hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Vətəndaş cəmiyyətinin inkişafı: Yaxud Prezidentin köməkçisi ilə keçirilən görüşlərdən gözləntilər...

Vətəndaş cəmiyyətinin inkişafı: Yaxud Prezidentin köməkçisi ilə keçirilən görüşlərdən gözləntilər...

Son vaxtların ən maraqlı hadisələrindən biri ictimai-siyasi sektorda olan canlanmadır. Pandemiyanın yaratdığı süstlük və problemlərə baxmayaraq, bu sektorda dinamik inkişaf hiss olunur.

Təbii ki, demokratik ölkələrin əsas prioriteti vətəndaş cəmiyyətinin inkişafı sayılır. Azərbaycanda isə bu sektor illərlə durğunluq dövrünü yaşayıb və indi-indi labirintindən çıxmağa hazırlaşır.

Hakim siyasi komandanın yeniləşməsi və bu yeniləşmədə öz sıralarına məmur təfəkkürünü, bürokratik düşüncəni deyil, daha çox xalqla işləməyi bacaran kadrları cəlb etməsi müsbət dəyərləndirilməli hallardan biridir. Çünki bacarıqlı kadr seçimi münasibətlərin inkişafı və əlaqələrin qurulması, problemlərin araşdırılması və həlli istiqamətində təkanverici rol oynayır.

Statistikadan əməli işə keçid

Qeyd etdiyimiz kimi, ölkədə illərlə problemlə üzləşən vətəndaş cəmiyyəti sektorlarından biri də Qeyri-Hökumət Təşkilatları (QHT) olub. Lakin son günlər bir ümid çırağı yanır. İctimai inam ondan ibarətdir ki, bu sahəyə məsul şəxsin təcrübəsi və isti münasibəti sektorun dirçəlməsi, əvvəlki problemlərdən qurtulması yönündə müsbət addımlara təkan verəcək. Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin media və qeyri-hökumət təşkilatları sektoruna cavabdehliyi, əlaqələri və keçirilən görüşlər QHT sektorunda böyük ümidlər yaratmaqla bərabər, həm də ümumi fəaliyyətdə stimul olub. Bu stimul və inamın səbəbi də Prezidentin köməkçisi olaraq cənab Hacıyevin son bir ay ərzində vətəndaş cəmiyyəti təmsilçiləri ilə çoxsaylı görüşləri, video-konfranslarıdır. İndiyə kimi bu formatda və tərkibdə görüşlər keçirilməyib.

Statistika xatirinə müəyyən tədbirlər olsa da, həmin tədbirlər xüsusi əhəmiyyət daşımayıb və məqsəd problemlərin həlli, proseslərə konseptual baxışların öyrənilməsi yox, sıradan bir görüş taktikası olub.

Lakin indi başqa bir durum yaranıb. QHT-lərin iştirakı ilə bir neçə belə görüş keçirilib və hər kəsin fikri, problemlərə baxışı, tənqidləri, təklifləri dinlənilib. Bəzən bu görüşlər saatlarla çəkib və nəticə olaraq, həm də vətəndaş cəmiyyəti institutlarının potensialı öyrənilib. Bu da ondan irəli gəlir Hikmət Hacıyev beynəlxalq təcrübəni bilir. Onun Xarici İşlər Nazirliyi sistemindəki fəaliyyəti bu təcrübəni öyrənməyə imkan verib. İndi isə həmin təcrübədən yararlanaraq, bunu tətbiq və QHT-lərin inkişaf dinamikasını təmin etməyə çalışır. Təbii ki, müsbət dəyərləndirilməli və dəstək verilməli bu təşəbbüs QHT-lər tərəfindən çox yüksək qiymətini alır.

QHT-lər beyin mərkəzinə çevrilir

Məlumdur ki, dünyanın əksər ölkələrində QHT-lər beyin mərkəzi kimi qəbul olunur. Lakin son 12-14 il ərzində Azərbaycan QHT-ləri ancaq qrant alan təşkilat kimi xarakterizə olunub. Hökumət rəsmisinin yanaşmasından sonra gözləmək olar ki, QHT-lər təkcə qrant alan yox, həm də yeni ideyaların mənbəyi, müxtəlif sahələr üzrə proqram və təkliflər hazırlayan institusional mərkəzlərə çevrilə biləcək. Bütün bunlara baxmayaraq, QHT-lərin problemləri hələ də qalmaqdadır. Ən ciddi problemlərdən biri QHT-lərin qeydiyyatıdır. Nümunə üçün deyək ki, qonşu Gürcüstanda belə 20 dəqiqə çəkən QHT-lərin dövlət qeydiyyatına alınması prosesi bizdə böyük problem olaraq yaşanmaqdadır.

Digər bir problem isə xarici fondlara çıxışın məhdudlaşdırılmasıdır. İndiki sosial-iqtisadi problemlər fonunda QHT-lərin xarici əlaqələrinin inkişafı çox vacibdir. Çünki hər QHT-də ən azı 5-7 şəxs daimi və ya müqavilə əsasında işləyir, onların sosial məşğulluğu təmin olunur.

İdarəetməyə yeni baxış

Nəhayət, xarici ölkələrdə QHT-lər qanun yaradıcılığı, sosial təşəbbüslərin dəstəklənməsi, təhsil və ekoloji problemlərin həlli prosesinə cəlb edilir, onların mövcud problemlərin həllinə dair tezis xarakterli fikirləri öyrənilir. QHT sektoru ilə başladılan görüşlər və dinləmələr əsas verir ki, illərlə yaranmış bu ögey münasibət aradan qalxacaq və yeni yanaşma tətbiq olunacaq. Çünki təcrübə göstərir ki, QHT-lərin korrupsiya ilə mübarizə, ekoloji, təhsil, səhiyyə və digər sosial problemlərin həllinə cəlb olunması böyük effekt verir. Xüsusən də bazar iqtisadiyyatı və demokratiyanın inkişafının əsas meyarlarından biri də dövlətsizləşdirmə, yəni ictimai təşəbbüslərin dəstəklənməsidirsə, demək, biz də bu metodu qəbul etməli, fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq.

Daha lakonik ifadə etsək, yeni dövrdə hər işi dövlətdən gözləmək olmaz. Vətəndaş təşəbbüslərinə önəm verməklə, QHT-lərin inkişafına yardım etməklə çox sayda problemin həllinə nail olmaq mümkündür. Artıq texnologiyaların inkişafı, o cümlədən pandemiya sübut edir ki, yeniliklər qaçılmazdır. Fəaliyyətdə ənənəvilik arxa plana keçdiyi kimi, ənənəvi idarətemə metodları da köhnəlir.

Yeni dövrün əsas tələblərindən biri də vətəndaş cəmiyyətinin konseptual inkişaf mexanizminin tətbiq olunmasıdır. Hikmət Hacıyevin QHT rəhbərləri ilə keçirdiyi müntəzəm görüşlər siyasi hakimiyyətin bu həqiqəti bildiyini və tətbiq etdiyini göstərir. Pandemiyanın hələ başa çatmadığı bir zamanda yaşamalı, iqtisadiyyatımızı, təhsilimizi inkişaf etdirməliyik. Üstəlik, Azərbaycan illərdir işğalçı Ermənistanla müharibə şəraitində yaşayır. Sosial şəbəkələrdə saxta xəbərlər meydan sulayır, bu xəbərlərin xüsusi yayıcısı olan maraq qrupları var. Onlara qarşı inzibati resurslarla mübarizə aparmaq mümkün deyil. Bu işdə dövlətin “sağ qolu” QHT-lər olmalıdır. Həm də bu strategiyanı əsas götürərək Hikmət Hacıyev son bir ay ərzində yüzlərlə QHT rəhbəri ilə görüşüb, onların təklif və problemlərini dinləyib.

Hakimiyyət QHT-ləri dinləyir

Bu, böyük zaman alan məsələdir. Nəzərə alsaq ki, Hikmət Hacıyev həm də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəridir və Ermənistanın təxribatları fonunda, xarici siyasətdə böyük bir məsuliyyət, keçirilən beynəlxalq səviyyəli görüşlər, diplomatik danışıqlar və digər mühüm dövlət tədbirlərində iştirakla yanaşı, bu məsələlərə zaman ayırmaq böyük enerji və vaxt tələb edir. Lakin az bir zaman içində bacarıq və fəaliyyəti ilə Prezidentin etimadını qazanan Hikmət Hacıyev buna da vaxt tapmaqla ona tapşırlan sahənin inkişafı üçün çalışır.

İndiki reallıq budur ki, hakimiyyət QHT-ləri yüksək səviyyədə dinləyir, onların təkliflərini, fikirlərini, problemləri öyrənir. Bu, yeni yanaşmadır və sektorun inkişafına yönələn, bizim də Avropa cəmiyyətlərinin səviyyəsinə çatacağımıza hesablanan yolun tərkib hissəsidir. Hər kəsdə inam var ki, yaxın zamanlarda vətəndaş cəmiyyəti nüfuzlu bir sektora çevriləcək.

Cebhe.info


Oxunma sayı: 5534

Bizim Telegram səhifəmizi izləyin