hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Valyuta ehtiyatı niyə azalır? - Qızıl bazarının Azərbaycandakı ƏKS-SƏDASI

Valyuta ehtiyatı niyə azalır? - Qızıl bazarının Azərbaycandakı ƏKS-SƏDASI

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib.

Ötən ilin sonunda Azərbaycanın cəmi valyuta ehtiyatları 49 milyard 933.7 milyon dollar təşkil etmişdi.

Bu ilin I rübünün sonunda cəmi valyuta ehtiyatlarının 42 milyard 761,3 milyon ABŞ dolları Dövlət Neft Fondunun aktivlərindən, 6 milyard 356.2 milyon dolları Mərkəzi Bankın valyuta ehtiyatlarından ibarət olub.

Məlum olduğu kimi, valyuta ehtiyatları ölkənin iqtisadi cəhətdən təhlükəsizlik yastığı hesab olunur. Məhz bu ehtiyatların mövcud olması ölkəyə kredit imkanlarını genişləndirməklə yanaşı, iqtisadi geriləmələr dövründə güvən verir.

Bəs valyuta ehtiyatlarımızın azalmasına səbəb nədir?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın valyuta ehtiyatlarının azalması xarici valyuta rezervlərinin idarəedilməsində yol verilmiş yanlışlıqlarla bağlıdır:

“Azərbaycanın valyuta ehtiyatlarının idarəolunması üzrə aparılan işlər bütün hallarda doğru yönəldilmir. Xatırladım ki, bir neçə il bundan əvvəl də Yaponiya yeninin dəyər itirməsi nəticəsində Azərbaycanın valyuta ehtiyatlarından kəskin azalma baş vermişdi. Təəssüf ki, dollar, avro və qızılla olan valyuta ehtiyatlarının idarəedilməsində çevik mexanizmlərdən istifadə olunmur.

Dünya birjalarında baş verən proseslər doğru-düzgün qiymətləndirilmir. Nəticə etibarı ilə valyuta ehtiyatlarımızın saxlanılması və idarəedilməsi proqramlarında çevik dəyişikliklər həyata keçirilmir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatlarının azalması dünya bazarında qızılın dəyər itirməsi ilə bağlıdır:

“Bu, birbaşa qızılın dəyər itirməsi nəticəsində baş verib. Son iki il ərzində dünya birjasında qızılın sabit qalması, daha sonra bir müddət yüksəlməsi Azərbaycan valyuta ehtiyatlarının idarəedilməsindən əldə edilən gəlirlərin artmasına səbəb olmuşdu.

Amma gərək bu proses dəqiq qiymətləndiriləydi. Qızılın yaxın hədəflərdə dəyər itirməsini müəyyənləşdirən beyin mərkəzləri olmalı idi. Təəssüf ki, bu məsələ nəzərdə tutulmadı.

Valyuta ehtiyatlarının azalmasının Qarabağda aparılan quruculuq işləri ilə hər hansı əlaqəsi yoxdur”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 1464