hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Valyuta ehtiyatlarımız bərpa edilib - Nəyin hesabına? - AÇIQLAMA

Valyuta ehtiyatlarımız bərpa edilib - Nəyin hesabına? - AÇIQLAMA

“Azərbaycan birinci rübdə azalmadan sonra strateji valyuta ehtiyatlarını artırmağa müvəffəq olub”.

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

“Hazırda bizim strateji valyuta ehtiyatlarımız faktiki olaraq 2020-ci ilin əvvəlinə olan göstəriciyə bərabərdir”, - AMB-nin sədri əlavə edib.

Qeyd edək ki, ilin birinci rübündə, xüsusilə mart ayında ölkəmizdə valyutaya tələb kəskin şəkildə artmışdı. Təkcə martda Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda 1,9 milyard dollar bazara təklif olunub, hər bir hərracda isə tələb 300-400 milyon dollara çatıb.

Buna rəğmən valyuta ehtiyatlarının ilin əvvəlində olan göstəriciyə qədər bərpa edilməsi sevindirici haldır.

Tələbin artması və baş verən azalmadan sonra Azərbaycanın valyuta ehtiyatlarının bərpası hansı amillərin hesabına baş verib?

İqtisadçı Rəşad Həsənov Cebhe.info-ya açıqlaması zamanı bildirib ki, mart ayından sonra ölkədə valyutaya olan tələb aşağı düşüb:

“Mart ayında məzənnənin qorunub saxlanması üçün birdən-dirə bazara vəsait çıxarıldı. Eyni zamanda Dövlət Neft Fondunun, Mərkəzi Bankın aktivlərinin bir hissəsi birjada dəyərsizləşdi, bunun nəticəsində birinci ilin sonunda valyuta ehtiyatları 48 milyard dollara yaxın bir məbləğ səviyyəsinə düşdü. Amma sonrakı dövürdə xərcləmələr azaldı. Çünki Neft Fondu da büdcə qarşısında öhdəliklərini artıqlaması ilə yerinə yetirmişdi, Fond mart ayında konvensasiya etdiyi vəsaiti artıqlaması ilə dövlət büdcəsinə köçürmüşdü və artıq Fondun hazırkı şərtlər daxilində bazara daha çox valyuta təklif etməsinə ehtiyac yox idi”.

İqtisadçı deyir ki, Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli hissəsi qızıldadır:

“Son 4 ay ərzində qızılın 1 unsiya qiyməti təxminən 450 dollar bahalışıb. Qızılın bahalaşması da qiymətləndirmə zamanı dollarla ifadə olunaraq, ARDNF-in aktivlərinin artmasına gətirib çıxarır. Qiymətli kağızlar səhm bazarında baş verən uzuclaşmadan sonra yenidən bazarda toparlanma müşahidə olunur. ARDNF də müəyyən itgilərini kompensasiya edir. Yenidən dəyərləndirmə aparıldıqda və bu ABŞ dolları ilə ifadə edildikdə bu itgilərin bir hissəsinin qayıtmasına gətirib çıxarır.

Qiymətlərin korreksiyası buna təsir göstərir. Başqa bir məsələ isə neftin qiymətinin may ayından etibarən itgilərini bərpa etdirmək istiqamətində dinamika nümayiş etdirməsidir. Həmçinin indiki halda valyuta bazarında iqtisadi aktivlik aşağı düşüb, xarici səfərlər əhəmiyyətli dərəcədə azalıb. İstehlak gücü və bunun müqavilində idxal azalıb. Bu isə daxili bazarda tələbin azalmasıdır. Bütün bu faktorlar müəyyən qədər ARDNF və Mərkəzi Bankın aktivlərinin, valyuta ehtiyatlarının bərpasına şərait yaradan amil kimi çıxış edə bilər”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2410