hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Vətən savaşı: “Ermənistanın potensialı yalnız 10-15 günə yetə bilər” - MÜSAHİBƏ

Vətən savaşı: “Ermənistanın potensialı yalnız 10-15 günə yetə bilər” - MÜSAHİBƏ

Qarabağ cəbhəsində erməni təxribatları davam edir.

Sentyabrın 27-dən ermənilərin təxribatına əks- hücum zərbəsi ilə cavab verən Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad edir. Artıq erməni ordusunda panika yaranıb.

Nə ilə qarşılaşdığını dərk edə bilməyən erməni əsgərləri və muzdluları qaçmaqdan başqa çarə görmürlər. Ermənistan rəhbərliyi də ordusunun duruş gətirə bilmədiyini anladığı üçün dünya dövlətlərinə yalvarmağa başlayıb. Lakin beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu anlayan dünya dövlətləri də tərəfləri yalnız atəşkəsə çağırırlar.

Minsk Qrupunun 3 həmsədr dövləti-ABŞ, Fransa və Rusiya ilk olaraq heç bir şərtsiz atəşkəs elan edilməsini tələb edən bəyanat yayıblar.

Axı nəyə görə 30 ildir erməni işğalına göz yuman bu dövlətlər 4 gündə bir araya gəlib bəyanat hazırlayır? Hansı maraqlar onları Ermənistanı qorumağa sövq edir?

“Cümhuriyət”in bu və digər suallarını müsahibimiz, Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli cavablandırıb.

“Onlar bu 30 ildə Ermənistanın işğalçılıq siyasətini malalayıblar”

-Mayis bəy, Azərbaycan haqlı müharibə aparır və öz torpaqlarını 30 illik işğaldan azad etməyə başlayıb. Lakin bu bəzi dövlətləri çox narahat edir. Xüsusən, Fransanın, Rusiyanın, İranın narahatlığı aydın görünür. Bunun səbəbi nədir?

-Bizim torpaqlarımızın 30 il işğal altında qalmasının səbəbi elə sizin adlarını sadaladığınız və bir neçə sadalamadığınız dövlətlərdir. ABŞ, Fransa, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləridir. Onlar Qarabağ probleminin həlli üçün BMT-dən mandat alıblar. Amma göründüyü kimi, onlar nəinki, mandatın tələb etdiyi vəzifələri yerinə yetirməyiblər, əksinə bu illər ərzində Ermənistanın işğalçılıq siyasətini, torpaqlarımızı qəsb etməsini malalayıblar. Hesab edirəm ki, bu ilk növbədə həmin dövlətlərdə güclü erməni lobbisinin olmasından qaynaqlanır. Birləşmiş Ştatlarda, Rusiyada, xüsusən də Fransada güclü erməni icmaları, diaspor təşkilatları yerləşir. Bu diasporlar həmin ölkələrdəki siyasi proseslərə, seçkilərə ciddi şəkildə təsir edə bilirlər. Onlar istər Amerikada, istər Fransada və digər dövlətlərdə seçilən namizədlərə dəstək verdikləri üçün indi də dəstək alırlar. Rusiyaya gəldikdə isə onun Ermənistanda çox güclü maraqları var. Əslində, Ermənistan bizim tarixi torpaqlarımızda Rusiya tərəfindən yaradılmış qondarma bir dövlətdir. Bu gün Ermənistan əslində müstəqil dövlət yox, Rusiyanın por-postudur. Ona görə də bəyanat yayan üç dövlət bu illər ərzində Ermənistanı müdafiə ediblər. ATƏT-in Minsk Qrupunun həmsədrliyində bizim sözümüzü deyə biləcəyimiz dövlət olmayıb. İndi həmsədrlər sadəcə masa arxasında oturmaqla məsələnin yubanmasını istəyirlər. 30 il ərzində Qarabağ problemi ölü nöqtədən o tərəfə getməyib. Madrid razılaşmasını da bu həmsədrlər həyata keçirə bilməyiblər. Məlum olduğu kimi, Madrid danışıqlarına əsasən münaqişənin mərhələli həlli nəzərdə tutulurdu. Amma ATƏT- in Minsk Qrupunun həmsədrlərinin havadarlığı nəticəsində Ermənistan bu razılaşmadan da boyun qaçırdı. Paşinyan isə danışıqlar prosesini məhv etdi. O da bu gün hay- küy salan həmsədr üçlüyünə arxayın idi. Sülhün, əmin-amanlığın pozulmasına cavabdeh, Amerika, Rusiya və Fransadır. Bu gün Makron haray- həşir salıb erməniləri müdafiə edir, bizə hədə- qorxu gəlməyə çalışır. Bu əbəsdir, biz heç kimdən qorxmuruq. Biz torpaqlarımızın azadlığı uğrunda öz ərazimizdə vuruşuruq. Ona görə də axıradək gedəcəyik. Qaldı İranın mövqeyinə, o, islam respublikası adına iddia edən bir dövlət kimi olduqca çıxış etməsinə baxmayaraq, bu məsələdə çox şərəfsiz fəaliyyət göstərir. Ermənilər azərbaycanlıları müsəlman olduğu üçün qətlə yetirir, etnik təmizləmə aparırlar. Bu gün Ermənistanın ərazisində demək olar ki, bircə müsəlman yoxdur. Belə olan halda İran niyə Ermənistanı müdafiə edir? Bizim isə İrana verdiyimiz dəstək çox böyükdür. Əgər Azərbaycan və Türkiyənin qəti mövqeyi olmasaydı ABŞ çoxdan İranı vurub məhv etmişdi. Biz əsl müsəlman mövqeyimizi ortaya qoyub Azərbaycan ərazisindən istifadə edilməklə İranın vurulmasına icazə verməmişik. Hələ Azərbaycanın dövlət başçısı o zaman Amerika prezidenti Buşla görüşərkən mətbuata verdiyi ilk açıqlaması o oldu ki, biz ərazimizdən İrana qarşı istifadə edilməsi üçün heç kimə, o cümlədən ABŞ-da icazə verməyəcəyik. Amma bu gün İran bizə qarşı nə nümayiş etdirir. İran həmişə terrorçu Ermənistan üçün ərzaq, silah, humanitar yardım, bir sözlə nəfəslik olub.

-Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdiyi bir vaxtda bəzi dövlətlərin atəşkəs çağırışları eşidilir. İşğalçı Ermənistana zəbt etdiyi torpaqlarımızı boşaltmaq üçün bircə dəfə çağırış etməyən bu dövlətlər, indi atəşkəs tələb edirlər. 30 illik atəşkəs və danışıqlar prosesi heç bir nəticə vermədi. Azərbaycan atəşkəsə niyə getməlidir ki?

-Təəssüflər olsun ki, bu dövlətlər bircə dəfə Ermənistandan Azərbaycan torpaqlarını boşaltmasını tələb etməyib. Onlar Ermənistanı dəstəkləməklə, onun başını sığallamaqla məşğul olublar. Bu gün də bizi danışıqlara, masa arxasına çağıran dövlətlər, xüsusən də Rusiya, Fransa, ABŞ əslində Ermənistanı bizim ordumuzun əlindən alıb, xilas etmək istəyirlər. Onların məqsədləri budur və biz də buna getməyəcəyik. Azərbaycan son qarış torpağını azad etmək üçün israrlıdır. Erməni işğalı altında bircə qarış da torpağımız qalmayacaq. Ona görə də o dövlətlərin çağırışlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz meydanda tək deyilik. Bizim yanımızda qardaş Türkiyə var. O bizə siyasi, diplomatik, mənəvi dəstək verir. Başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və o dövlətin rəsmiləri bildirirlər ki, Azərbaycan hansı dəstəyi istəsə, verməyə hazırıq. Yəni yeri gələrsə türk qardaşlarımız meydanda bizimlə çiyin- çiyinə vuruşacaqlar. Biz meydanda tək deyilik. Ona görə də bizə hədə-qorxu gələnlərin bəyanatı kağız parçasından başqa bir şey deyil. Bizim işimiz haqq işidir. Beynəlxalq hüquq da bizim tərəfimizdədir.

““5-ci kolon” da bizim zəfər xəbərimizin ağırlığı altında məhv olacaq”

-Hazırkı vəziyyətdə ölkəmizdə hər kəsin bir olduğu zamanda təəssüf ki, bölücü fəaliyyətlə məşğul olan “5-ci kolon” da var. Azərbaycanın qələbə xəbəri onlara necə təsir göstərəcək?

-Belə hesab edirəm ki, hazırda Azərbaycanın milli maraqlarına xidmət etməyən istər daxili, istərsə də xarici düşmənlər, o cümlədən “5-ci kolon” da bizim zəfər xəbərimizin ağırlığı altında məhv olacaq. Hamısı bizim bu qələbəmizdən məyus olacaqlar. Bu məyusluq isə onların məhvini gətirəcək. Çünki onlar doğru yolda deyillər. Bu gün ölkəmizdə xalq, Ali Baş Komandan və ordu birliyi var. Ermənilərin ən çox qorxduğu budur. Ermənilər elə bilirdilər ki, Azərbaycan cəbhəsində birlik yoxdur. Bu gün biz tarixdə misli görünməmiş birlik nümayiş etdiririk. Bizim vətəndaşlarımız sevinə-sevinə könüllü orduya yazılır. Mənim 14 yaşlı oğlum belə bizdən xəbərsiz gedib orduya yazılmağa. Qəbul etməyiblər ki, yetkinlik yaşına çatmayıbsan. Lakin çox dirənəndən sonra könlünü şad etmək üçün qeydiyyata alıblar. Yəni bizdə qadın, yaşlı, uşaq, cavan, bir sözlə hər kəs vətəni üçün könüllü əsgər olmağa can atır.

“Ermənilər Azərbaycan PUA-ları qarşısında panikaya düşüblər”

-Azərbaycanın Ali Baş Komandanı da, Xarici İşlər Nazirliyi də dəfələrlə təxribatı Ermənistanın başlatdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Belə olan halda təxribatın məsuliyyəti kimin üzərində qalır? Ermənistanın təxribat başlatmaqda məqsədi nə idi?

-Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırlaşırdı və müharibəyə hazır idi. Biz istənilən an müharibəyə girişməyə hazır idik. Sadəcə olaraq, öncə beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatından xəbərdar etməyə çalışırdıq. Diplomatiyamız bu istiqamətdə fəaliyyət göstərirdi. Beynəlxalq ictimaiyyət də gördü ki, təxribatı Ermənistan başlatdı. Ermənilər elə hesab edirdilər ki, 2016-cı ilin aprel döyüşlərində və Tovuz təxribatlarında olduğu kimi irəli getməyəcəyik. Amma Azərbaycanın Prezidenti Cənab İlham Əliyev də son çıxışlarında bildirdi ki, artıq bizim Ermənistanın təxribatlarına qarşı səbrimiz qalmayıb və gözləyə bilmərik. Bundan sonra orduya əks- hücum əmri verildi. İndi əməliyyatlar uğurla davam edir. Ermənilər Azərbaycan PUA-ları qarşısında panikaya düşüblər. Onların normal silahları da yoxdur. Atdıqları mərmilərin də çoxu partlamır. Bu gedişlə çox yaxında qələbə xəbərini eşidəcəyik. Artıq azad edilən yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanır. Biz Xankəndi və Şuşanı da azad edib, düşməni bitirəcəyik.

““Yeni işğal, yeni torpaq” siyasəti iflasa uğradı”

-Hazırkı vəziyyətə münasibətdə deyə bilərikmi ermənilərin yeni torpaq işğal etmək siyasətləri iflasa uğradı?

-Hazırkı döyüşlərlə ermənilərin son 200 ildə Azərbaycana, Türk dünyasına və digər qonşularına qarşı iddialarını məhv edirik. Bu məğlubiyyətdən sonra ermənilər bir daha baş qaldırıb kiməsə yalançı torpaq iddiası edə biləməyəcəklər.

-Azərbaycan ermənilərin müqavimətini tam şəkildə qırıb, mütləq qələbəyə nail olmaq üçün nələr etməlidir?

-Azərbaycan ordusu onsuz da ermənilərin müqavimətini demək olar ki, tam şəkildə qırıb. Bu gün Ermənistan rəhbərliyini işi dünya dövlətlərinə yalvarmaqdır ki, onları Azərbaycan ordusunun əlindən xilas etsinlər. Hələ Azərbaycanın elə silahları var ki, onlardan tam şəkildə istifadə etməyib. Erməni ordusunu məhv olanadək vuracağıq.

-Sizcə Ermənistan ordumuz qarşısında nə qədər duruş gətirəcək?

-Hesab edirəm ki, bu gedişlə Ermənistanın potensialı yalnız 10- 15 günə yetə bilər. Çünki Ermənistan artıq aclıq və səfalət içindədir.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 15181

Bizim Telegram səhifəmizi izləyin