hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Vətən müharibəsi: Ali Baş Komandan diplomatiya və döyüş meydanında qələbələri sıralayır-RAKURS

Vətən müharibəsi: Ali Baş Komandan diplomatiya və döyüş meydanında qələbələri sıralayır-RAKURS

Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Lakin ermənilərin hərbi təxribatlarının qarşısı lazımınca alınır. Azərbaycan dövlətinin mükəmməl diplomatik gedişləri, ordumuzun müzəffər yürüşü düşməni qorxuya salıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz həm diplomatik, həm informasiya, həm də döyüş meydanında qətiyyətlə qələbə çalmaqda davam edir.

Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozan erməni faşistlərinin cavabı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də söz verdiyi kimi, döyüş meydanında verilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu barədə oktyabrın 16-da Rusiyanın “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Baza prinsiplərində Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunmasının nəzərdə tutulduğunu qeyd edən dövlət başçımızın dediyi kimi, birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən ərazilər-Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhəddinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi koçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur.

Dövlət başçımız bu çıxışında da bildirdi ki, Ermənistanın yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar. Bunu Ermənistanın Baş naziri dəfələrlə deyib və nədənsə hələ 1993-cü ildə bu barədə müddəa imzalayan beynəlxalq təşkilatlar susaraq erməni faşistlərinin işlətdikləri cinayətlərə göz yumub. Hələ üstəlik utanıb çəkinmədən, öz havadarlarına arxalanan Ermənistanın müdafiə naziri deyir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşırlar. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi olaraq biz həmişə təmkinli olmuşuq, heç bir təxribata getməmişik.

Bizim ünvanımıza erməni tərəfi həmişə böhtan, şər xarakterli fikirlər səsləndirib. Ali Baş Komandan cənab İlham Əliyev xalqın iradəsini ifadə edərək bildirdi ki, hər bir müharibə qəddarlıq, qurbanlar, insan itkisi deməkdir. Amma fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Bu faktı atrıq beynəlxalq vasitəçilər görməzdən gələ bilməz.

Onlar da çox yaxşı bilirlər ki, qondarma “Dağlıq Qarabağ ordusu“ yoxdur. Erməni tərəfinin bu gün belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Cənab Prezidentin də vurğuladığı kimi buna heç nə ilə haqq qazandırmaq olmaz-istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Hamımızın ürəyindən keçəni deyən dövlət başçımız bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxılmaması siyasətini yürütmək mümkün deyil. Axı erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb.

Məsələnin başqa bir tərəfini qeyd edən cənab Prezident bildirib ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çox böyük bir qüvvə və vaxt sərf etmək lazımdır. Elə buradan da açıq-aydın görünür ki, ermənilərin bu siyasətinə heç nə ilə haqq qazandırmaq olmaz. İnsan necə özünün olanı söküb, talan edib dağıda bilər. Bu hansı məntiqə sığır. Tarixdə rol məsələsinə münasibət bildirən cənab Prezident dedi ki, mən əvvəlllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını döğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir.

Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Mən isə bir Azərbaycan vətəndaşı olaraq, xalqın nümayəndəsi kimi özümə borc bilirəm ki, hər birimizin adından Sizə təşəkkür edim, cənab Prezident. Siz artıq adınızı qızıl hərflərlə Azərbaycan xalqının qəlbinə, tarixinə yazdınız. Qədirbilən xalqımız Sizin bu xidmətlərinizi heç vaxt unutmayacaq. Siz xalqın etimadını döğrultdunuz.

Bizə ard-arda bu qələbə sevinclərini yaşatmaqda davam edirsiniz. Xalqın iradəsini layiqlə ifadə edərək Siz hər üç cəbhədə: diplomatik, informasiya və Ali Baş Komandan kimi döyüş meydanında düşməninin cavabını mətinliklə verirsiniz. Siz hər bir azərbaycanlının qürur, inam, ümid yerinə çevrildiniz.

Elə bu məqaləni yazarkən sevincimin həddi-hüdudu olmadı, cünki Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin və Füzuli rayonunun 7 kəndinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Yeni qələbə xəbərləri ilə deyirəm: Eşq olsun Azərbaycan Ordusuna və Ali Baş Komandan cənab İlham Əliyevə! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Çingiz Dadaşov,
Nəsimi rayon sakini, ehtiyatda olan zabit


Oxunma sayı: 1695

Bizim Telegram səhifəmizi izləyin