hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Vətəndaş cəmiyyəti: Hökumətə ictimai nəzarət necə olmalıdır?

Vətəndaş cəmiyyəti: Hökumətə ictimai nəzarət necə olmalıdır?

İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi bütün zamanlar üçün aktual məsələ olub. Bu gün bu istiqamətdə müəyyən addımlar atılır, işlər görülür. Vətəndaş cəmiyyəti ümumilikdə böyük bir anlayışdır. Bura institutlar, icmalar, sosial-siyasi təşkilatlar, müxtəlif qruplar, o cümlədən qeyri-hökumət təşkilatları aiddir. Azərbaycanda isə vətəndaş cəmiyyəti dedikdə, daha çox QHT-lər nəzərdə tutulur. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin formalaşdırılması da bu sahənin inkişafı məqsədi ilə atılan addımdır. Bu, yeni bir mərhələnin başlandığını deməyə əsas verir. Hələlik yeni bir qurum olduğundan konkret olaraq hansı nəticələr verəcəyi bəlli deyil, amma bu qurumdan gözləntilər kifayət qədər böyükdür.

Təcrübə göstərir ki, vətəndaş cəmiyyəti dövlətin əsas dayaqlarından biridir. Xüsusilə də ictimai nəzarət məsələsində vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür. Bu sahədə müəyyən axsamalar müşahidə olunur. Vətəndaşların problemlərinin icra hakimiyyətləri səviyyəsində həll olunmaması, hətta ən xırda məsələlərin belə Prezidentə qədər gedib çıxmasının dəfələrlə şahidi olmuşuq.

Bu, özlüyündə yerli icra hakimiyyətlərinin fəaliyyətsizliyini göstərir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında deyib ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir:

"Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir".

Məmur və vətəndaş arasında körpü rolunu məhz vətəndaş cəmiyyəti nümayəndələri olmalıdır. Ekspertlər hesab edirlər ki, mexanizmin işlək olması üçün müəyyən işlər görülməlidir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, dövlətin sütünlarından biri məhz vətəndaş cəmiyyətidir:

“Təbii ki, ilk növbədə hüquqi dövlətin olması vacibdir. İndi əsas məsələ ictimai nəzarət və iştirakçılıqdır. Bunu qurmaq üçün də müxtəlif tədbirlər görmək, sistem və mexanizmlər qurmaq mümkündür. Vətəndaş cəmiyyətini inkişaf etdirmək bunlardan ən önəmlisidir. Etiraf edək ki, bəzən QHT-lər formal olaraq mövcud olsa da, funksiyalarını lazım olan səviyyədə yerinə yetirə bilmir, sui-istifadə hallarına yol verirlər. Bir çoxları hələ də asılı vəziyyətdə davranırlar. İctimai nəzarəti lazımı səviyyədə qura bilmirlər. İştirakçılıq aşağı səviyyədədir. Amma bunu hamısına aid etmək olmaz. Lazımı səviyyədə fəaliyyət göstərən QHT-lərin də olduğunu demək lazımdır. Hesab edirəm ki, əsas olan iştirakçılığın tam şəkildə təmin olunmasıdır”.

Partiya sədri qeyd edib ki, bu istəqamətdə atılan addımlardan ən önəmlisi bələdiyyələrin səlahiyyətlərinin artırılması ola bilər:

“Çünki hazırda ölkədə mərkəzləşmiş idarəetmə var. Bu sistemdə əhalinin proseslərdə iştirakı azdır. Çııxş yolu odur ki, yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin əksəriyyəti bələdiyyələrə verilsin. Bu, həm dövlətin dotasiyalarından qurtulmasına səbəb ola bilər, həm də seçilənlər və seçənlərin imkanlarını artar. Bu, bələdiyyələrə tək hüquq deyil, həm də məsuliyyət vermək deməkdir. Çünki bələdiyyələr xalqdan asılı olduqlarını biləcəklər. İndi icra hakimiyyətləri düşünür ki, bu, təyinatlı postdur və xalqdan az asılıdırlar. Ama bələdiyyə sistemi seçkili olur. Eyni zamanda, bunu şəhərlərdə Böyük Şəhər Bələdiyyələrinə aid etmək mümkündür”.

F.Quliyev əlavə edib ki, digər tərəfdən, həddindən artıq şişirdilmiş dövlət aparatının da çevik vəziyyətə gətirilməsi vacibdir:

“Bunların içərisində isə ən mühümü ictimai nəzarətin tam şəkildə oturuşmasıdır. Məsələn, parlamentin özünün belə nəzarət mexanizmi aşağıdır. Hökumət parlamentə hesabat verir, ancaq məlum deyil ki, bu hesabata parlamentin münasibəti mənfi olarsa, nə baş verəcək. Hökumət buraxılacaqmı, nazirlər istefaya göndəriləcəkmi? Bu məsələlər aydın olmalıdır. Düşünürəm ki, hökumət üzvlərinin təyinatı zamanı da parlamentin fikrini almaq yaxşı olardı. Bu istiqamətdə işlər gedir, amma hələlik ideal səviyyədə olduğunu demək mümkün deyil. İradə odur, ölkə Prezidenti də dəfələrlə parlamentə müraciət edib ki, bir az “dişli” siyasət yürütmək lazımdır, həm də cəmiyyətə müraciət edib ki, ictimai iştirakçılıqda fəal olsun. Hesab edirəm ki, cəmiyyət özü də bu məsələlərdə fəal olmalıdır”.

Göründüyü kimi, vətəndaş cəmiyyətinin fəaliyyəti, inkişafı ilə bağlı hələ də görüləcək işlər var. Bu məsələdə xüsusi mexanizmlərin hazırlanıb işə salınmasına ehtiyac var ki, burada da hökumətin üzərində məsuliyyət düşür. Güclü, ədalətli cəmiyyət üçün bunlar vacib amillərdir.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1277