hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Vətən Müharibəsinin 15-ci günü: 3 cəbhədə döyüşən Azərbaycan nə qazanıb?

Vətən Müharibəsinin 15-ci günü: 3 cəbhədə döyüşən Azərbaycan nə qazanıb?

Ermənistanın cəbhə xətti boyu təxribatına cavab olaraq Azərbaycanın başlatdığı əks-həmlə əməliyyatının 15-ci günüdür.

Bu günədək Azərbaycan döyüş meydanında ciddi uğurlar əldə edib. Artıq bir sıra ərazilər düşmən işğalından azad edilir. Müharibə tək döyüş meydanında getmir, eyni zamanda siyasi gündəm də gərgindir. Dünyanın gözü hazırda Cənubi Qafqazdadır. Ermənistan tərəfi bu müddət ərzində mülki əhalini atəşə tutmağa, döyüş bölgəsində yerləşməyən şəhərləri bombalamağa davam edib.

Vətən Müharibəsinin 15 günündə Azərbaycan nə qazanıb?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, hazırda üç istiqamətdə - hərb meydanında, diplomatiyada və informasiya məkanında savaş gedir:

“Hərb meydanında açıq-aşkar uğurlarımız var. Ola bilsin ki, cəmiyyətin bir hissəsi uğurların daha tez əldə olunmasını istəyir. Amma nəzərə almaq lazımdır ki, düşmən 27-30 il ərzində istehkamlar qurub. Dağlıq Qarabağı barıt çəlləyinə çevirib. Rusiyadan havayı aldığı silahları Qarabağda yerləşdirib. Bunların hamısını darmadağın etmək, əlbəttə, vaxt aparır. Amma artıq cəbhə xəttini yarmışıq, xeyli də irəliləmişik. Artıq şərtləri diktə edən tərəf bizik”.

Politoloqun fikrincə, diplomatiyada da ciddi savaş gedir:

“Moskva görüşünün Azərbaycan üçün faydalı olduğunu düşünmürəm. Orada bəzi maddələr heç bizim maraqlara cavab vermir. Baza prinsiplərinə gəlincə, biz artıq iki rayonu azad etmişik. 3 rayonu da azad edə bilərik. Şərtləri biz diktə ediriksə, artıq keçmişdə ATƏT-in Minsk qrupunun hazırladığı mərhələli həll planı bizim maraqlarımıza cavab vermir. Çünki məsələni özümüz də həll edə bilərik. Əsas odur ki, işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarılsın. BMT-nin 4 qətnaməsi yerinə yetirilsin. Moskvadakı bəyannamədə çox təəssüf ki, bunlar da yer almayıb. Ona görə də gələn dəfə gərək Türkiyə olmadan masada oturmayaq. Dövlət başçısı özü də deyir ki, Türkiyə danışıqlarda iştirak etməlidir. Ona görə də artıq Rusiyanın təkbaşına vasitəçiliyini qəbul edə bilmərik. Bir tərəfdən, Moskvada danışıqlarda iştirak edəcəyik, o biri tərəfdən Rusiya humanitar yardım adı ilə Ermənistana silah daşıyacaq. Bu, bizim maraqlar baxımından mümkünsüzdür”.

İnformasiya savaşının da davam etdiyini deyən E.Şahinoğlu onu da əlavə edib ki, ermənilər xeyli dezinformasiya yayır:

“Azərbaycanla bağlı məlumatlar da dünya mətbuatında yayılır. Ermənistan artıq erməni lobbisini də işə salıb, yaşadıqları ölkələrin hakimiyyətinə təzyiq etdirsinlər ki, guya Dağlıq Qarabağın müstəqilliyini tanısın. Bütün istiqamətlərdə Ermənistanla savaş içindəyik. Uğurlarımız var, bəzi məsələlərdə isə çevikliyi artırmalıyıq. Düşünürəm ki, daha çox əraziləri azad etsək, ermənilər bizim şərti qəbul etməyə məcbur qalacaqlar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 16369

Bizim Telegram səhifəmizi izləyin