hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Valyutadəyişmə məntəqələri qanunsuz fəaliyyətə başlayıb? – AÇIQLAMA

Valyutadəyişmə məntəqələri qanunsuz fəaliyyətə başlayıb? – AÇIQLAMA

Bakıda bir neçə ünvanda özəl valyutadəyişmə məntəqəsi fəaliyyətə başlayıb.

Marja-nın məlumatına görə, banklardan fərqli olaraq bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur, alıcı və satıcılardan sənəd və xüsusi formanın doldurulması tələb edilmir.

Məsələn, müştərlilər istədikləri məbləğdə ABŞ dolları ala bilirlər. Həmçinin açıq-aşkar çalışan bu məntəqələr həftənin şənbə və bazar günləri də fəaliyyət göstərirlər.

Marja-nın əməkdaşı belə valyutadəyişmə məntəqələrindən birində olub. Məlum olub ki, özəl valyutadəyişmə məntəqələrində Dollar 1.70 manatdan alınır, 1.7060 - 1.7070 manatdan satılır.

Qeyd edək ki, bu gün əksər banklar dolları 1.6970 - 1.7000 manatdan alıb, 1.7020 - 1.7025 manatdan satırlar. “Sənədlərimizi Mərkəzi Banka təqdim etmişik”, - özəl valyutadəyişmə məntəqəsini işlədən şəxs bildirib.

Məlum olduğu kimi, Mərkəzi Bankın 2016-cı ildə qəbul etdiyi qərara əsasən, valyutadəyişmə məntəqələrinin fəaliyyətləri dayandırılıb. Eləcə də Mərkəzi Bankın göstərişinə əsasən, kommersiya bankları bir vətəndaşa bir il ərzində maksimum 11750 dollar sata bilərlər.

Belə olan təqdirdə valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması, eləcə də onlarda dolların satışına limitin qoyulmaması qanunsuzdurmu?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bir neçə il əvvəl qanunvericiliyə müvafiq müdəalar daxil olub ki, bank qurumu olmayan valyuta dəyişmə məntəqələri açıla bilər, amma onlar Mərkəzi Bankdan lisenziya almalıdırlar:

“Buna baxmayaraq, heç kimə lisenziya verilmirdi. İndi isə valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması haqqında xəbər yayılsa da, Mərkəzi Bank heç kimə lissenziya verilmədiyini açıqlayıb. Ona görə də bu cür informasiyalar təəccüb yaradır. “Dünyanın düz vaxtı” heç kimə lisenziya verilmirdi, indi isə Mərkəzi Bank çalışır ki, dollar alışının qarşısını alsın, müxtəlif vasitələrə əl atılır, vətəndaşlara kifayyət qədər dollar satılmır, qanuna zidd olaraq limitlər qoyulur, insanlar sorğu-suala tutulur. Aydındır ki, banklar bunu özbaşına etmir. Belə bir vaxtda kimə isə lisenziya verilməsi gözlənilməzdir”.

Bununla belə ekspert deyir ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması yaxşı olardı:

“Hazırda bank filalları qarşısında növbələrin şahidi oluruq - kimsə kreditinə, kimsə əmanətinə, kimsə 190 manata görə, bəziləri isə valyuta dəyişməyə görə gəlir. Yaxşı olardı ki, indiki dövrdə valyuadəyişmə məntəqələri ayrı olsun ki, sıxlıq yaranmasın”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2234