hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: Məhkəmə, yoxsa muxtariyyət?

Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: Məhkəmə, yoxsa muxtariyyət?

"İndi də DİM-in rəhbəri Məleykə Abbaszadənin brifinq keçirəcəyi gözlənilir. Brifinqlər informasiyalı mühit üçün faydalı addımlardı, amma gərək həllini gözləyən, cəmiyyəti narahat edən məsələlərə də aydınlıq gətirilsin".

Cebhe.info-nun xəbərinə görə, bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiaları Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

O bildirib ki, ötən bir neçə gündə təhsil sahəsi, təhsilin rəqəmsallaşması ilə bağlı bir neçə aktual məsələyə diqqət çəkib: "Daha bir həllini gözləyən məsələni bir daha xatırlatmaq istərdim.

UNEC milyonlarla investisiya yatıraraq Distant Mərkəz qurub. Müəllimləri hazırlayıb, təhsil resurslarını rəqəmsallaşdırıb, Universitetdə tədris və idarəetmə yetərincə rəqəmsallaşıb.

AzTU, ADNSU, ADA, BANM , “Qərbi Kaspi” və s. Universitetlər də bu sahəni inkişaf etdirmək üçün ciddi səylər göstərirlər, infrastruktur qururlar, Mərkəzlər formalaşdırırlar.

Universitetlər təbii ki, bu addımları daha öndə olmaq üçün, əlavə təhsil xidmətləri üçün, yeni maliyyə imkanları üçün, beynəlxalq təhsil xidmətləri bazarına çıxış üçün atırlar".

Ekspert bu tip universitetlərin faydalıb olub-olmadığına, yaxın perspektivdə qoyulan investisiyaların bəhrəsini görə biləcəklərmi, rəqabətə davamlı bir təhsil qurumuna çevrilə biləcəkmi sualına da aydınlıq gətirib:

"Hələlik hökumət tərəfindən, TN və DİM tərəfindən universitetlərin bu addımlarının qarşılığında yetərli dəstək, rəqabətli mühitin formalaşmasına səylər, normal tənzimləmə müşahidə olunmur.

İndiyədək də hökumət, TN və DİM ali məktəblərə distant formada qəbul üçün qaydalar müəyyən etməyib, hər il hər bir ali məktəb üçün əyani və qiyabi forma üçün yerlərin sayı müəyyən olunsa da distant formada təhsil üçün qəbul planı müəyyən olunmur.

Sanki bir sıra universitetlərin inkişafı qəsdən ləngidilir. Bu cür mühit xeyli uzandığından düşünürəm ki, vəziyyətdən çıxış yolu aşağıdakılar ola bilər:

1. Hökumət, TN və DİM distant formada təhsilin təşkilinə hazır olan ali məktəbləri audit edib lisenziya verməlidir. Cari ildə bu ali məktəblərə əyani və qiyabi təhsil forması ilə bərabər, Distant təhsil formasınında da qəbul yerlərinin sayını müəyyən etməlidir.

2. Əgər 1-ci bənd mümkün deyilsə, onda məsuliyyət universitetlərin üzərinə qoyulmalı və bu sahədə onlara muxtariyyət verilməlidir.

3. Əgər 1-və 2-ci bənd alınmırsa, onda düşünürəm ki, bu xidməti göstərməyə hazır olan universitetlər yığışıb hökuməti, TN və DİM-i məhkəməyə vermək məsələsini nəzərdən keçirməlidir.

4. Əgər yuxarıdakı bəndlərin heç birisi mümkün olmayacaqsa, onda vəziyyət köhnə qaydada davam edəcək, ali təhsildə rəqabətli mühit formalaşmayacaq, yeni maliyyə mənbələri olmayacaq, universitetlər inkişaf üçün və beynəlxalq reytinqlərdə güclənmək üçün maraqlı olmayacaq, müasir çağırışlara cavab verən kadrlar hazırlanmayacaq və s.

Qeyd edim ki, 4-cü bənd ümumiyyətlə, ağlabatan görsənmir.

Çünki 4-cü bəndin seçimi, bir müddət öncə 4-cü Sənaye inqilabının çağırışları, bununla bağlı ölkəmizin müəyyən etdiyi hədəflər və qarşıda duran vəzifələrlə bağlı Prezidentin irəli sürdüyü fikirlərə zidd olardı.

Beləliklə, vəziyyətdən çıxış yolu, real görsənən yuxarıdakı üç variantdır. Hansı variantın seçiləcəyini də güman ki, yaxın vaxtlarda görəcəyik".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1948