbəttə, Rusiya indiyədək regionda dominant ölkədir. Burada Kollektiv Təhlükəsizlik Müqviləsi Təşkilatının strukturları mövcuddur. Bu təşkilatlar və müqavilələr çərçivəsində Rusiya Qazaxıstan və Orta Asiyanın digər ölkələri ilə strateji müttəfiqlik əlaqələrinə malikdir.

Əgər Rusiya və Çin üçün Orta Asiya ölkələri qonşu ölkələr və Şanxay Əməkdaşlıq Təşkilatı formatında formalaşan meqaregionun bir hissəsidrisə, qlobal maraqları olan ABŞ üçün bu region əvvəllər ona açıq olmayan Asiyanın daxilinə nüfuz etmək üçün plastdarmdır.

ABŞ-ın bu regiona nüfuz etməsi ona bütün Avrasiyanın siyasətinə təsir imkanı verə bilər. Avrasiyada isə dominant və antoqonist bir gücün peyda olmasını arzulamırlar. Başqa sözlə, yalnız Rusiya və Çin birlikdə ABŞ-ın Avrasiyada imkanlarını məhdudlaşdıra və onun dünya liderliyi iddiasının qarşısını ala bilər.

ABŞ-ın bu regionda siyasətinə gəlincə, bu məsələyə bir neçə rakursdan baxmaq lazımdır. SSRİ-nin süqutundan sonra amerikalılar regionda Türkiyənin dəstəyi ilə hərəkət edirdilər. O zaman Türkiyənin Nursultan Nazarbayev və İslam Kərimovla sıx əlaqələri vardı. İndi isə bəzi dəyişikliklər müşahidə olunur. Artıq Qazaxıstanda Kasım-Jomart Tokayev, Özbəkistanda isə Kərimovun ölümündən sonra Şövkət Mirziyoyev hakimiyyətə gəlib. Özbəkistanın yeni Prezidenti xarici siyasət kursunu bir qədər korrektə etdi, “açıq qapı” siyasətinə keçdi, hazırda Özbəkistan digər ölkələrlə, xüsusən ABŞ-la münasibətlərini genişləndirir.

ABŞ-ın Obamadan sonra geopolitik baxımdan bu regionda siyasəti bir qədər zəiflədi. Bunun da səbəbi o idi ki, Ağ Ev daha çox başqa vacib beynəlxalq məsələlərə fokuslandı. Söhbət Arktika, İran, Əfqanıstan, İraq, Yəmənlə bağlı problemlər, Səudiyyə Ərəbistanı ilə münasibtlərin inkişafından gedir. Lakin buna baxmayaraq, ABŞ Orta Asiya ilə bağlı 2019-2025-ci illər üçün yeni strategiyasını açıqladı.

Bu il fevralın əvvəllərində ABŞ Dövlət katibi Mayk Pompeo Qazaxıstan və Özbəkistana səfər etdi, Orta Asiya respublikalarının XİN başçıları ilə görüşlər keçirdi. Bundan bir qədər sonra isə Vaşinqton regionla bağlı yeni strategiyasını açıqladı. Burada diqqəti çəkən əsas məqam strategiyada Rusiya ilə rəqabət məsələsinə xüsusi önəm verilməsidir. Daha bir vacib istiqamət Əfqanıstanda sabitlik və inkişafın dəstəklənməsidir ki, bu məsələdə Nur-Sultan və Daşkənd müəyyən rol oynaya bilər. ABŞ bu imkandan necə yararlanmaq niyyətindədir və onun Orta Asiya ilə bağlı strategiyasında yenilik nədən ibarətdir?

Hazırda Vaşinqton üçün Daşkənd və Nursultan prioritetdir. Çünki Orta Asiyanın digər ölkələri-Tacikistan və Qırğızıstan ABŞ üçün birinci dərəcəli maraq kəsb etmir. Türkmənistana gəlincə, bu ölkə böyük qaz ehtiyatlarına malikdir və bu qazı Çinə satır. Lakin Türkmənistan da ABŞ üçün xüsusi maraq kəsb etmir.

Yeni strategiyanın işlənməsini zəruri edən səbəblərə gəlincə, qeyd etdiyimiz kimi, əvvəllər ABŞ regionda Türkiyənin dəstəyi ilə hərəkət edirdi. Lakin son illər Ankara Moskva ilə yaxınlaşdıqdan və Rusiyadan С-400 sistemləri aldıqdan sonra ABŞ-Türkiyə münasibətləri mürəkkəbləşdi. Ona görə də hazırda amerikalılar Orta Asiya ölkələri ilə birbaşa kontaktlara üstünlük verirlər.

Yeni strategiyanın işlənməsini zəruri edən ikinci səbəb Çinlə bağlıdır. Hazırda Çinin Orta Asiyada presedenti olmayan mövcudluğu amerikalıları ciddi narahat edir. Çinlilər son onilliklər ərzində Orta Asiya ölkələrinə olduqca böyük investisiyalar yatırıblar və ABŞ bu məsələdə Çindən geridə qalır.

Mayk Pompeo Orta Asiyaya səfəri zamanı yalnız Qazaxıstan və Özbəkistanda oldu. Bəs ABŞ-ın bu ölkələrlə münasibətlərində irəliləyişlər mümkündürmü?

Onu nəzərə almaq lazımdır ki, Orta Asiya ölkələrinin xarici siyasəti əsasən çoxvektorludur və əvvəllər bəyan olunduğu kimi, Qazaxıstan və Özbəkistan Rusiya və Çin, Avropa və ABŞ arasında tarazlığı qoruyub saxlamağa çalışır.

Digər tərəfdən, onu da nəzərdən qaçırmaq olmaz ki, Orta Asiya ölkələrinin iqtisadiyyatı çox da yaxşı vəziyyətdə deyil. Burada müəyyən problemlər mövcuddur. Ona görə də bu ölkələr xarici partnyorlarla iqtisadi əlaqələrin yenilənməsi və aktivləşməsində maraqlıdırlar.

Amerikalılar isə Əfqanıstan böhranını təkbaşına nizamlamaq imkanında deyillər. Taliblərlə danışıqlar periodik olaraq davam edir. Lakin hələ də konkret nəticələr yoxdur. Ərəb ölkələri, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər “Taliban”a müəyyən təsir imkanlarına malikdir. Pakistan da bu məsələdə öz rolunu oynayır. Lakin Pakistan və ABŞ arasında münasibətlər problemsiz deyil. Ona görə də ABŞ ehtiyat koridor (“Şimal marşrutu”) əldə etmək istəyir.

Özbəkistan və Qazaxıstan Əfqanıstanda general Dustumun rəhbərlik etdiyi Milli İslam Hərəkatı ilə sıx əlaqlərə malikdir. Amerikalılar burada Daşkənd və Nursultanın təsirindən istifadə etmək istəyirlər. Onlar Əfqanıstan münaqişəsinin nizamlanmasında iştirak etməyə hazır olduqlarını bildirdilər. Lakin hələlik konkret nəticələr yoxdur. Özbəkistan və Qazaxıstan görünür, vasitəçilik qarşılığında amerikalıları tərəfindən müəyyən iqtisadi dvidentlər, sərmayə qoyuluşu gözləyirlər

Beləliklə, ABŞ-ın Orta Asiyaya marağı yenidən artır. Və əvvəllər amerikalıların regionda əsas rəqibi Rusiya idisə, indi bura Çin də əlavə olunub.

ABŞ-ın Orta Asiya ilə bağlı yeni strategiyasında açıq qeyd olunur ki, Orta Asiyanın 5 ölkəsi ilə sıx əlaqələr və əməkdaşlıq regionda ABŞ dəyərlərinin inkişafına səbəb olmaqla yanaşı, qonşu ölkələrin regiona təsirində də tarazlıq yaradacaq.

Yeni strategiyanın reallaşdırılması üçün ABŞ 9 milyarddan artıq birbaşa yardım da ayırıb. Eləcə də regionun inkişafına 50 milyard dollar dəyərində kredit və texniki yardım təmin edilib.

Lakin Orta Asiya ölkələri Vaşinqtonun arzuladığı istiqamətdə hərəkət edəcəklərmi? Güman ki, onlar olduqca ehtiyatlı davranacaqlar. Bu ölkələrdə Çindən tarixi inciklik yoxdur, Pekindən hərbi təhlükə gözləmirlər, əksinə, onunla iqtisadi əlaqələrdən faydalanırlar. Bundan başqa həm ikitərəfli əlaqələr, həm də Şanxay Əməkdaşlıq təşkilatı çərçivəsində Çinlə Rusiya arasında balans yaratmağa nail ola biliblər. Ən vacibi isə Orta Asiyanın Rusiya və Çin arasında Pekinin Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrində nəyi etməli və nəyi etməməli olduğu haqda şifahi razılaşmanın olduğunu anlamasıdır.

Rusiyanın Orta Asiya ilə bağlı strategiyasına gəlincə, rəsmi Moskvanın məqsədi cənub-şərq istiqamətində təhlükəsizliyi təmin etmək, regionda sabitliyi qorumaq, Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi inteqrasiyanı təmin etməkdir. Rusiya regioanda qonşularına yaxın partnyorlar kimi yanaşır və onlarla müxtəlif səviyyələrdə müntəzəm kontaktları davam etdirir.

Bundan başqa, Rusiya və Çin arasında Orta Asiyaya münasibətdə daha bir konsensus mövcuddur. Bu konsensusun mahiyyəti ondan ibarətdir ki, Moskva regiona təhlükəsizliyi təmin etməyə kömək edir, Pekin isə onun iqtisadi inkişafına dəstək verir.

ABŞ öz qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra çətin ki, oradakı situasuya ilə aktiv şəkildə maraqlansın. Bu halda Rusiya, Çin, Orta Asiya ölkələrinin və Əfqanıstanın digər qonşularının-Hindistan, Pakistan və İranın gələcək təhlükələri önləmək üçün öz səylərini birləşdirməsi vacib olacaq.

Beləliklə, bölgə dövlətlərinin yaşadığı başlıca problem Əfqanıstanla ümumi sərhədin olmasıdır. Şübhəsiz, terrorçuların axınına yönəlik narahatlıq və ehtiyatlılıq var ki, Əfqanıstandakı qeyri-sabitlik bölgənin bütün ölkələrində sabitliyə neqativ təsir göstərə bilər. Bu isə Orta Asiya ölkələrinin Rusiya ilə əməkdaşlığını daha da zəruri edir.

Onu da nəzərə almaq lazmdır ki, əgər bir müddət əvvəl «S5+1» (ABŞ+Ortai Asiya) strategiyası xeyli maraqlı səslənirdisə, indi Orta Asiya ölkələri bunu müstəqil şəkildə reallaşdırır. Orta Asiya ölkələri dövlət başçılarının Daşkənddə keçirilən sonuncu koordinasiya görüşü göstərdi ki, tərəflər problemləri müstəqil halda həll etmək iqtidarındadırlar və xarici dəsək olmadan görüşürlər. Belə şəraitdə ABŞ digər oyunçulardan geri qalmış kimi görünür.

Digər tərəfdən, ABŞ-a doğru iqtisadi orientasiya Orta Asiya ölkələri, o cümlədən Özbəkistan üçün risklidir. Ən azı ona görə ki, ABŞ bir qayda olaraq, iqtisadi əməkdaşlıqdan daxili siyasətə müdaxilə rıçaqı kimi istifadə edir. Yeni strategiyada ABŞ çoxmilyardlı investisiyalardan bəhs etsə də, reallıqda Vaşinqton Orta Asiyada təhlükəsizliyi Rusiya, iqtisadi layihələri isə Çin qədər həyata keçirmək iqtidarında deyil.

Beləliklə, ABŞ-ın yeni strategiyası çətin ki, nəyi isə dəyişə bilsin. bunun üçün ABŞ-ın təsir istrumentləri və «köklü maraqları» (məsələn, Çin və Rusiyanın olduğu kimi) yetərli görünmür.

Orxan Məmmədli
Cebhe.info


Oxunma sayı: 7371

Bizim Telegram səhifəmizi izləyin