hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Ukrayna ssenarisi"nə doğru: "Siyasi bazarlıq" məcburi olur

"Ukrayna ssenarisi"nə doğru: "Siyasi bazarlıq" məcburi olur

Belarus prezidenti Aleksandr Lukaşenkonun güc strukturlarının rəhbərlərini dəyişməsi ölkədə etirazların qarşısını ala bilməyib.

Buna baxmayaraq, müxalifətlə dialoqdan A.Lukaşenko vəziyyətdən çıxış yolunu hələlik təhlükəsizlik orqanlarının fəaliyyətini artırmaqda görür.

Qeyd edək ki, dövlət başçısı Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Valeri Vakulçik vəzifəsindən azad edərək Dövlət Təhlükəsizlik Şurasının katibi təyin edib. Bu postu tutan Andrey Ravkov isə işdən azad edilib. Dövlət Nəzarət Komitəsinin sədri İvan Tertel DTK-nın rəisi təyin edilib.

“Bu arada yenidənqurma belə demək mümkünsə, yalnız dövlət aparatının varisliyi üçün deyil, xüsusi xidmət orqanlarının kollektiv işini təmin etmək üçün də lazımdır. Mənə elə gəlir ki, gələcək dövlət katibi kimi siz ətrafınızda yalnız xüsusi xidmət orqanlarını deyil, hüquq-mühafizə orqanlarını da birləşdirə və qarşımızda duran vəzifələri yerinə yetirə biləcəksiniz”-Aleksandr Lukaşenko Valeri Vakulçiki yeni posta təyin edərkən belə deyib.

“Lukaşenkonun Vakulçiklə bağlı heç bir iradı yoxdur. Sadəcə olaraq, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində konstitusiya təhlükəsizliyi, əks kəşfiyyat məsələlərindən başı çıxan birinin olması lazımdır”- deyə Belaruslu politoloq Aleksey Dzermant qeyd edib.

Ekspert Rusiyanın Belarusun güc strukturlarının rəhbərlərini dəyişdirmək istəyi barədə məlumatları inandırıcı hesab etməyib. O, bildirib ki, V.Vakulçikin yerinə gətirilən Dövlət Nəzarət Komitəsinin keçmiş rəisi İqor Tertelin Rusiyaya bağlı adam olduğunu söyləmək çətindir. İqor Tertel bu ilin iyun ayına qədər Dövlət Təhlükəsizlik Komitəsinin rəis müavini işləyib. Komitəsinin rəisi vəzifəsinə kimin təyin ediləcəyi hələ məlum deyil. Hələlik bu işin icrası rəis müavini Valeri Gerasimova tapşırılıb. Yalnız Dövlət Təhlükəsizlik Şurasının Katibi vəzifəsindən azad edilən Andrey Ravkova yeni vəzifə verilməyib.

“Açıq şəkildə demək istəyirəm: Andrey Alekseyeviç yad deyil. Mənə elə gəldi ki, o, bu kresloda özünü çox rahat hiss etmir. Əlbəttə, hərəkət edə bilməsi üçün belə bir iş tapması lazımdır”-Lukaşenko Ravkov haqqında deyib.

Belarus prezidentinin son kadr dəyişiklikləri hakimiyyətinə yaranmış təhlükəni aradan qaldırmaq üçün təhlükəsizlik orqanlarını gücləndirmək qərarına gəldiyini göstərir. Aleksandr Lukaşenkonun xüsusi xidmət oqranlarının rəhbərliyinə peşəkarları gətirməsi kütləvi aksiyaları yatırmaqla yanaşı, “Ağ inqilaba” dəstək verən xarici ölkələrin planlarını pozmaq istəyindən xəbər verir. DTK rəhbərinin vəzifəsindən uzaqlaşdırılması, həm də seçkidən sonra dinc etirazçılara divan tutmuş bu qurumun fəaliyyətindən yaranmış narazılığın üzərinə “su səpmək” məqsədi daşıyr. Lukaşenkonun son təyinatlarla bağlı çıxışı zamanı söylədiyi ifadələr onun daha çox Andrey Ravkovun fəaliyyətindən narazı qaldığını göstərir. Ancaq son dəyişikliklər ümumilikdə, kəşfiyyat və əks kəşfiyyat strukturlarının işindən razı qalması kimi də qiymətləndirilə bilməz. Çünki prezident hələ iyunun 1-də prezident Lukaşenkonun V.Vakulçika verdiyi ilk tapşırıq ölkədə “Maydan ssenarisi”nin qarşısını almaq olmuşdu. “Bizi eşidən hər kəsi, bütün “maydançı”ları xəbərdar etmək istəyirəm ki, Belarusda “Maydan” olmayacaq. Burada "əsən küləklərin" hansı məqsədləri izlədiyini bilirik. Bu hədəflər bizə aydındır: prezident seçkiləri ərəfəsində və ya seçki günü "Maydan" təşkil etmək.

Onlar bunu planlaşdırıblar. Bu iclasda sizi, bizi eşidən hər kəsi, bütün “maydançı”ları xəbərdar etmək istəyirəm ki, Belarusda “Maydan” olmayacaq”. Vakulçik isə öz növbəsində prezidenti seçkilərdə 2014-cü ildə Ukraynada baş verən proseslərin Belarusda təkrar olunmasına imkan verməyəcəyinə əmin etmişdi. Ancaq faktiki olaraq, bu gün Belarusda inqilab baş verib və Lukaşenkonun hakimiyyətdə qalmaq imkanı hər gün azalır. Yəni DTK rəisi ona verilən əmri yerinə yetirə bilmədi. Müxalifət namizədlərinin izlənməsi, kütləvi həbslər, qətl və işgəncələr əks effekt verdi. Lukaşenkonun Rusiya hüquq-mühafizə orqanlarından yardım istəməsi Belarus DTK-nın demək olar ki, ölkədə hakimiyyəti qorumaq funksiyasının iflic olduğunu əks etdirir.

Ona görə də siyasi müşahidəçilər hesab edir ki, kadr dəyişikliyi etiraz aksiyaları ilə əlaqəli olsaydı, DTK rəhbəri Valeri Vakulçik böyük ehtimalla dövlət qulluğunu tərk etmiş olardı. O, əvvəlkindən heç də pis olmayan Dövlət Təhlükəsizlik Şurasının Katibi vəzifəsinə keçib. Lukaşenkonun sabitliyi təmin etmək üçün Kremlə əl uzatması Rusiyaya əlavə təzyiq imkanları yaradır. O ki qaldı, Belarus DTK-nın ABŞ və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının fəaliyyətinin qarşısını almasına bu qeyri-ciddi görünür. Bu cür hallar yalnız Rusiya kəşfiyyat orqanlarının konkret şəxslər barədə verdiyi məlumatlar əsasında mümkün ola bilər. Eyni zamanda sanksiyalara məruz qalan Aleksandr Lukaşenkonun özü də yaxşı anlayır ki, mövcud situasiyada Qərblə qarşıdurmaya getmək onun hakimiyyətdən getməsini sürətləndirə bilər.

Çünki Almaniya hökuməti Lukaşenkoya dəstək vəd edən Rusiyanı çətin vəziyyətə salıb. Rusiya müxalifətinin lideri Aleksey Navalnının “Noviçok” kimyəvi silah maddəsi ilə zəhərləndiyinə dair diaqnozun açıqlanmasından sonra Kremlin ünvanına sərt çağırışlar səslənməyə başlayıb. Bu məsələnin yaxın vaxtlarda Avropa Birliyi ölkələrinin müzakirəsinə çıxarılacağı gözlənilir.

Skripal ailəsinin İngiltərədə “Noviçok”dan zəhərlənməsindən sonra ciddi beynəlxalq sanksiyalarla üzləşən Rusiyanı yenə eyni təhlükə ilə üzləşə bilər. Belə bir vaxtda Vladimir Putinin Rusiyanı Belarusa müdaxilə etmək cəhdi Rusiya üçün ikiqat zərbə deməkdir. Ona görə də çox güman ki, Rusiya Navalnı insidentindən sonra Qərblə münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün Belarusda siyasi bazarlığa getməli olacaq. Əks təqdirdə, Belarusda inqilabi proseslər "Ukrayna ssenarisi" üzrə inkişaf edə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 30768