hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

VİP sədri erkən seçkilərin anonsunu verdi: ZAMAN AÇIQLADI - MÜSAHİBƏ

VİP sədri erkən seçkilərin anonsunu verdi: ZAMAN AÇIQLADI - MÜSAHİBƏ

Azərbaycan cəmiyyətində siyasi aktivlik müşahidə olunur. 

Sanki 2000-ci illərin siyasi ab-havası geri qayıdıb. Aktivlik özünü ictimai-siyasi təşkilatların fəaliyyətində qabarıq göstərir. Siyasi qüvvələr təmərküzləşir, partiyalar arasında inteqrasiya meyilləri hiss olunur. “Cümhuriyət” əməkdaşı ölkədəki son ictimai-siyasi durumla bağlı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə söhbətləşib. Cebhe.info müsahibəni təqdim edir.

“Tezliklə aydınlıq yaranacaq”

-Əli bəy, Azərbaycan Xalq Hərəkatını (AXH) yaradanlardan biri, İdarə Heyətinin üzvüsünüz. AXH-də nə baş verir? Etiraf edilməsə də, faktiki olaraq təşkilat iki yerə bölünüb. Bir tərəfdə İsgəndər Həmidov və tərəfdarları, digər tərəfdə sizlər varsınız. Parçalanmanın əsas səbəbləri nədir?

-Bölünmə faktını etiraf edirəm. Faktiki olaraq hərəkat özü yox, rəhbərlik ikiyə bölünüb. Hərəkatın özünün bölünməsi haqqında danışmaq tezdir. Çünki hələlik aşağılarda nələrin baş verdiyini öyrənmək, təftiş etmək lazımdır. Təşkilat formal olaraq üst qurumdan ibarət idi. Üst qurum, yəni İdarə Heyəti ikiyə bölünüb. İndi isə biz öz tərəfimizdən təftiş həyata keçiririk. Çünki bizdə təəssürat belə idi ki, ilk 3 ayın fəaliyyət dönəmində bir sıra şişirdilmə halları olub. Yanlış hesabatlılıq və buna bənzər fəaliyyətin olduğu aşkarlanıb. İndi isə yenidən təşkilatı işləri qurmaqla məşğuluq. İdarə Heyətinin iş ritmini bərpa etmək və ya yenidən qurmaq üçün işlər aparırıq. Detallara varmaq istəmirəm. Çünki cəmiyyət hər şeyi görüb. Əslində, mənim üçün qarşıdan gələn dönəm var. Hesab edirəm ki, ikilənmənin baş verməsi də Allahın lütfüdür. Bir azdan cəmiyyət hər iki tərəfdə qalmış İdarə Heyəti üzvlərinin iş imkanlarını, intellektini, təşkilatçılıq imkanlarını, qarşıya qoyulan məqsədlərin aydınlığını və birmənalığını görə biləcək. Ona görə də maraqlı tərəf olaraq hadisələrə qiymət verməkdə haqsız olarıq, cəmiyyət qiymət verməlidir. Sadəcə olaraq, cəmiyyət qiymət verə bilmir. Çünki ortada bir fakt yoxdur.

“İdarə Heyətinin işçi potensialı yox idi”

-İddialar var ki, AXH-də (söhbət hər iki tərəfdən gedir) olanlar ötən əsrdəki kimi düşünür və utopik ideyalarla yaşayırlar. Ona görə də AXH siyasi güc mərkəzinə çevrilə bilməz...

-Buna qiymət vermək hələ tezdir. Faktiki olaraq bizim İdarə Heyətinin üzvü olan Qurban Məmmədov toplam bu illər ərzində Azərbaycan müxalifətinin görmədiyi işi təkbaşına görüb. Cəmiyyətin oyanmasında, son dövrlər hadisələrə qiymət verilməsində, ayaqlanmasında “AzərFridum” (AzerFreedom) kanalının çox müstəsna xidmətləri var. Əgər İdarə Heyətinin bir üzvü bu işləri görə, gələcək üçün siyasi zəmin hazırlaya bilirsə, hesab edirəm ki, bu, düzgün qiymət tələb edən haldır. 

Hər şeyi müqayisəli şəkildə aparmaq lazımdır. Birtərəfli qaydada nəyəsə iddia etmək, möhür vurub qərar vermək yanlışdır. Subyektiv yanaşmalar var, amma bunu obyektiv qəbul edib cəmiyyətə təqdim etmək olmaz. Fikirləşirəm ki, Azərbaycan Xalq Hərəkatı, tamamilə yeni formatda olan quruluşdur. Ötən əsrlə müqayisə etsək, bu, Milli Azadlıq Hərəkatının prototipi olmaq potensialını özündə daşıyan bir ideyadır. Bunu maddiləşdirmək, kinetik hala gətirmək nə dərəcədə mümkün olacaq, deyə bilmərəm. Bir müddətdən sonra məsələyə fərqli münasibət bildirə bilərəm. Sadəcə olaraq, hələlik qiymətləndirmək tezdir. AXH-ın birinci İdarə Heyətinin işçi potensialı yox idi. Orada daha çox dedi-qodu halları mövcud idi. İndi isə İdarə Heyəti son üç iclasda qarşısında konkret hədəflər, məqsədlər qoyub, onların icrası ilə məşğuldur. Bir qədər müddət lazımdır ki, bizim qərar kimi qəbul etdiklərimizi icra edə biləcəyik, ya yox, buna aydınlıq gəlsin. Ona görə də bu zamana ehtiyac olan məsələdir.

“Məqam yetişəndə xalqa hesabat verməyə hazırıq”

-İqtidarla mübarizənizin əsas mahiyyətində nə dayanır? Hamınız, bütün müxalifət bunu istəmirmi?

-Təbii ki, bu məsələyə müxtəlif cür yanaşmaq olar. Hesab edirəm ki, Azərbaycan müxalifətinin daxilində müxtəlif yol keçmiş, fərqli reputasiyaya, bioqrafiyaya malik, enmə-qalxma trayektoriyası olan siyasi təşkilatlar və liderlər var. Bu vaxta qədər olan siyasi formatların heç biri xalqın istəyinə, tələblərinə cavab verməyib və ona görə də nəticə əldə edə bilməmişik. Fikrimcə, Azərbaycan Xalq Hərəkatı bugünkü tərkibdə hakimiyyətdən asılılığı olmayan insanlardan ibarətdir ki, ilk şərt də budur. Başqaları haqqında müzakirə aça bilərik. Sadəcə olaraq, müxalifətin tərkibində təftiş aparmağın əleyhinəyəm. Azərbaycan Xalq Hərəkatında bizimlə olan şəxslərin heç birinin siyasi bioqrafiyasında bu hakimiyyətlə bu və ya digər formada sövdələşmənin olması ilə bağlı heç kim iddia irəli sürə bilməz. Bu formatda olan İdarə Heyəti üzvlərinin hakimiyyətlə olan məsafəsi hər kəsə çox şəffaf şəkildə görünür. Bu, ilk dəfədir ki, Azərbaycan siyasətində hakimiyyətlə açıq və gizli işbirliyi olmayan adamlardan ibarət bir heyət formalaşıb. Onların sərəncamında “AzərFredum” kimi televiziya kanalı var. Düşünürəm ki, əvvəlki formatların, siyasi mübarizədə olan təşkilatların heç birinin bu cür nə keçmişi, nə indisi, nə də gələcək hədəfləri olub.Ona görə də oxuculardan möhlət istəyirəm. Biz hələ yeni formalaşmışıq. Qiymət vermək isə təbii ki, xalqın işidir. Məqam yetişəndə, təbii ki, xalqa hesabat verməyə hazırıq.

“Onlar yeni idarəçiliyə müqavimət göstərirlər”

-Artıq 1 ildən çoxdur ki, növbədənkənar parlament seçkiləri gündəmdədir. Siz də bunun tərəfdarlarındansınız. Növbədənkənar seçkiləri zəruri edən amillər hansılardır və bu il seçki olacaqmı?

-Hakimiyyət daxildə bir “qabıqdəyişmə” prosesi həyata keçirir. Komanda daxilində kadr islahatları gedir. Amma bu, heç bir halda ölkə miqyaslı islahat kimi qiymətləndirilməməlidir. Kadr dəyişikliyi nəsil dəyişikliyi formasında təzahür edir. Hesab edirəm ki, yeni gələn kadrlar əvvəlkilərdən ciddi şəkildə fərqlənmir. Doğrudur, obyektiv olaraq demək lazımdır ki, təşəbbüslər var ki, yeni təyin olunan şəxslər korrupsiyadan uzaq dursunlar, rüşvətlə məşğul olmasınlar. Bu faktları bilirəm. Bilirəm ki, təzə təyin olunan bəzi kadrlara korrupsiyaya bulaşmamaqla bağlı tapşırıq verilib. Amma bu, bütövlükdə ölkənin həyatına təsir edə bilməz. Çünki bunlar miqyas etibarı və görülən işlərin cəmiyyətə təsiri baxımından yetərli deyil. Nəsil dəyişikliyi ölkədə həm də bir narahatlıq yaradıb. Çünki hakimiyyətdaxili qruplar əvvəlki nüfuz çevrələrini qoruyub saxlamaq istəyirlər. Ölkə iqtisadiyyatını tam olaraq nəzarətdə saxlayıblar. Onlar yeni idarəçiliyə müqavimət göstərirlər. Hakimiyyətə narahatlıq yaradan daxili faktorlardan biri budur. Hakimiyyəti təhdid edən ikinci məqam isə, beynəlxalq amildir. Beynəlxalq amil açıq sürətdə nümayiş etdirir ki, dünya dəyişir, dünyanın yeni şərtlərlə idarə olunması ortadadır. Dünyanın bir neçə ölkəsində intensiv şəkildə hakimiyyət dəyişikliklərinin şahidi oluruq. Son dövrlər Əlcəzairdə, Sudanda baş verən hakimiyyət dəyişikliyini hesabdan çıxarmaq olmaz, Liviyada, Yəməndə gedən müharibə diqqətimizdən yayınmamalıdır. Dəyişikliklərin dünyanın yeni trendi olması qaçılmazdır. Məsələn, ABŞ-ın Nümayəndələr Palatasının sözçüsünün dediyi “biz dünyada gedən bütün seçkilərə nəzarət edəcəyik” bəyanatı dünya düzəninə işarədir. Ukraynada keçirilən seçkilərin nəticələrinə qarşılıq olaraq Rusiyanın bu ölkədəki ruslara pasport paylaması dünya güclərinin toqquşmasının əlamətidir. İranın nüvə sazişindən çıxması ilə bağlı verdiyi bəyanat da o qəbildəndir. Dünya böyük təlatümlər yaşayır. Azərbaycan uzun müddət Qərbin və Rusiya, İran, Türkiyə üçlüyünün qarşıdurmasına şahidlik edir. Son günlər Çində imzalanan saziş təkcə iqtisadi əhəmiyyətli deyil. Vahid xətt, yol layihəsi trilyonlarla vəsaiti nəzarətdə saxlayan dünya trendidir. Bunu heç cür hesabdan çıxarmaq olmaz. Bu məsələyə ciddi siyasi amil kimi yanaşmaq lazımdır. Hakimiyyət bunun fərqindədir. Hakimiyyət nümayəndələrinin Fransaya səfəri, Rotşildlərlə görüşü, Britaniyanın seçkilərdən sonra 2050-ci ilə qədər Xəzərlə bağlı yeni saziş imzalaması, “Statoil”in Azərbaycana dönməsi, investisiyalar haqqında danışması, Xəzər yataqları ilə bağlı yeni layihələrin hazırlanması, işlənməsi kifayət qədər ciddi məsələlərdir. Azərbaycan iqtidarı bu yeni şərtlərlə, eyni zamanda Avropa İttifaqı ilə yeni sazişin imzalanmasının gündəmdə olması bu məsələlərin içində xüsusi yer alır. Hakimiyyət əvvəlki kimi idarə edə bilməyəcəyinin fərqindədir. Daxili və xarici təhdidlər Azərbaycan iqtidarını dəyişikliyə getməyə məcbur edir. Bu məsələlərdə hakimiyyət üçün ən ciddi təhlükə isə parlamentdir. Bu artıq vəzifədə olmayan, barələrində ifşaedici məlumatlar çap olunan nazirlərin təşkil etdiyi parlamentdir. Azərbaycan siyasi praktikası göstərir ki, parlament hakimiyyət dəyişikliyində iştirak etmək potensialında, gücündə olan qurumdur. Ona görə hesab edirəm ki, növbədənkənar parlament seçkiləri qaçılmazdır.Azərbaycan hakimiyyəti bu cür nəsil dəyişkiliyi, daxili və xarici təhdidlərlə üz-üzə olan komanda təzyiqlərə tab gətirməyə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya kifayət qədər aqressivdir. Qonşumuz İran dünyada baş verən proseslərin fərqindədir və “qulağının dibindəki” Azərbaycanın onun üçün təhlükə mənbəyi olmasını istəməz. Hesab edirəm ki, Paşinyanın Xocalı faciəsi günü Tehrana səfəri, İran prezidentinin Azərbaycan ərazisinin onlara aid olması ilə bağlı verdiyi bəyanat, rəsmi Moskvanın göstərdiyi bir sıra təzyiqlər, o, cümlədən Rusiya mətbuatında dövlət adamları haqqında yayılan məqalələr təhdid əlamətləridir. 
(davamı var)

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3062