hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Ucuz neft dövründə iqtisadiyyatı nə gözləyir? - MÜSAHİBƏ 

Ucuz neft dövründə iqtisadiyyatı nə gözləyir? - MÜSAHİBƏ 

Son günlər dünyada baş verən iqtisadi proseslərin ölkəmizə təsirləri müzakirə olunur.

Xüsusən də neftin dünya bazarında qiymətinin enməsi və dolların milli valyuta ilə müqayisədə dəyər itirməsi narahatlıq doğurur.

Mövzu ilə bağlı “Cümhuriyət”in müsahibi iqtisadçı-ekspert Natiq Cəfərli olub.

Cebhe.info müsahibəni təqdim edir.

“Neftin qiymətinin dəyişməsi iqtisadi deyil, geosiyasi faktordur”

- Natiq bəy, son günlər dünyada iqtisadi və siyasi proseslərə görə həm neftin, həm də dolların qiymətində dünya iqtisadiyyatında təsir edən dəyişikliklər görürük. Eləcə də bunu qonşu ölkələrdə, xüsusilə Gürcüstan və Türkiyədəki proseslər göz önündədir. Baş verənlərin ölkəmizə təsiri olacaqmıə

- Azərbaycanda məzənnə inzibatidir, yəni məzənnə Mərkəzi Bankın inzibati qərarları ilə müəyyənləşir. Devalvasiyadan sonra da ölkədə iqtisadi institutlar formalaşmadı. Hətta Mərkəzi Bank 2016-2017-ci illərdə israrla üzən məzənnə deyirdisə, bizlərin yəni, iqtisadçıların ciddi tənqidindən sonra 2018-ci il hesabatında artıq bu ifadədən vaz keçdi və “inzibati tənzimlənən məzənnə” yazıldı. Azərbaycanda valyutanın məzənnəsi xarici faktorlardan ancaq neftə görə dəyişə bilər. Qonşu ölkələrdə valyutanın məzənnəsinin dəyişməsinin bizə də təsirləri var. Məsələn, Gürcüstanın və Türkiyənin milli valyutası ucuzlaşdıqca, bu ölkələrdən Azərbaycana gələn məhsulların həcmi artır, yəni idxal daha sərfəli olur. Bu da ölkədən valyuta çıxışını sürətləndirir. Neftin qiymətlərinə gəldikdə isə hazırkı qiymət Azərbaycan hökumətini qane edəcək səviyyədədir.

Çünki büdcə üçün hesablanmış məbləğ 60 dollardır. Büdcə bu ilin əvvəli üçün, 67-68 dollar hesablanıb. Təbii ki, neftin qiymətinin uzun zaman bu civarda qalmasına heç bir zəmanət yoxdur. Hətta qiymətlərin yüksək olmasına səbəb belə iqtisadi faktorlar deyil, geosiyasi gərginlikdir. Bura İran ətrafında, körfəz ölkələri, Venesuelada, Liviyada baş verən hadisələr daxildir ki, bunlar da neftin qiymətini qaldıracaq proseslərdir. Əgər bu problemlər həll olunarsa, neftin qiymətində ciddi korelyasiyanın şahidi olacağıq və ucuzlaşma müşahidə edə biləcəyik. Bunun da bu ilin sonu və ya gələn ilin əvvəlində müşahidə edə bilərik. Azərbaycanın ixracatının 91 faizi enerji daşıyıcalarına - neft, qaz, neft məhsulları, elektrik enerjisinə bağlıdır. Buna görə neftin qiymətinin enməsi ölkə iqtisadiyyatına 2015-ci ildə yaşadığımız hadisələrin təkrarlanmasına səbəb ola bilər. Qeyri-neft sektoru o qədər zəif və həcm olaraq o qədər kiçikdir ki, neft sektorunu əvəz etmək üçün indikindən, ən azı 20 dəfə artıq aqrar məhsullar istehsal etməli, 10 dəfə çox turist gəlməlidir ki, neft amilini neytrallaşdıra biləcək qeyri-neft sahəsi yaransın.

Arqar sahəni və turizmi nümunə çəkməyimdə səbəb odur ki, hökumət bunları prioritet elan edib. Devalvasiya olarsa, biz manatın yenidən dəyərdən düşməsinə və inflyasiyanı yenidən ikirəqəmli olacağına şahid olacağıq. Nəticədə, qiymətlər sürətlə artacaq, bank və kredit problemləri yenidən yaranacaq, bu hallar baş verərsə, vətəndaşların həyatına ciddi təsirləri olacaq. Ölkə iqtisadiyyatının anatomiyasına yenidən baxdıqda, bir daha görəcəyik ki, hökumət ölkə iqtisadiyyatının neftdən asılılığını azalda bilmədi. Bu vəziyyət də Azərbaycan iqtisadiyyatında ciddi təlatümlərə səbəb ola biləcək zəmin deməkdir. Neft 60 dollardan aşağı düşəcəksə, Azərbaycan iqtisadiyyatında növbəti problemləri görəcəyik.

““Rəqabət Məcəlləsi” qəbul edilsə...”

- Milli Məclisin iclaslarında bir neçə dəfə bank faizlərinin aşağı salınması gündəliyə çıxarılmışdı. Bu məsələnin həll olunmaması və bank faizlərindəki rəqəmlərin dəyişməməsinin səbəbi nə olduə

- Formal olaraq ölkədəki bank sektorlarının böyük əksəriyyəti özəl banklardır. Yəni, bu obyektlər məmurlara, müəyyən oliqarx qruplara aiddir. Özəl banklara Milli Məclis, icra hakimiyyəti faizlərin endirilməsi göstərişini verə bilməz. Amma bəzi ölkələrdə Mərkəzi Bankın uçot dərəcəsilə faiz dərəcələri arasında birbaşa əlaqə var. Məsələn, Türkiyədə son günlər müzakirə olunan məsələlərdən biri də uçot dərəcəsinin aşağı salınmasıdır ki, ölkə prezidenti də dəfələrlə bu barədə çağırışlar da edib. Ötən ay 4.75 faiz uçot dərəcə aşağı düşdü və bu da bir müddət sonra bank və kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsilə bankların uçot dərəcəsi arasında əlaqə yoxdur. Çünki normal iqtisadi sistem yoxdur. Əgər Mərkəzi Bank uçot dərəcəsi kəskin şəkildə, yəni 2-3 faizə endirsə və sahib olduğu sərbəst manat kütləsini banklar vasitəsilə kreditləşməni canlandıra bilsə, bu zaman faiz dərəcələri düşə bilər.

Sual yaranır, niyə Mərkəzi Bank bunu etmirə

Çünki Azərbaycanda iqtisadi modelin zəifliyindən istifadə edəcək banklar əllərinə manat kütləsi düşən kimi onu valyuta ilə əvəzləyəcək. Burada da ölkə iqtisadiyyatının köklü problemləri üzə çıxar. Digər bir çıxış yolu isə əgər bankları özəl sektor kimi qəbul etsək, Milli Məclisin atacağı addımlar ondan ibarət ola bilər ki, “Rəqabət Məcəlləsi”ni qəbul etsin və xarici bankların birbaşa ölkəyə daxil olmalarına Mərkəzi Bank şərait yaratsın. Bu zaman dünyanın bir çox məşhur banklar məmnuniyyətlə Azərbaycana gələrlər.

Əhalisinin sayı və maddi durumu bizdən zəif olan Gürcüstana gəliblərsə, bizə niyə gəlməsinlərə

Həmin bankların uçot və faiz dərəcələri çox aşağıdır və yerli banklar da rəqabət şəraitində məcbur olaraq öz faiz dərəcələrini aşağı salırlar. İqtisadiyyatını inkişaf etdirmək istəyən ölkə mütləq aşağı faizli və uzunmüddətli kreditlərə çıxış imkanlarını genişləndirməlidir. Belə hal ölkədə iş yerlərinin artmasına, iqtisadi canlanmaya səbəb olacaq.

- Xaricdə Azərbaycan vətəndaşlarına və dövlətlə məxsus şirkətlər var və maraqlıdır ki, onlar əldə etdikləri gəlirləri ölkəyə geri qaytarmırlar. Sıravi vətəndaşların risk ehtiyatını anlamaq mümkündür.

Bəs dövlət şirkəti SOCAR niyə xaricdəki qazancını elə filialını açdığı ölkəyə geri sərmayə şəklində qaytarır, Azərbaycana gətirmirə

- SOCAR-ın xaricdə fəaliyyət göstərməsi yaxşı haldır. Problem odur ki, bu şirkət qeyri-şəffaf çalışır və dövlət büdcəsindən ən çox subsidiya alır. Bəzən elə hal olur ki, şirkət büdcəyə ödədiyi vergidən daha çox subsidiya alır. Özəl şirkətlərə gəldikdə isə onların əsas qorxusu ölkədəki məhkəmə hakimiyyətidir ki, mülkiyyətin qorunması prinsiplərinin hər an pozulma ehtimalı yüksək olduğundan qazanclarını Azərbaycanda saxlamaqdan çəkinirlər. Onlar da yatırımlarını Türkiyəyə, Gürcüstana edirlər. Yeri gəlmişkən deyim ki, Gürcüstana ən çox yatırım edən və hətta Türkiyədə daşınmaz əmlak bazarında ilk beşlikdə olan bizim sahibkarlardır. Yəni vətəndaş mülkiyyət toxunulmazlığı probleminə görə Azərbaycana gəlmək istəmir. Avropada 5 əsr, 6 əsr eyni ailəyə məxsus hotel, kafe, restoran və başqa müəssisələrin olduğunu görürük. Amma Azərbaycanda tarixçəsində 20 ili başa vuran müəssisə tapmaq çətindir. Ona görə məhz vətəndaşlarımız burada qazandıqlarını xaricə köçürürlər ki, mülkiyyətləri barədə gələcəkdə problem yaşamasınlar.

“Aqrar siyasətdə elmə dayanan bir proqramı yoxdur”

- Son günlər ölkə daxildə istehsal olunmuş məhsullarda da bahalaşma müşahidə edirik. Ötən illərlə müqayisədə builki bahalaşmanın səbəbi nələrdirə

- Bazar özü-özünü tənzimləməlidir. Əgər ölkədə hər hansı bazar iqtisadiyyatı institutları normal çalışsa, fermerin bazara birbaşa çıxış imkanları yaranacaq. Bu zaman da, qiymətlərdə ucuzlaşma və bolluq yaranacaq. Bizdə femerlərin bazara çıxışı çox məhduddur, ikincisi hökumətin aqrar siyasətində elmə dayanan bir proqramı yoxdur. Məsələn, qarpız və yemişin bahalı olmasının əsas səbəbi odur ki, ənənəvi bostançılıq sahələrində pambıq əkildi və pambıq sahələri genişləndi. Bu da bostan məhsullarının əkin sahələrini daraltdı və su problemləri yaşandı. Azərbaycanda üstəlik, ciddi su qıtlığı var.

- Daha hansı sahələrdə bu hal müşahidə olunduə

- Məsələn, ətin bahalaşmasının səbəblərindən biri də o oldu ki, ənənəvi heyvandarlıq sahələrində pambıq əkildi. Nəticədə yem və mal-qaranın qiyməti bahalaşdı. Bir daha qeyd edirəm ki, ölkədə kənd təsərrüfatı ilə məşğul olanların bazara çıxışı çox məhduddur. Böyük ölkələrdə fermerlər böyük market şəbəkələri ilə müqavilə bağlayır. Məsələn, Fransanın “Carrefour” şirkəti ilə istənilən fermer müqavilə bağlaya bilər. Məhsulun keyfiyyətinə görə qiymətlər təyin olunur və il ərzində fermerdən məhsulunu alır. Azərbaycanda isə belə deyil. Bir neçə marketlər şəbəkəsi var və onlardan hansının birbaşa fermerlə müqaviləsi varə Bizdə arada bir şirkət olur, məsələn, fermerdən 5 qəpiyə aldığını marketə 15 qəpiyə satır və bahalaşma yaranır. Bizim ölkədə problemlərin səbəbini sonradan araşdırmağa başlayırlar. Xüsusən bunu inzibati yolla həll etməyə çalışırlar ki, bu da mümkün olmur və bu dayanıqlı iqtisadi model deyil. Hətta SSRİ-nin süqutu sübut etdi ki, əmrlə iqtisadiyyata yanaşan sistemlər süqutla nəticələnir.

Fuad Sadıqov

Cebhe.info


Oxunma sayı: 4918