hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Ucuz neft dövrü qayıdır: Ölkələr təhlükə qarşısında

Ucuz neft dövrü qayıdır: Ölkələr təhlükə qarşısında

Neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin (“OPEC+”) müddəti uzadılmasa, neftin bir barelinin qiyməti 30 dollara düşə bilər. 

Bu fikirləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib. “OPEC plus” sazişinin müddəti uzadılmadığı təqdirdə neftin qiymətinin 30 dollara düşə biləcəyi bir senarini göz ardı edə bilmərəm. Bazarda həddən artıq tədarük bolluğu risk var. İyulda balanslı bir qərarın qəbul edilməsi üçün rəsmi Moskva neft bazarını daha çox izləməlidir”.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulub. OPEC və Rusiya başda olmaqla digər qeyri-OPEC ölkələri mövcud sazişin müddətini ilin sonunadək uzatmağı nəzərdə tutur. Bununla bağlı qərarın iyulda qəbul edilməsi gözlənilir.

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda neft bazarlarında dominantlığı ABŞ oynayır:

“Amerikanın gündəlik neft hasilatı 12.3 milyon bareldir. Bazarın ikinci ən böyük oyunçusu Səudiyyə Ərəbistanıdır. Hazırda Yaxın Şərqdə və xüsusilə İranda Hörmüz boğazı ətrafında formalaşan vəziyyətdə əsas rolu Səudiyyə Ərəbistanı oynayır. Ona görə də hazırda neftin qiymətinin kəskin aşağı düşməsində nə ABŞ-ın, nə də Səudiyyənin marağı var. Çünki Səudiyyə Ərəbistanı neftdən kəskin şəkildə asılıdır və dövlət büdcəsində 1 barel neftin qiyməti 80 dollar ətrafında proqnozlaşdırılır. Digər tərəfdən, ABŞ-da inflyasiya dərəcəsi 2 faizə çatmır. İnflyasiyanın 2 faizdən aşağı olması iqtisadiyyatda durğunluğa gətirib çıxara bilər. Buna görə də Federal Ehtiyatlar Sistemi (FED) faizləri artırmır, əksinə, azaltmağa dair fikirlər var. Prezident Tramp faizləri aşağı salmaq üçün FED-ə qarşı təzyiqlərdən istifadə edir. İnflyasiya aşağı olduğu üçün neftin qiymətinin 60-70 dollar ətrafında olması ABŞ-ı o qədər də qıcıqlandırmır. Çünki yüksək neft qiymətləri Amerikada inflyasiya təzyiqi yaratmır. Bütün bu amillər onu deməyə əsas verir ki, neft bazarlarında həlledici rol oynayan Amerika və Səudiyyə Ərəbistanı neft qiymətlərinin düşməsində maraqlı deyillər.

Venesuela nefti bazara daxil olarsa...

Ekspert neftin qiymətində düşmə riskini yaradan siyasi amillərin olduğuna da diqqət çəkib:

“İran neftinin dünya bazarlarına çıxarılmasına qoyulan qadağa bazardan gündəlik 1 milyon barel neft təklifini azaltdı. Lakin gedişat göstərir ki, həmin neft həcmləri müxtəlif yollarla bazara daxil olur. İran nefti Səudiyyə, ABŞ və OPEC-ə üzv digər dövlətlərin hesabına kompensasiya olundu. Ona görə də bu gün qlobal bazarlarda təklif çoxdur. Təklifin çox olma riskləri də var. Birinci, Venesuela amilidir. Məlumdur ki, ABŞ tərəfindən Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiya tətbiq olundu. Hesab edirəm ki, Venesuela məsələsində ABŞ və Rusiya əvvəl-axır razılığa gələcəklər. Çünki ABŞ-ın təzyiqləri qarşısında davam gətirmək mümkün olmaz. Əgər Venesueladakı məsələlər ABŞ-ın planladığı kimi olarsa və ölkə nefti dünya bazarına daxil olarsa, o zaman ciddi şəkildə qiymət azalmasını müşahidə edərik. Venesuela nefti bazara daxil olarsa, başda Səudiyyə olmaqla digər potensial neft istehsalçısı olan dövlətlər ABŞ-a qarşı təzyiq yaradacaqlar. Onu da qeyd edim ki, Venesuela neftinin bazara daxil olacağı təqdirdə bütün rəqəmlər və təhlillər, o cümlədən dünyanın neftlə bağlı strategiyası dəyişmək məcburiyyətində olacaq. Çünki Venesuela neft ehtiyatlarının həcminə görə (320 milyard barel) dünyada birinci yerdədir”.

Neft 30 dollara düşə bilər, amma...

Elman Sadıqov hesab edir ki, Rusiyanın energetika naziri məsələni bir az şişirdərək istehsalın azalmasının vacibliyini vurğulamaq istəyib: “Rusiyalı nazir istəyir ki, məsələni daha kəskin qoysun, OPEC və OPEC+ dövlətlər istehsalın azalmasına getsinlər ki, qiymətlər düşməsin. Amma neftin 30 dollara düşmə ehtimalı çox aşağıdır. Neftin qiyməti 30 dollara düşə bilər, amma bu, çox qısamüddətli dövrü əhatə edəcək. Çünki 30 dollara düşdükdə Amerikada şist neft istehsalı aşağı düşəcək. 

Hazırda şist neft istehsalının maya dəyəri quyulardan asılı olaraq 45-50 dollar ətrafında dəyişir. Nəzərə almaq lazımdır ki, “Brend” markalı neft 30-40 dollara düşərsə, “WTI” Qərbi Texas markalı nefti 35-36 dollar olacaq. Bu qiymət isə Amerikaya sərf etmir. Ona görə də yaxın perspektivdə neftin optimal qiyməti 50-60 dollar intervalında olacaq. Əgər qiymətlər kəskin düşərsə, Amerika ümumiyyətlə, istehsalı kəskin şəkildə aşağı salmağa məcbur ola bilər. Ona görə də neftin qiymətinin 30 dollara düşüb orada qalacağı proqnozu yaxın 1-2 il ərzində gözlənilmir. 

Ola bilər 5-10 ildən sonra ciddi enmələr müşahidə olunsun. Çünki alternativ enerji mənbələri, hibrid və elektromobil avtomobil istehsalı artır. Ümumiyyətlə, bütün təhlillər neftin qiymətinin 50-60 dollar intervalında qalacağını deməyə imkan verir.

Ümumiyyətlə, dünyada iqtisadi artım zəifləyib. Amma buna baxmayaraq, yaxın 1-2 il ərzində ciddi böhranlar gözlənilmir. Təqribi proqnozlara görə, 2021-ci ildə müxtəlif inkişaf etmiş dövlətlərdə kəskin böhranlar ola bilər. Amma o dövrə qədər kəskin böhran olmayacağı üçün, neftə olan tələbat da kəskin aşağı düşməyəcək”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1739