hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Ukrayna: “Maydan”, yoxsa davam? - ŞƏRH

Ukrayna: “Maydan”, yoxsa davam? - ŞƏRH

Natiq Miri: "Oliqarxlar Poroşenkoya dəstək verəcək və maliyyə ayıracaq"

Ukraynada prezidentliyə namizədlər dövlət başçısı Petro Poroşenkonu seçki prosesini saxtalaşdırmaqda ittiham edir. Hazırkı dövlət başçısının səsləri pulla almağa cəhd etdiyi bildirilir. Prezidentliyə namizəd, Radikal Partiyanın lideri Oleq Lyaşko prezident Poroşenkonun seçki qərərgahının ona qarşı çirkli təxribat hazırladığını və seçiciləri kütləvi şəkildə pulla ələ aldığını bəyan edib. O, bildirib ki, “Petro Poroşenko Bloku”nun deputatları ukraynalıları pulla ələ alır. Lyaşko bütün namizədləri seçkilərdə zorakılğa qarşı birləşməyə çağırıb.

Ukrayna mediasında və sosial şəbəkələrdə yayılan məlumatlarda Petro Poroşenkonun seçkilərdə kütləvi səslərin alınması üçün bölgələrdə təşviqatçılardan ibarət genişmiqyaslı şəbəkə formalaşdırdığı qeyd edilir. Poroşenkonu təbliğ etdiklərinə görə hər bir təşviqatçıya 1000 qriven ödənilir. Həmin vəsaitin 500 qriveni bəri başdan ödənilir. Əgər Poroşenko seçki dairəsi üzrə lazımi sayda səs toplasa, qalan 500 qrivenin də ödəniləcəyi vəd edilir. Ukrayna üzrə mövcud 100 seçki dairəsinin hər birinə min nəfər təşviqatçı ayrılıb. Həmin təşviqatçıların hər biri Poroşenkonun xeyrinə 10 nəfər seçici gətirməlidir. Beləliklə, yüz minlərlə adamın səsinin Poroşenkonun xeyrinə cəlb edilməsi nəzərdə tutulub. “Qroşi” layihəsinin jurnalistlərinin verdiyi məlumata görə, Poroşenkoya səs verəcək hər bir seçiciyə 500 qrivendən 1500 qrivenə qədər pu təklif edilir.

Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko da prezident Poroşenkonu seçiciləri pulla ələ almaqda ittiham edib. O, qanun pozuntuları ilə bağlı sübutları polisə təqdim etdiyini deyib.

Qeyd edək ki, Ukraynada keçirilən reytinq sorğularının nəticələrinə görə, Petro Poroşenko 15 faizlik göstərici ilə üçüncü yeri tutur. Birinci pillədə 21 faizlik göstərici ilə şoumen, “Xalqın Səsi” Partiyasının namizədi Vladimir Zelenski, ikinci yerdə isə 19 faizlə sabiq baş nazir, "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenko mövqe tutur.

Prezident Poroşenkonun seçkiləri saxtalaşdırmaq səyləri də onun indiyə qədər keçirilən bütün reytinq sorğularında müxalifətdən olan namizədlərlə müqayisədə geridə qalması ilə izah olunur. Yəni hazırkı dövlət başçısı tutduğu postu tərk etmək niyyətində görünmür və ikinci müddətə prezident kürsüsündə qalmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır.

Bəzi siyasi müşahidəçilər isə Poroşenkonun səsvermənin nəticələrini saxtalaşdırmaq cəhdini riskli addım kimi qiymətləndirir. Belə ki, Poroşenkonun səsverməni qanunsuz şəkildə öz xeyrinə dəyişdirməsi Ukraynada növbəti "rəngli inqilab"a gətirib çıxara bilər. Bu da son beş ildə Ukraynada ikinci "Maydan hərəkatı"nın baş verməsi deməkdir.

Politoloq Natiq Miri hesab edir ki, Petro Poroşenkonun reytinqi aşağı olmasına baxmayaraq, ikinci müddətə prezident seçilmək şansı yüksəkdir:

"Poroşenkonu növbəti prezidentlik siyahısından silmək hələ tezdir. Çünki Poroşenkonun hakimiyyətdə siyasi dayaqları yetərincə güclüdür. Poroşenko bir iş adamı olduğuna görə oliqarxiya sisteminə başçılıq edir. Bu seçkilərdə Ukraynadakı oliqarxlar Poroşenkoya ciddi dəstək nümayiş etdirəcək və maliyyə ayıracaq. Ona görə də Poroşenko ciddi bir namizəd sayılmalıdır. İnzibati resursların da Poroşenkonun əlində olduğunu nəzərə alsaq, dövlət başçısının bu imkanlardan yararlanacağı şübhə doğurmur. Digər namizədlərə gəlincə, seçkilərdə Poroşenkodan üstün səs toplaya biləcək siyasətçi görünmür. Yəni Poroşenkonu əvəz edəcək parlaq siyasətçi bu gün Ukraynanın siyasi gündəmində yoxdur. Ona görə də Ukrayna elektoratının hansı namizədi kütləvi şəkildə dəstəkləyəcəyi məlum deyil. Bu amillər də dolayısı ilə geniş maliyyə və inzibati resurslara malik olan Poroşenkoya üstünlük yaradır. Lakin seçki prosesində bölgələrdə müəyyən saxtakarlığın olması ehtimalı mövcuddur. Poroşenko yenidən prezident seçilmək üçün saxtalaşdırma üsullarından istifadə edə bilər. Lakin bunun nəticə etibarı ilə yeni bir "Maydan hərəkatı"na səbəb olacağını düşünmürəm. Çünki Rusiya ilə qarşıdurma şəraitində olan ABŞ və Qərb dünyası Ukraynada ictimai-siyasi vəziyyətin dəyişməsində, təhlükəli hal almasında maraqlı deyil. Poroşenko ABŞ-da və Qərbdə tanınmış siyasətçidir. Ən azı onunla işləmək və nələri isə tələb etmək daha asandır. İndiki halda Poroşenko Qərb dünyası üçün siyasi risk yaratmır. Ona görə də Ukraynada növbəti dinc inqilab gözlənilmir. Belə bir inqilabın baş verməsi yalnız Rusiyanın maraqlarına cavab verir. Yəni Rusiyanın dəstəklədiyi namizədin irəli çıxacağı təqdirdə, Kreml kütləvi etiraz aksiyalarını təşkil etməyə cəhd edə bilər. Ancaq Rusiya tərəfindən dəstəklənən real namizəd yoxdur. Bu gün Ukrayna xalqı yeni bir "Maydan hərəkatı"na hazır deyil. Poroşenko siyasi sima və dövlət başçısı kimi Ukrayna xalqının patoloji nifrətini qazanmayıb. Doğrudur, ölkədə xeyli nöqsanlar var. Xüsusilə də Poroşenko insan hüquqları və demokratiya sahəsində verdiyi bir çox vədləri yerinə yetirməyib. Donbas və Krım Poroşenkonun hakimiyyəti dövründə işğaldan azad edilə bilmədi. Ancaq Poroşenkonun prezidentliyi illərində Ukrayna ordusu hərbi cəhətdən yenidən quruldu. Hazırda Ukraynanın Rusiya ordusunun qarşısına çıxa biləcək güclü silahlı qüvvələri mövcuddur. Hesab edirəm ki, təhlükəsizlik amillərini nəzərə alaraq, Ukrayna xalqı növbəti "Maydan" inqilabına təhrik edilə bilməyəcək. Hətta qismən saxtakarlıq olsa belə, Ukraynada yeni bir inqilab gözlənilmir. Bütün "Maydan hərəkatları" Qərb dünyası tərəfindən birmənalı şəkildə dəstəklənib. Lakin bu dəfə belə bir dəstək gözlənilmir".

Ekspert onu da qeyd etdi ki, prezidentliyə namizədlərin son reytinq sorğuları cədvəlləri seçkinin nəticələrinə təsir göstərəcək səviyyədə deyil. Bu da reytinq göstəricilərinin mütləq deyil, dəyişkən olması ilə bağlıdır. Həmçinin, səsvermə gününə qədər ictimai rəyi Poroşenkonun xeyrinə dəyişə biləcək müəyyən siyasi, hətta hərbi addımlar atıla bilər.

Natiq Mirinin sözlərinə görə, Ukrayna prezidentliyinə favorit namizədlər sayılan Vladimir Zelenski, Yuliya Timoşenko və Petro Poroşenkonun siyasi reytinqi arasındakı fərq çox geniş deyil. Reytinqinə görə, bütün namizədləri üstələyə bilən siyasətçi görünmür. Qeyd edilən səbəbdən seçkilərin nəticələri barədə konkret proqnoz verməyə çətinlik törədir. Üstəlik, namizədini dəqiq müəyyənləşdirməmiş xeyli sayda seçici mövcuddur. Həmin elektoral bazanın öz rəyini dəyişməsi seçkilərə ciddi təsir göstərə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2337