hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Vaşinqtonda Qarabağ danışıqları: Rəsmi Bakını razı salmayan detallar

Vaşinqtonda Qarabağ danışıqları: Rəsmi Bakını razı salmayan detallar

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar çərçivəsində növbəti görüş xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda baş tutub.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan arasında Vaşinqtonda baş tutan görüşün nəticələri haqqında ilkin rəy verilib. Azərbaycan Xarici İşlər Nazirliyi görüşün nəticələri haqqında bildirib ki, Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər.

“Azərbaycan tərəfi bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir. Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir.

3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub”,- deyə XİN-in açıqlamasında qeyd edilib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə görüşü bu cür şərh edib: “Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik”.

E.Məmmədyarov görüş zamanı "intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib. O, son vaxtlar təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib: "Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır”.

E.Məmmədyarov indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkib. O, habelə problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışıb:

"Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışanda digər vacib məsələ Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi biz əhalini sülhə hazırlamalıyıq”.

Maraqlıdır, Vaşinqton görüşündə hansı təkliflər səsləndirilibə Səslənən təkliflər Azərbaycanın maraqlarına nə qədər uyğundurə

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya şərhində Vaşinqton görüşündən gözləntilərin olmadığını deyib. F.Sadıqov hesab edir ki, bu kimi nəticəsiz çağırışlar çox olub:

“Əslində bu görüşdən böyük gözləntilər yox idi. Çünki bu, sadəcə olaraq Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirilən növbəti görüşdür. Hesab edirəm ki, görüşün nəticələri haqqında da nəsə demək mümkün deyil. Həmsədrlərin müxtəlif çağırışlarını çox eşitmişik. İndi də deyirlər ki, masada hansısa konkret təkliflər var. Əgər bu təkliflər “Madrid prinsipləri” ilə sıx bağlıdırsa, bizi qane edə bilər. Çünki Madrid prinsiplərinə görə Azərbaycan torpaqlarının azad olunması ilkin addımdır. Sonradan Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi davam olunmalıdır. Bu, bizi tam qane edir. Yox, əgər budəfəki konkret təkliflər çağırışlarla bağlıdırsa, düşünürəm ki, bu qanedici deyil. Çünki bu tip çağırışlar çox olub, bizi Ermənistanla bərabərləşdirməyə çalışıblar. Bu, tam mənada Azərbaycanın maraqlarına cavab vermir. Çünki işğal davam etdikcə, Ermənistanla hansısa münasibət qurmaq, kompromisə getmək mümkün deyil. Hesab edirəm ki, həmsədrlər bunu dəqiq başa düşməlidirlər”.

Fikrət Sadıqov sonda vurğulayıb ki, artıq danışıqların yeni mərhələsi sona yetdi:

“Amma hər halda bizi maraqlandıran heç nə olmadı. Təbii ki, belə bir görüşdən gözləntilər də ola bilməzdi. Çünki bu, ola bilsin ki, hansısa bir sülhə hazırlıq addımları ola bilər. Burada heç bir saziş imzalana bilməzdi. Qarabağ münaqişəsi ətrafında hazırkı vəziyyət bu cürdür”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2993