hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Ürəyinin yanında qəlpə gəzdirən qazi: “Erməni mətbuatı öldüyümü yazdı, hamı zəng edirdi ki, şəhid olmusan” - FOTOLAR

Ürəyinin yanında qəlpə gəzdirən qazi: “Erməni mətbuatı öldüyümü yazdı, hamı zəng edirdi ki, şəhid olmusan” - FOTOLAR

27 sentyabr Ermənistan ordusunun Azərbaycanın cəbhə boyu ərazilərində təxribat törətməsinə cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu qələbə qazandı.

Azərbaycan Silahlı Qüvvələri 30 ildir işğal altında olan torpaqlarımızı azad etdi. Bu qələbədə ən böyük pay sahibi ön cəbhədə xidmətdə olan əsgər və zabitlərimizdir.

Cebhe.info döyüşlərədn birində yaralanaraq daha sonra qazi olan, Aprel döyüşlərinin, həmçinin Vətən müharibəsinin iştirakçısı kapitan Ələkbərli Ələkbər Ələsgər oğlu ilə həmsöhbət olub.

“Araz qırağından Ağcabədiyə qədər xidmətdə olmuşam”

13 yaşından bəri hərb işinin içində olduğunu bildirən kapitan bu illər ərzindəki təhsildən, xidmət müqavilində aldığı sertifikatlarından danışıb: “13 yaşımdan bəri hərbinin içindəyəm. 13 yaşımda Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşam. 2009-cu ildə oranı bitirib, elə həmin ildən də 2013-cü ilə qədər Azərbaycan Ali Hərbi Məktəbinin kursantı, Ümumiqoşun Komandiri olmuşam. 2013-cü ildən 2014-cü ilin iyul ayına qədər isə Təlim-Tədris Mərkəzində Tağım Komandiri sertifikatlarının verilməsində iştirak və Tağım Komandiri rolunda xidmət etmişəm. 2014-cü ilin avqust ayından bəri Füzuli rayonunda xidmətdəyəm. Cəbrayıl, Aşağı Seyidəhmədli, Yuxarı Seyidəhmədli, Hadrut istiqamətlərində, Üçtəpə, Göyəzən postlarında təmas xəttində xidmətdə olmuşam. Bir sözlə, Araz qırağından Ağcabədiyə qədər olan bütün xətlərdə xidmət etmişəm”.

““Botinkam”da maz olmayıb”

Kapitan Ələkbərli Ələkbər qeyd edib ki, 2014-cü ildən döyüşlər başlayana qədər birbaşa təmas xətti olan bölgələrdə xidmət göstərib: “Tağım Komandiri, Bölük Komandiri, Tabur Komandiri, Taburun Qərargah rəisinə qədər olan bütün vəzifələri Füzuli bölgəsində xidmət göstərərək qazanmışam. Leytenant rütbəsini Azərbaycan Ali Hərbi Məktəbində, kapitan rütbəsinə qədər olan bütün vəzifələri isə ön xətdə, səngərdə almışam. Bütün vəzifələri torpaqlarımız uğrunda canla-başla döyüşərək, xidmət göstərərək qazanmışam. Bu müddət ərzində, demək olar ki, “botinkam”da maz olmayıb. Həmişə ön xətdə, vəzifə başında, xidmətdə olmuşam”.

“Əsgər və zabitlərimiz döyüşə gülə-oynaya gedirdilər”

Qazimiz bildirib ki, 2016-cı ilin aprel ayının 1-dən 4-nə qədər olan Aprel döyüşlərində Təlim-Tədrisə Mərkəzində Bölük Komandiri sertifikatını almağa gəlib: “O müddətdə isə Aprel döyüşləri başladı. Döyüşlərin başladığını eşidən zaman könüllü şəkildə yenidən geriyə, xidmətə qayıtdım. O zaman da döyüşlər mənim bölüyümün olduğu istiqamətlərdə gedirdi. Mən də elə bir vəziyyətdə, Vətəni, bölüyümü düşünməyə bilməzdim. Həmin döyüşlərdə də Vətən müharibəsində olduğu kimi ordumuzda, əsgərlərimizdə yüksək əhval-ruhiyyə, döyüş əzmi var idi. Hamı bilirdi ki, bizim ordumuz döyüşərək torpaqlarımızı azad etmək gücündədir. Lələtəpənin qarşısındakı postda da Tağım Komandiri, daha sonra isə həmin postun Bölük Komandiri olmuşam. İstər Aprel döyüşləri olsun, istərsə də İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin hamısı döyüşə gülə-oynaya gedirdilər. Ermənilər biləndə ki, ordumuz gəlir, qaçıb gedirdilər. Düşmən bizim adımız gələndə qorxuya düşürdü”.

“Ali Baş Komandan komanda verdi ki, əməliyyat başlasın”

Kapitan Ələkbər Ələkbərli bildirib ki, düşmən 27 sentyabr axşam tanklarla, döyüş avadanlıqları ilə təxribata başlayıb: “26 sentyabrı axşam bizə kəşfiyyat məlumatı daxil oldu ki, düşmən təxribata hazırlaşır. Düşmən istəyirdi ki, bizdə olan Dağlıq Qarabaq ərazisinin bir qismini də işğal etsin. Biz də həmin gecə hücuma çıxış xəttinə getdik. Təmas xəttində gözlədik ki, düşmən hücuma keçəcək, yoxsa yox. Məqsədimiz belə idi ki, düşmən hücuma keçərsə, əks-həmlə əməliyyatlarına başlayaq və onların qarşısını alaq. Düşmən gözlənildiyi kimi hücuma keçdi. Onlar tanklarla hücuma keçmək istəyəndə, biz artıq təmas xəttindəydik. Əks-həmlə əməliyyatlarına başladıq, onları taktiki üsullarla geri otuzdurduq. Bu, bizə bir stimul oldu. Ali Baş Komandan komanda verdi ki, itirilmiş torpaqları azad etmək üçün əməliyyat başlasın. Biz də döyüşərək torpaqlarımızı azad etməyə getdik. Döyüşlərin 19-cu günü Füzuli istiqamətində, Qarabağın açarı deyilən bir yerdə yaralandım. Çiyin və qol nahiyəmdən qəlpə yaraları alaraq qazi oldum. Hazırda heç bir qəlpə çıxarılmayıb. Həkim müayinəsindən də keçdim. Lakin hazırda qəlpələrdən biri ürək nahiyəmə yaxın olduğu üçün çıxarıla bilmir. Mən İkinci Qarabağ Müharibəsində ön cəbhədə xidmət edən Komandir olaraq həmin qəlpələri ömrümün sonuna qədər özümlə daşıyacağam”.

“Erməni mətbuatı şəhid olduğumu yazıb”

Komandir bildirib ki, döyüşlər gedən zaman erməni mətbuatı onun adını da Azərbaycan şəhidləri sırasında verib: “Mənim yaxınlarım da bilirdi ki, mən ön cəbhədə döyüşdəyəm. Buna görə də daim həm mətbuatı izləyirdilər, həm də məndən xəbər gözləyirdilər. Bir gün eşitdim ki, erməni mətbuatı mənim şəhid olduğumu yazıb. Yaxınlarım, ailəm xeyli narahat olmuşdu. Mənə zənglər gəlirdi ki, sən şəhid olmusan. Özümə də qəribə gəlirdi ki, döyüş meydanında uduzan düşmən gör hansı vasitələrə əl atır. Amma sonunda məğlubiyyəti qəbul etməyə məcbur oldu”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 20406

Bizim Telegram səhifəmizi izləyin