hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Ukraynada hakimiyyət böhranı : Prezident,  hökumət və parlament qarşı-qarşıya

Ukraynada hakimiyyət böhranı : Prezident,  hökumət və parlament qarşı-qarşıya

Elxan Şahinoğlu: “Timoşenkonun baş nazirliyi ilə koalision hökumət qurula bilər”

Ukrayna prezidenti ilə parlament arasında qarşıdurma müşahidə olunur. Ali Rada Vladimir Zelenskiyə hökuməti dəyişərək yeni tərkibdə formalaşdırmağa imkan vermir. Vladimir Zelenskinin prezident seçildikdən sonra öz sələfi Petro Poroşenkonun komandasını istefaya göndərmək cəhdləri baş tutmur. Ali Rada faktiki olaraq, dövlət başçısına müqavimət göstərərək hökumətin istefasını qəbul etmir. Nəticədə V.Zelenski prezident seçiləcəyi təqdirdə, korrupsiyada ittiham etdiyi və vəzifədən qovacağını bəyan etdyi kadrlarla işləmək məcburiyyətində qalıb. 

Ukrayna Ali Radası baş nazir Andrey Qroysman, xarici işlər naziri Pavel Klimkin, müdafiə naziri Stepan Poltorak, Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Vasili Qritsak, baş prokuror Yuri Lutsenkonun istefasını təsdiq etməyib. Xatırladaq ki, V.Zelenski hələ seçki kampaniyası dövründə hakimiyyət başına gələrsə, ilk növbədə baş prokuror Y.Lutsenkonu işdən qovacağını demişdi. Lakin hazırda prezident-parlament və hökumət arasında koordinasiyalı fəaliyyət pozulub. Ukraynada yaranmış vəziyyət hökumət böhranına gətirib çıxara bilər. 

Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi Ruslan Stefançuk V.Zelenskinin adıçəkilən hökumət üzvlərini vəzifədən uzaqlaşdırmaq üçün növbəti cəhdlər edəcəyini bildirib. O, qeyd edib ki, Zelenski öz konstitusiya səlahiyyətlərini həyata keçirməyə çalışacaq və parlamentdən səmərəli reaksiya gözləyir. Stefançukun sözlərinə görə, növbəti həftə prezident Zelenski dörd nəfərin işdən xaric olunması ilə bağlı təqdimat verəcək. Həmin məmurlardan biri baş prokuror və sabiq dövlət başçısı Petro Poroşenkonun xaç atası Yuri Lutsenkodur. 

Stefançuk onu da bildirib ki, həmin dörd vəzifəyə V.Zelenskinin öz namizədləri var. Lakin prezidentin nümayəndəsi həmin şəxslərin adlarını açıqlamaq istəməyib. Ukraynalı politoloq Vladimir Fesenkonun fikrincə, hökumət üzvlərinin istefasının qəbul olunmaması prezident Zelenski ilə Ali Rada arasında qarşıdurmanın dərinləşdiyini göstərir. “Biz deputatların konsolidasiyasını görürük. Prezidentin əleyhinə hansısa bir çoxluq, koalisiya var. Onlar yeni prezidentin əleyhinədir. Nə etsələr, onun əleyhinədir. Nə kadr təşəbbüsləri, nə qanun layihələri dəstəklənmir”. Politoloq bildirib ki, Zelenski bu vəziyyətini əvvəlcədən gördüyündən növbədənkənar seçkilərə getdi. Lakin Fesenko üç aydan sonra, yəni parlament seçkilərindən sonra ölkədə tamamilə fərqli situasiyanın yaranacağını proqnozlaşdırır. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ukraynada baş verənləri hökumət böhranı adlandırmaq olmaz. Ali Radanın prezidentə müqaviməti isə parlament seçkilərdən sonra başa çatacaq: 

“İyulun 23-də Ukraynada parlament seçkiləri keçiriləcək. Hazırda Ali Radada səs çoxluğu eks-prezident Petro Poroşenkonun blokuna və Xalq Cəbhəsinə məxsusdur. Lakin onların reytinqi hazırda çox aşağıdır. Xalq Cəbhəsi Partiyasının seçkilərdə 5 faizlik baryeri aşacağı sual altındadır. Hazırkı parlamentin tərkibi iyulun 23-dən sonra olmayacaq. İndiki deputatların əksəriyyəti yenidən seçilməyəcək. Çox güman ki, prezident Zelenskinin liderlik etdiyi “Xalqın Xidmətçisi” Partiyasının parlamentdə qələbə çalmaq şansı yüksəkdir. “Xalqın Xirmətçisi” ən azı 30-35 faiz səs toplayaraq Ali Radada mandat sayına görə, birinci yeri tutacaq. Ali Radanın baş nazir Qroysman, müdafiə naziri Poltorak, xarici işlər naziri Klimkinin istefasının əleyhinə çıxsa da, iyul ayndan sonra vəziyyət dəyişəcək. Doğrudur, Qroysman öz partiyasından yenidən seçkilərə qatılacaq. Amma onun partiyası yüksək reytinqə malik deyil. Seçkilərdən sonra formalaşan yeni hökumət Vladimir Zelenski ilə əlaqəli işləyəcək”.

Politoloq parlament seçkilərindən sonra Ukraynada koalisiyalı hökumətin qurulacağını istisna etmədi. Elxan Şahinoğlunun sözlərinə görə, “Xalqın Xidmətçisi” Partiyası parlamentdə səslərin mütləq əksəriyyətini qazana bilməsə, o zaman başqa bir partiya ilə koalisiyaya gedə bilər: 

“Ukraynada bir partiyanın mütləq çoxluğu qazanması mümkün olmur. Zelenski prezident seçkilərində 73 faiz səs alıb. Buna baxmayaraq, ola bilsin ki, parlamentdə 30-35 faiz səs toplasın. Çünki Zelenskiyə səs verənlər Poroşenkonun əleyhdarları idi. Parlament seçkilərində isə həmin qüvvələr özlərinə yaxın olan partiyaya səs verəcəklər və “Xalqın Xidmətçisi” Partiyası tam üstünlüyü əldə edə bilməyəcək. Əgər sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi ”Batkıvşina” Partiyası Ali Radada mandat qazana bilsə, Zelenski onunla koalisiyaya gedə bilər. Timoşenko prezident seçkilərindən sonra Zelenskinin əleyhinə fikir söyləmir. Ona görə də Timoşenkonun baş nazir olması ehtimalı da az deyil”.

Qeyd edək ki, korrupsioner məmurlarla mübarizə aparacağını vəd edən V.Zelenskinin daxili işlər naziri Arsen Avakovu öz komandasında görmək istəyi müəmma yaradıb. Çünki milliyyətcə erməni olan Avakovun adı bir sıra korrupsiya cinayətlərində hallanır. Ukrayna prezidenti isə digər nazirləri istefaya göndərdiyi halda, A.Avakova əməkdaşlıq təklif edib. 

Elxan Şahinoğlunun sözlərinə görə, A.Avakovun nazir postunda qalması da seçkilərin nəticəsindən asılı olacaq: 

“Arsen Avakov Xalq Cəbhəsi Partiyasının üzvü olsa da, Zelenskiyə müəyyən dəstəyi var. Digər tərəfdən o, seçkilərin şəffaf keçirilməsinə mühüm rol oynadı. Yəni onun Zelenski ilə münasibətlərində problem yoxdur. Amma seçkilərdən sonra Avakov da öz vəzifəsini itirə bilər. Çünki Zelenski öz fəaliyyətində müstəqil olduğunu nümayiş etdirir. Bəziləri onun İqor Kolomoyskidən asılı olduğunu deyir. Zelenski son zamanlar atdığı addımlarla müstəqil fiqur olduğunu nümayiş etdirir. 

Mixail Saakaşvilinin Ukraynaya qaytarılması da onun müstəqil addımlarından xəbər verir. Çünki Saakaşvilinin Kolomoyski ilə münasibətləri gərgindir. Vladimir Zelenski onun qayıtmasına icazə verməklə, heç kimdən asılı olmadığlnı göstərdi. Parlament seçkilərində də əgər Xalq Cəbhəsi Partiyası kifayət qədər səs toplamasa, Zelenski başqa bir şəxsi daxili işlər naziri təyin edəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3499