hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Uşaqları kimə etibar edək? - “Bəzi dayələrin psixologiyasında manyaklıq var” - Psixoloq

Uşaqları kimə etibar edək? - “Bəzi dayələrin psixologiyasında manyaklıq var” - Psixoloq

Rusiyanın Engels şəhərində dəhşətli hadisə baş verib. 33 yaşlı Mixail Qruşinin övladı amansızlıqla qətlə yetirilib.

Mixail xanımı 36 yaşlı Yelenanı doğum evinə apararkən 6 yaşlı oğluna baxmaq üçün 47 yaşlı dostu Sergey Podqornovu evinə çağırıb. Daha sonra xəstəxanadan evə qayıdan Qruşin dəhşətli mənzərəylə üzləşib. Ata övladının başsız bədənini mətbəxdə tapıb. Hadisə yerinə polis cəlb olunub. İlkin araşdırmalara görə, uşağa dayəlik edən şəxs 6 yaşlı oğlanın başını kəsəsrək özü ilə apardığı məlum olub.

Qısa zamanda polis cinayətkarı saxlayıb.

Dayə polislərə açıqlamasında uşağın başını kəsdiyini xatırlamadığını soyuqqanlıqla danışıb. Onun narkotik təsiri altında olduğu məlum olub. Bildirək ki, uşağın anası hazırda xəstəxanadadır və hadisədən xəbərsizdir.

Maraqlıdır, dayə seçərkən valideynlər nələrə diqqət etməlidir? Dayə ilə böyüyən uşağın psixologiyasında hər hansı dəyişikliklər olurmu? Ana övladı ilə gün ərzində necə məşğul olsa uşağın psixologiyasına müsbət təsir edər?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, dayə cəmiyyətin ən yaralı yerlərindən biridir:

“Daha dəqiq desək, körpələrimiz bizim ən zəif yerlərimizdən biridir. Çünki körpələrimizi kiməsə əmanət etmək, elə bil ki, bir anlıq bədənimizin hər hansı nahiyəsindən birini kiməsə əmanət etmək kimi bir şeydir. Çox təəssüf ki, insanların xisləti üzlərinə yansımır. Düşünürəm ki, dayə seçərkən daha soyuqqanlı, daha məsləhətli dayələrə üstünlük verməliyik. Mənim fikrimcə, dayə seçimində dövlət nəzarəti də olmalıdır. Müəyyən imtahanlardan keçmiş, lisenziyalı, yəni dövlət tərəfindən psixoloji sağlamlığının təsdiqini almış dayələr olsa, buna nəzarət üçün müəyyən komitələr yaradılsa, çox yaxşı olar. Həmin nəzərdə tutulan komitələrdə dayələr psixologiyanı oxuyar, öz üzərlərində çalışardılar və bizdə onlara qarşı arxayınlıq yaranardı. Biz də əmin olardıq ki, bunun üçün xüsusi dayəlik kursları var. O dayəlik kurslarına dövlət nəzarət edərdi. Onlara orada psixologiya, pedaqogika, hətta loqapedlik kursları da keçirilərdi ki, uşaqla ünsiyyət, valideynlə davranış, ictimai baxış və sair məlumatları öyrənərdilər və uşaqlara daha bilgili yanaşardılar. Hətta dayəlik kurslarına yaxşı olardı ki, valideynlər özləri də gedərdilər. Hər hansı bir insanın daxilində manyaklık, şizofreniyalıq varsa, bu kurslarda, psixoloqların testlərinin nəticələrində daha aydın üzə çıxır”.

Psixoloq qeyd edib ki, valideynlər dayə seçərkən onların iş praktikasına, övladlarına necə yanaşmağına diqqət etməlidirlər:

“Əslində dayə seçməyin bir qanunu, düsturu yoxdur. Hətta yüksək intellektə sahib insanlar var ki, onların psixologiyasında da manyaklık var. Belə faktlar inkar olunmur və psixologiyada özünü göstərir. Ona görə də düşünürəm ki, dayələr müəyyən kurslarla, lisenziyalarla çalışsalar, daha yaxşı və daha güvənli olar”.

Psixoloq bildirib ki, nəinki dayələrlə hətta nənə ilə böyüyən uşaqlarla valideynlə böyüyən uşaqlar arasında fərq olur:

“Lakin burada çox önəmli bir məqam da var. Bizim toplumda belə bir fikir var ki, bir şeyi psixoloq deyirsə, o mütləq elə olmalıdır deyirlər. Lakin burada müəyyən faizlər var. Nənə ilə böyüyən uşaqlarla valideynlərlə böyüyən uşaqların psixologiyasında müəyyən fərqlər var dedikdə bu o demək deyil ki, hamı gedib düşməlidir nənələrin üzərinə. Yəni kəskin dərəcədə belə bir şey yoxdur ki, hər nənə ilə böyüyən uşağın psixologiyası fərqli olmalıdır. Valideyn uşaqla aqressiya ilə danışırsa, istər psixoloji, istərsə də fiziki təması yoxdursa, valideyn uşaqla psixoloji alyans yarada bilmirsə, bu boşluqları nənə doğru qaydada doldura bilirsə, deməli, sevginin təməli qoyulur. Bir az da bu məqama diqqət etmək lazımdır ki, kim öz övladına nə verir? Bilirsiz ki, hazırkı müasir dönəmdə hər iki valideynin də çalışdığı ailələr var. Heç kim zəmanət verə bilməz ki, mən bütün gün övladımla məşğulam. Hətta evdar qadınlar da var ki, onlar da günün 12 saatında övladıyla mehriban ünsiyyətdə olmurlar. Ana gün ərzində öz övladı ilə 2 saat da məşğul olsa, ona zaman ayırsa və o 2 saatı doğru-düzgün istiqamətdə istifadə etsə, bu uşağa daha çox müsbət təsir edir, nəinki bütün gün uşaqla aqressiya ilə məşğul olmaq. Günün 12 saatı uşaqla məşğul olan analar var ki, özləri telefonla məşğul olur, uşağa qışqırırlar, bütün gün aqressiya ilə yanaşırlar bu halın özü belə daha pisdir. Önəmli deyil uşaq nənə ilə böyüdü, xala ilə böyüdü, dayə ilə böyüdü önəmli olan odur ki, ana gün ərzində 2 saat belə olsa uşağı ilə münasibətdə olsun. Yəni günün 12 saatı uşaqla keyfiyyətsiz məşğul olmaq yox, günün 2 saatı keyfiyyətli məşğul olmaq vacibdir”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1343

Bizim Telegram səhifəmizi izləyin