hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Ukraynada dövlət çevrilişi təhlükəsi - Kim risk edəcək?

Ukraynada dövlət çevrilişi təhlükəsi - Kim risk edəcək?

Ukraynada Prezident Vladimir Zelenskiyə təzyiqlər artmağa başlayıb.

Ukrayna  millətçiləri Zelenskini təslimçilikdə ittiham edir və yerli mətbuatda ona qarşı kəskin çıxışlar edirlər. Zelenski Donetsk və Luqansk əyalətlərinə xüsusi statusun verilməsini nəzərdə tutan “Ştaynmayer formulu”na razılıq verdiyi üçün millətçilər onu təslimçilikdə  ittiham edir. Qeyd edək ki, oktyabrın 1-də Ukrayna Prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında Donbas münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin iştirakçıları ilə “Ştaynmayer formulu”na razılıq verdiklərini açıqlamışdı. 

Almaniyanın keçmiş xarici işlər naziri və hazırkı Prezidenti Frank Valter Ştaynmayer tərəfindən irəli sürülmüş “Ştaynmayer formulu” mərhələli şəkildə Donbas münaqişəsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər planıdır və ilkin mərhələdə Donetsk və Luqansk əyalətlərinə xüsusi statusun verilməsi nəzərdə tutulur. Zelenskinin bildirdiyinə görə, xüsusi statusla bağlı bu ilin sonunadək qanunvericilik aktı hazırlanacaq.

Ukraynanın keçmiş ədliyyə naziri Yelena Lukaş da sözügedən məsələyə münasibət bildirib. O, "112 Ukrayna" kanalının efirində bildirib ki, bəzi siyasi qüvvələrdən Prezident Zelenskini devirmək üçün istifadə etmək istəyirlər. Bunun səbəbi isə Donbasla bağlıdır: “Sülhyaratma prosesi təslim olmaq kimi başa düşülə bilər. Hazırda Zelenskinin təhlükəsizlik qüvvələri yoxdur. Zelenskini devirməyə çalışırlar. Səbəbi gözəldir: təslim olmaq. Zelenskinin rəhbərliyi ilə ölkədə siyasət "qalmaqal qalaktikasına" çevrilib və söz azadlığı şübhə altındadır. İqtisadi vəziyyət də pisləşib”.

Maraqlıdır, Vladimir Zelenskini devirə bilərlərmi? Ukraynada gedən hazırkı proseslər nəyi ehtiva edir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə şərhində hazırkı durumda Zelenskini devirməyə heç bir  siyasi qüvvənin risk edə bilməcəyini deyib:

“Vladimir Zelenski prezident seçkiləri zamanı da iki əsas hədəfini dilə gətirmişdi. Onlardan biri müharibə etməcəyi, digəri isə ölkəyə sülh gətirəcəyi idi. Hazırda Ukraynada müharibə getmir, toqquşmalar yoxdur. Doğrudur, atəşkəs ara-sıra pozulur. Poreşenko isə hakimiyyətinin ilk illərində müəyyən hücumlar təşkil etdi ki, separatçıları neytrallaşdırsın. Amma alınmadı, separatçılar Rusiyanın köməyilə Ukrayna ordusuna daha çox itki verdirdilər. Vladimir Zelenski isə bu səhvləri təkrarlamaq istəmədi. Vladimir Zelenski sülh istəyir, amma bunun üçün gərək danışıqlar getsin. Vladimir Zelenski separatçılarla danışıqlara getməyə hazır idi. Hətta “Ştaynmayer formulu” deyilən həll planını da qəbul etməyə hazır görünürdü. Bu planı vaxtılə Almaniyanın keçmiş xarici işlər naziri və hazırkı Prezidenti Frank Valter Ştaynmayer tərəfindən irəli sürülmüşdü və problemin həllini ehtiva edirdi. Çox maraqlıdır ki, bu planı Rusiya da dəstəkləyirdi. Amma Ukrayna millətçiləri bu planın əleyhinə çıxdılar. Ona görə də Zelenski geri addım atmaq məcburiyyətində qaldı. Çünki millətçilər artıq Ukraynanın mərkəzində mitinqlərə başlayırdılar ki, bu, Ukraynanın satılması deməkdir. Son günlər Ukrayna mediasında görünür ki, millətçi və sağ partiyaların mövqeyi getdikcə sərtləşir. Amma hesab etmirəm ki, Zelenskini devirmək kimi bir plan gündəmdədir. Çünki Poroşenkodan fərqli olaraq Zelenski çox böyük səs çoxluğu ilə prezident seçildi. İndi də həmin reytinqi saxlayır. Belə bir şəraitdə hansısa siyasi qüvvə Zelenskini devirməyə risk etməz”.

E.Şahinoğlu vurğulayıb ki, Zelenskinin Rusiya ilə razılaşmaqdan və Donbasa geniş muxtariyyət verməkdən başqa yolu yoxdur: 

“Əslində, “Ştaynmayer formulu”na çoxdan razılıq verilmişdi, sadəcə, millətçilərin kəskin etirazlarına görə Zelenski bir qədər fasilə vermək məcburiyyətində qaldı. Amma hesab edirəm ki, Zelenski bu planı qəbul etmək üçün məqam gözləyir. Çünki Donbasda sülh əldə etmədən, Rusiya ilə pis-yaxşı anlaşmadan Ukraynanın inkişafı çətin olacaq. Krım onsuz da itirilib. Doğrudur, Zelenskinin əsas vəzifələrindən biri də Krımın qaytarılmasıdır, amma bu çox çətin vəzifədir. Amma heç olmasa, Donbası geri qaytarmaq, geniş muxtariyyət verməklə, bu problemi indiki şəraitdə həll etmək olardı. Bununla təzyiqlərdən də yaxa qurtarmaq mümkün idi. Bundan sonra Zelenski iqtisadi islahatlara başlaya bilərdi. Amma nə qədər ki, Donbas problemi var və Rusiya bundan istifadə edib Ukraynaya təzyiq edəcək, Zelenski ölkədə iqtisadi-siyasi islahatlar həyata keçirməyə çətinlik çəkəcək”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 716