hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

UKRAYNA: Oliqarxların son döyüşü

UKRAYNA: Oliqarxların son döyüşü

Ukraynada aprelin 21-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

Martın 31-də baş tutmuş səsvermənin nəticələrinə əsasən, ikinci mərhələyə Vladimir Zelenski ilə Pyotr Poroşenko keçib. Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk prezident seçkilərində ikinci mərhələnin vacib olduğunu rəsmən təsdiqləyib. Brifinqdə ikinci turun olacağını deyən Slipaçuk namizədlərdən heç birinin mütləq səs çoxluğu əldə edə bilmədiyini söyləyib.

MSK-ın məlumatına görə, seçki komissiyası protokollarının artıq 98 faizi hesablanıb. Şoumen, “Xalqın Xidmətçisi” Partiyasının namizədi Vladimir Zelenski 30,24 faizlik nəticə ilə birinciliyini qoruyub saxlayıb. Hazırkı prezident Pyotr Poroşenko demək olar iki dəfə az nəticə - 15,93 faiz səs toplayıb. “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko prezidentdən 3% geri qalıb. İlkin məlumatlara əsasən, o, 13,93 faizlik nəticə ilə seçkilərin ikinci mərhələsində iştirak etmək fürsətini əldən verib.

Ofisində çıxış edən Poroşenko seçkilərin ədalətli olduğunu və ATƏT standartlarına müvafiq şəkildə keçirildiyini deyib. Poroşenko bildirib ki, Kreml onu ikinci mərhələdə görmək istəməsə də, o, bunu edə bilib:

“İkinci turda dəqiq Poroşenkonu görmək istəmirdiniz, ancaq istəyiniz baş tutmadı”. O, həmçinin əlavə edib ki, Rusiyaya qarşı sanksiyaları saxlamaq lazımdır və yaddan çıxarmaq lazım deyil ki, Rusiyanı beynəlxalq arenada “Maksim Qalkin və Yevgeni Petrosyan deyil”, Vladimir Putin təmsil edəcək. Poroşenko Zelenskini Kolomoyskinin marioneti adlandırıb. (biznesmen İqor Kolomoyski Ukraynada ən böyük sənaye-maliyyə qrupu “Privat” şirkətinin yaradıcısıdır). “Zarafat başa çatıb. Aprelin 21-i ya AB və NATO yolumuzu təsdiqləyəcəyik, ya da geri qayıdacağıq”, - deyə prezident bəyan edib.

Timoşenkonun nümayəndələri isə birinci turun nəticələrinə etirazını bildirib. Xanım Timoşenkoya seçki qərargahından verilən bəyanatda qeyd edilib ki, exit-polların nəticələri ikinci yeri Poroşenkonun deyil, “Batkivşina” partiyasının rəhbərinin tutduğunu göstərir. Onlar həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin bir sıra təxribata yol verdiyini deyiblər. Jurnalistlərin qarşısında çıxış edən Timoşenko exit-polları “satqın sosiologiya” adlandırıb. Timoşenko tərəfdarlarını , silahdaşlarını seçki məntəqələrində sonadək nəticələri müdafiə etməyə çağırıb.

Poroşenkonun onu Kolomoyskinin marioneti adlandırmasına cavabında Zelenski Ukrayna prezidentinə belə bir sual ünvanlayıb: “Deməli, siz Svinarçukun marionetisiniz, yoxsa o sizinə”(Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş birinci katibinin müavini Oleq Svinarçuk nəzərdə tutulur).

Kremlin bəyanatında deyilib ki, Rusiyanın seçkilərin nəticələrini tanıması kampaniyanın gedişatından asılı olacaq. Moskva, həmçinin Rusiyada yaşayan ukraynalı vətəndaşların səsvermə hüququndan məhrum edilməsindən dolayı təəssüf hissi keçirdiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əlavə edib ki, Ukraynada bir neçə milyon vətəndaş da səsvermədə iştirak edə bilməyəcək.

Prezident seçkilərində seçkiqabağı kampaniyaya ən çox Pyotr Poroşenko pul xərcləyib. Martın 25-i MSK-nın dərc etdiyi məlumata əsasən, bu vəsait 407,8 milyon qrivna və ya 15,1 milyon dollar təşkil edib. İkinci yerdə 163,7 milyon qrivna ilə Yuliya Timoşenko gəlir. Üçüncü yerdə isə “Müxalifət bloku”nun namizədi Aleksandr Vilkul qərarlaşıb. Onun xərcləri 11,4 milyon qrivna təşkil edib.

Ukraynada növbəti prezidentin adı demək olar ki, məlumdur. Vladimir Zelenskinin seçkilərdə qalib gəlmək şansı daha yüksək olsa da, Poroşenko ikinci dəfə dövlət başçısı postunu qazanmaq üçün mübarizəni sona qədər davam etdirmək fikrindədir.

Ümumiyyətlə, Ukraynada prezident seçkiləri daha çox iki oliqarxın siyasi rəqabəti fonunda nəzərdən keçirilir. Bunlardan biri Pyotr Poroşenko, digəri isə İqor Kolamoyskidir. Vladimir Zelenskinin aparıcısı olduğu “Kvartal 95” studiyası İqor Kolamoyskiyə məxsus “1+1” telekanalı ilə əməkdaşlıq edir. Hazırda İsraildə yaşayan Kolomoyskinin son 5 ildə məşhur “PrivatBank” başda olmaqla, ölkə daxilindəki bir çox aktivləri ekspropriasiya olunub. Xaricdəki 2,6 milyard dollarlıq aktivləri isə Britaniya məhkəməsinin qərarı ilə dondurulub. “PrivatBank” Ukrayna bank sektorunun xalis aktivlərinin 17 faizinə sahib olan, Rusiyada, Gürcüstanda, Latviyada, Kipr və İtaliyada törəmə şirkətlərə malik maliyyə piramidası idi. 2016-cı ildə “PrivatBank”ın milliləşdirilməsi Poroşenko ilə Kolamoyskinin münasibətlərini düşmənçilik səviyyəsinə çatdırdı.

Kolomoyski ölkənin ən iri neft-qaz şirkətlərindən olan “Ukrnafta”ya nəzarəti də itirdi və nəticədə oliqarxın sərvəti ikiqat azaldı. Kolomoyski ölkənin ən iri aviaşirkəti olan MAU-nun da sahibidir və bu şirkət hazırda 1 milyard qrivnadan çox borc portfeli ilə iflas təhlükəsi qarşısındadır. Bu təhlükələr və problemlərdən xilas olmaq üçün Kolamoyski Zelenskinin prezident seçilməsini ən yaxşı vasitə kimi görür. Zelenski özünün “Kolamoyskinin kuklası” olmadığını bəyan etsə də, onun xalqın deyil, oliqarxın xidmətçisi adlandırılması Ukrayna cəmiyyətində narahatlıqla qarşılanır.
Lakin Qərb mediası Zelenskinin seçkilərdə uğur qazanmasını Ukraynada növbəti inqilab kimi dəyərləndirib. Norveçin “Dagbladet” qəzeti aprelin 21-də V.Zelenskinin prezident seçiləcəyini yazır. Adıçəkilən mənbə qeyd edir ki, bu halda hazırkı prezident Timoşenkoya qalib gəlməsinə baxmayaraq, Ukrayna siyasətindən gedəcək. 1990-cı illərdən bəri siyasi səhnəyə hakim olan sarsılmaz Timoşenko yenidən baş nazir ola bilər.

Söhbət ikinci turda qalib gəlmək istəyən hər bir namizədin Timoşenko ilə ittifaq yaratmasından gedir. İlk baxışda bu, inandırıcı görünə bilər. Çünki V.Zelenskinin yüksək reytinqi olsa da, siyasi komandası yoxdur. Hətta ona səs verən ukraynalı seçiciləri narahat edən də məhz Zelenskinin komandaya malik olmamasıdır. Bu baxımdan, aktyor-siyasətçi “Batkivşina” Partiyasının liderinə baş nazirlik təklif etməklə ikinci turda onun tərəfdarlarının səsini qazana bilər. Ancaq xanım Timoşenkonun reytinqi çox aşağıdır və belə bir şəraitdə Zelenskinin onunla ittifaqa getməsi müəyyən səsləri itirməsinə səbəb ola bilər. Hətta seçkiqabağı hər iki lider bir-birini təhqir edən açıqlamalar da verib. Timoşenko Zelenskini “Borşun içindən çıxmış çeburaşka” adlandırıb. Buna cavab olaraq, Zelenski Timoşenkonun sözlərini “İtin qonşu kənddən hürməsi” kimi qiymətləndirib. Poroşenkonu korrupsioner və quldur adlandıram Timoşenkonun hazırkı dövlət başçısına dəstək verməsi isə reallaıqdan tamamilə uzaq səslənir. Zelenski idarəetmədə birbaşa demokratiya elementlərini tətbiq edəcəyini bildirir. Onun parlamentə təqdim etmək istədiyi ilk qanun layihəsi “Xalq hakimiyyəti haqqında”dır, bu qanuna əsasən hakimiyyətin əsas vəzifələri referendumlar və digər ümumxalq sorğuları əsasında xalq tərəfindən müəyyən ediləcək. Zelenski daxili işlər, müdafiə naziri, Təhlükəsizlik Xidmətinin rəhbəri kimi prezidentin preroqativasında olan mühüm vəzifələrə təyinatları da xalqın rəyi ilə həyata keçirəcəyinə söz verib. O, prezident, deputatlar və məhkəmə hakimlərinin toxunulmazlığının ləğv olunacağını, prezidentin impiçmenti və deputatların geri çağırılması barədə qanun layihələrinin qəbul olunacağını vəd edir.

Şərhçi Katerina Mişenko hesab edir ki, Zelenskinin prezident seçilməsi ölkədə polyarizasiyaya son qoyacaq. "Son illər Ukraynanın şərqindəki münaqişə səbəbindən mədəniyyət sahəsində vətənpərvərlik hissi müşahidə olunub. Bu, rus dilinə və onun istifadəsinə münasibətdir. Rusiyaya tez-tez təcavüzkarın dili deyilirdi. Zelenskinin seçkiləri bu polyarizmin açıq şəkildə redd edilməsidir və bunu ukraynalıların multikulturalizmə tərəf çıxması hesab edirəm”-Mişenko belə deyib.

Analitik İlkka Kanervanın fikrincə, V.Zelenski hakim elitanın əleyhinə daha çox təbliğat aparıb və daha çox demokratiya vəd edib. “Şübhə yoxdur ki, onun arxasında oliqarxlar dayanır. Poroşenko vətənpərvərliyi müxtəlif cür irəli sürür, Timoşenko isə populist namizəddir”-Kanerva belə deyib.

Həmçinin adıçəkilən ekspert bildirib ki, Ukraynanın siyasi rəhbərliyində dəyişikliklər baş verərsə, bu proses həm ölkə daxilində dəyişikliklər və Avropada təhlükəsizlik məsələsinə təsir edəcək.

Siyasi təcrübəsi olmayan Valdimir Zelenskinin üstünlüyü onun şərqi Ukraynanın rusdilli elektoratının səslərini qazana bilməsi olub. Müharibə ritorikası ilə populyarlıq qazanmağa çalışan Poroşenkodan və ya Şərqi Ukraynada NATO-nun raketdən müdafiə sistemlərini yerləşdirəcəyini bəyan edən Timoşenkodan fərqli olaraq, Zelenski seçki kampaniyası dövründə əsasən Kremllə dialoq bəyanatları verməklə rusdilli elektoratın səslərini əldə edə bilib. Hətta səsvermədən iki gün qabaq İqor Kolamoyskinin prezident Poroşenkonu Azov dənizində Rusiya gəmilərinə qarşı təxribatda ittiham etməsi də məhz usdilli seçicilərin dəstəyinin alınmasına hesablanmışdı. Görünür, oliqarxın bu addımı müsbət nəticə verib.

Lakin Zelenskinin prezident seçilməsi onun Ukraynanı Qərbin təsir dairəsindən çıxarıb Rusiyaya siyasi güzəştə gedəcəyi anlamına gəlmir. Çünki Ukrayna birmənalı şəkildə Qərbin təsir dairəsindədir. Rəsmi Kiyevin Rusiyaya güzəştə getməsi Avropanın təhlükəsizlik sistemi üçün ciddi problem yarada bilər. Ona görə də Moskva Poroşenkonun məğlub olduğu seçkilərin nəticələrini belə, alqışlamağa tələsmir. Hətta Rusiya Dövlət Dumasında seçkilərin nəticələrini tanımamaq barədə təkliflər səslənib.

Ukrayna siyasətinə ilk dəfə “Xalqın nökəri” filmində prezident obrazı ilə gələn Zelenskini bu baxımdan, ABŞ prezidenti Donald Trampla müqayisə edirlər. Xatırladaq ki, Donald Tramp da “Yeni il şənliyi” filmində ifa etdiyi rolla siyasi populyarlıq qazanmışdı. Ona görə də Vladimir Zelenskini “Ukraynanın Trampı” adlandırırlar.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 14841