hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Valideynlər uşaqlarını məktəbə buraxmır: Əvəzində özləri məktəbə gedir ki... - REPORTAJ

Valideynlər uşaqlarını məktəbə buraxmır: Əvəzində özləri məktəbə gedir ki... - REPORTAJ

Bu gündən ibtidai siniflər əyani tədrisə başlayıb.

Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Cebhe.info-nun əməkdaşı Yasamal rayonu ərazisindəki bəzi məktəblərdə müşahidə aparıb və övladlarını məktəbə gətirən valideynlərlə söhbət edib.

Əvvəlcə Yasamal rayonu 175 №-li tam orta və 53 №-li tam orta məktəblərdə olduq. Məktəbə ibtidai sinif şagirdləri az sayda gəlsələr də, karantin qaydalarına əməl olunurdu. Belə ki, ibtidai sinfə gələn şagirdlər əvvəlcə tibbi yoxlamadan keçir, temperaturu ölçülür, sonra dərs otaqlarına buraxılırdı. Dərs otaqlarında şagirdlər əsasən maskalarla və partada bir nəfər olmaqla oturdulmuşdu. İbtidai sinif şagirdləri qruplara bölünüb və hər sinifdə 10-11 nəfər şagird olmaqla dərslər keçirilir.

175 nömrəli məktəbə övladını gətirən valideyn şagirdlərin məktəbə buraxılması qaydasından danışdı:

“Şagirdlərin temperaturu yoxlanılaraq içəri buraxılır. Çox şagird gəlməyib. Bəlkə virusdan ehtiyat edirlər, bəlkə də ilk gün olduğu üçün belədir. Bizə deyiblər ki, hər kəsin övladı məktəbə gəldiyi vaxtdan iki saat sonra içəri buraxılacaq. Yəqin bu da qrupların müəyyənləşdirilməsi ilə bağlıdır”.

53 №-li məktəbdə də valideynlərlə söhbət etdik. Onların bəzisi uşaqlarını məktəbə könülsüz gətiriblər. Valideynlərdən biri dedi ki, bu məktəbdə onun 3 övladı oxuyur. Lakin virusa görə övladlarını məktəbə buraxmayacaq:

“Mənim 3 övladım bu məktəbdə oxuyur. Məktəb yaxşı təhsil verir. Valideynləri uşaqlarla içəri buraxmırlar. Mən bu gün övladımı gətirmədim. Amma gəldim məktəb rəhbərliyinə bildirim ki, övladlarım tədris prosesinə evdən onlayn şəkildə qoşulacaqlar. Baxmayın də, kiçik uşaqlardır, çox şeyi anlamırlar. Ona görə də virus riskindən qorxuram. Onsuz da uşaqlar məktəbə həftədə iki dəfə bəlli saatlarda gələ bilirlər. Gəlmək və ya onlayn qoşulmaq sərbəstdir. Burda birinciləri 3 qrupa bölüblər. Hər qrup 10-11 nəfər olmaqla müəyyən olunmuş saatlarda dərsə gələ bilərlər. Səhərdən burdayam, elə də çox uşaq gəlməyib”.

Müəllimlər isə bütün qaydalara əməl olunmaqla uşaqları qəbul etdiklərini, lakin mövcud vəziyyətlə əlaqədar əvvəlki illərdəki kimi coşqu olmadığnı bildirdilər:

“Bu gün səhər növbə ancaq birincilər olacaq. Digər ibtidai sinif şagirdləri günorta oxuyacaq. Nəzarət altında belə valideynlər içəri daxil ola bilmir. Yəni buna icazə yoxdur. Müəllimlər maska ilə gəzməli və siniflərində spirt olmalıdır. Əvvəlki illər kimi, təmtəraqlı qarşılama mərasimi keçirmədik. Çünki buna icazə yoxdur. Əvvəlcədən sosial məsafəni qorumaq üçün çəkilmiş xətlər əsasında düzülən şagirdləri təbrik etdik. Sonra qaydalara uyğun şəkildə qruplara bölüb, siniflərə yönləndirdik. Məktəbdə əsasən direktor, müavinlər və sinif rəhbərləri iştirak edir. Hələ ki, ilk günü belə başlamışıq”.

Məktəblərdə sakit bir ahəng müşahidə olunurdu. Sanki ilk dərs ili başlamamış, tədris ilinin sonuna yaxın günlərdəki kimi bir susqunluq vardı.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 5655