hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Vətən müharibəsinin 100-cü günü: “Azərbaycan öz ərazilərini işğaldan azad etməsi tarixi hadisəsdir”

Vətən müharibəsinin 100-cü günü: “Azərbaycan öz ərazilərini işğaldan azad etməsi tarixi hadisəsdir”

Vətən müharibəsinin başa çatmasının 100-cü günü yaxınlaşır.

Bu müddətdə həm Ermənistan-Azərbaycan münaqişəsinin həlli, həm də Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətinin dəyişməsi baxımından ciddi proseslər baş verib.

Hərbi əməliyyatların başa çatmasına dair Azərtbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticələrinə müxtəlif yanaşmalar mövcuddur.

Bu isə ilk növbədə, Ermənistanın kapitulyasiya sənədini qəbul etməsinə rəğmən, münaqişənin nizamlanmasına dair bir sıra problemlərin hələ öz həllini tapmaması ilə bağlıdır.

Ancaq Azərbaycan öz ərazi bütövlüyünü demək olar ki, təmin edib. Vətən müharibəsindən sonra yalnız Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar deyil, həm də Azərbaycanın tarixi torpaqları olan Zəngəzur vilayətinin bir sıra əraziləri də Ermənistanın ilhaqından geri alınıb.

Rəsmi İrəvan SSRİ dövründə Azərbaycanla mövcud olmuş dövlət sərhədlərinin bərpasına razılıq verib. Lakin Dağlıq Qarabağda qalan və 1990-cı illərin əvvəlində Azərbaycan ərazilərinin işğalında iştirak etmiş bir qrup terrorçu müharibənin nəticələrini dəyişəcəyinə Qarabağdakı erməniləri inandırmağa çalışır.

Sözügedən təxribatçılar müharibədən məğlub çıxmış və bütün hərbi resursları dağılmış Nikol Paşinyan hökumətinin onlara kömək etməyəcəyini yaxşı bilir. Artıq rəsmi İrəvan Azərbaycan ərazisinə silahlı qüvvə göndərməmək barədə qərar da qəbul edib.

Ona görə də Qarabağdakı terrorçuları ümidlərini Rusiyanın yardımına bağlayıb. Rusiyanın onlara dəstək verəcəyi isə sual altındadır. Çünki regionda qüvvələr nisbəti xeyli dəyişib. Hətta geosiyasi konfiqurasiya 7-8 ay öncəki vəziyyətin analoqu deyil. Cənubi Qafqazda geosiyasi mövqeyini qoruyub saxlamaq və nəqliyyat-kommunikasiya dəhlzilərinə nəzarəti əldə saxlamaq üçün Rusiyanın Azərbaycanla əməkdaşlığa ehtiyacı var.

Eyni zamanda bölgədə təsiri getdikcə artan Türkiyə amili Azərbaycanın mövqeyini gücləndirir. Böyük Britaniyanın işağladan azad olunmuş ərazilərə minatəmizləmə əməliyyatını həyata keçirmək məqsədilə hərbi kontingent göndərmək niyyəti isə NATO-nun Cənubi Qafqazda fəaliyyətini genişləndirmək planından xəbər verir.

Bu isə yaxın perspektivdə Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış əldə etməyə çalışan Qərb dövlətləri ilə Rusiya və İran arasında rəqabətin artacağını göstərir. Bir sıra ekspertlər bu prosesi Azərbaycanın yerləşdiyi bölgənin siyasi və hərbi poliqona çevrilməsi təhlükəsi kimi şərh edir. Ancaq istənilən halda, müharibənin yekunlarından sonra regiona marağın artması Azərbaycanın geostrateji əhəmiyyətinin də yüksəldiyini deməyə əsas verir.

Politoloq İlqar Vəzlizadə Cebhe.info-ya açıqlamasında qeyd etdi ki, Vətən müharibəsində Azərbaycan heç nə itirməyib:

“Əksinə, Azərbaycanın qazandığı uğurlar perspektivdə daha müsbət nailiyyətlər əldə etməyə imkan verə bilər. Azərbaycan 44 günlük müharibədə yalnız qazandı. Xalqımızın tarixində indiyə qədər belə müharibə olmayıb. Biz misilsiz zəfər çaldıq. Müxtəlif dövrlərdə müxtəlif müharibələr olub. Bu, müstəqil Azərbaycanın ilk qələbəsidir. Tarixdə Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu dövlətləri, xanlıqlar mövcud olub. Amma siyasi cəhətdən institutlaşmış Azərbaycan dövləti olmayıb. Bu Azərbaycanın ilk dövlətidir. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Dövləti olub. Amma hazırkı dövlətimiz son 30 ildə Azərbaycanı bir ölkə kimi yaşatdı. Tarixmizdə ilk dəfədir ki, xalqımız qalib gəlir. Bu həm də Cənubi Qafqazın tarixində mühüm hadisədir. Bu hadisəni ilık dəfə Azərbaycan xalqı yaşayıb. Əlbəttə, biz müharibəni ermənilərlə etmişik. Amma dünyanın aparıcı dövlətləri bu müharibənin baş verməsini istəməzdi. Türkiyədən və Pakistandan başqa heç bir ölkə Azərbaycana qeyd-şərtsiz dəstək verməyib. Belə bir şəraitdə müharibə aparmaq hər ölkənin, hər xalqın işi deyil. Ona görə də döyüşlərdə həlak olan hər bir şəhidimiz qəhrəmandır. Onların adları tarixə yazılıb. İndi bu hadisənin nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Mən onunla razı deyiləm. Müasir tarixdə kiçik bir ölkə böyük dövlətlərlə üz-üzə dayanaraq, öz istəyinə nail oldu. Doğrudur, münaqişənin başa çatmasına baxmayaraq, bir sıra məsələlər hələ öz həllini tapmayıb. Fikrimcə, bu problemlər də yaxın gələcəkdə aradan qalxacaq”.

Ekspert hesab edir ki, mövcud problemlərin həllinə nail olmaq üçün hərbi əməliyyatların yenidən başlanması istisna deyil:

“Lakin bu məsələlər diplomatik vasitələrlə də yoluna qoyula bilər. Ölkəmiz hər an problemi güc yolu ilə həll etməyə hazır olmalıdır. Qarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birlikdə keçirilən hərbi təlimləri də bu hazırlıqların getdiyini göstərir. Amma mən ümid edirəm ki, yaxın gələcəkdə buna ehtiyac olmayacaq. Çünki digər ölkələr də başa düşür ki, əgər güclü ölkələrlə müharibə aparsalar onların mövqeləri zəifləyə bilər. Ermənistan Rusiyaya arxalanır. Ancaq Vətən müharibəsi göstərdi ki, Rusiya bu cür ssenarilərdən çəkiləcək”.

İlqar Vəlizadənin sözlərinə görə, kiçik ölkə olan Azərbaycanın öz gücü hesabına ərazilərini işğaldan azad etməsi tarixi hadisəsdir:

“Türkiyə siyasi, mənəvi dəstək versə də, müharibənin əsas yükü Azərbaycanın üzərinə düşüb. Azərbaycanın bu qələbəsi isə yalnız yerləşdiyi regionda deyil, beynəlxala münasibətlər sisteminin dəyişməsinə təsir göstərib. Həmişə belə bir fikir üstünlük təşkil edib ki, dünyanı nəhəng dövlətlər idarə edir. Kiçik ölkələrin heç bir rolu yoxdur. 44 günlük müharibə isə göstərdi ki, bu belə deyil. Bu, dünya təcrübəsinə də yenilik gətirdi. Azərbaycanın təcrübəsindən yararlanaraq bəzi dövlətlər özünün müdafiə qabiliyyətini artırmağa başlayıb. Azərbaycanın qələbəsi olmasa idi, bu mümkün olmazdı. Müharibədən sonra məlum oldu ki, böyük dövlətlərin bölgədəki marağını biz tənzimləyirik. Məsələn, Rusiyanın və Türkiyənin Dağlıq Qarabağda sülhməramlı monitorinq mərkəzi fəaliyyət göstərir. Yarım il öncə bunun mümkünlüyünə heç kim inanmazdı. Ancaq Azərbaycanın təkidi ilə belə bir vəziyyət formalaşdı. Azərbaycan burada müşahidəçi mövqeyi tutmayıb və prosesin tənzimlənməsində həlledici rol oynayıb”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6876