hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Virusla mübarizə: ““Ön cəbhə”də olanların maaşı artırılmalıdır” - AÇIQLAMA

Virusla mübarizə: ““Ön cəbhə”də olanların maaşı artırılmalıdır” - AÇIQLAMA

Son günlər Milli Məclisdə ən çox müzakirə olunan məsələlərdən biri də pandemiya dövründə çalışan tibb işçilərinin taleyidir. Onlara müxtəlif güzəştlərin edilməsi və sosial dəstək verilməsi təklif olunur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronaviruslu xəstələrlə mübarizədə çalışan tibb işçilərinin kredit borclarının silinməsi məsələsinə münasibət bildirərkən deyib ki, “COVİD-19-la mübarizədə ön cəbhədə dayanan tibb işçilərinə müəyyən imtiyazlar verilə bilər. Ancaq bu o demək deyil ki, banka olan borcların hamısı silinməlidir. Bu elə məsələdir ki, istənilən bank bunu könüllülük prinsipi əsasında həyata keçirə bilər. Sadəcə qanunla hansısa bankı kredit borcu olan tibb işçisinin borclarının silinməsinə güzəşt etməyə məcbur etmək doğru deyil”.

Komitə sədri eyni zamanda polis və sosial təminat işçilərinə də güzəştlərin edilməsini və bunun qanununla tənzimlənməsinə də diqqət çəkib.

Maraqlıdır, pandemiya dövründə qanunla çalışmağa məcbur olan iş adamlarına bu müddət ərzində güzəştlər edilə bilər?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, pandemiya dövründə qanuni şəkildə işləməsi zəruri olan şəxslərin maaşları ən azı iki qatına çıxarılmalıdır:

“Pandemiya dövründə qanunla işləməsinə icazə verilmiş və fəaliyyəti zəruri olan şəxslərə bakların güzəşt etməsi və ya marşrutların pulsuz olmasının dövlətə heç bir aidiyyatı yoxdur. Çünki bank sahibləri də sahibkardır və marşrutların da əksəriyyəti özəl şirkətlərə məxsusdur. Yalnız “BakuBus” istisnadır. Dövlət əsas öz dəstəyindən danışmalıdır. Özəl şirkətlərin könüllü yardımının dövlətə və ya parlamentə heç bir adidiyyatı yoxdur. Dövlət o halda həmin yardımlardan danışa bilər ki, pandemiya dövründə işləyən şəxslərə güzəşt edən şirkətlərin zərərini kompensasiya etsin. Parlament hökumətə aid olan təkliflər paketindən danışsa yaxşı olar. Parlament üzvləri yalnız sıradan təkliflərlə çıxış etməməlidirlər. Parlamentdə müxtəlif sahələrdən mütəxəssislər var. Onlar Azərbaycan hökumətinin maliyyə imkanlarına yaxşı bələddirlər. O mütəxəssislər həmin imkanlar daxilində təkliflər paketi hazırlamalıdır. Azərbaycanda zərər çəkmiş hər bir vətəndaş kompensasiya ilə təmin olunmalıdır ki, post-pandemiya dövründə ayaqda dura bilsin. Pandemiya ilə mübarizə üçün 3.5 milyard manat vəsait ayrılıb. Ondan vətəndaşların gördüyü yalnız 190 manat oldu. O da cəmi 600 min nəfərə verilib. Həmin ayrılan vəsaitdən ümumi hesablasaq 1 milyarda qədər ancaq istifadə olunub. Bəs bunun 2.5 milyardı hara sərf olunub. Kompensasiyanın da yalnız birinci mərhələsi ödənilib. Pandemiya dövründə zəruri olaraq qanuni şəkildə işləyən işçilər var ki, onlara xüsusi diqqət yetirilməlidir. Məsələn, tibb işçiləri, Kütləvi İnformasiya Vasitələrinin(KİV) nümayəndələri, qanun keşikçiləri, sərnişindaşımada fəaliyyət göstərən işçiləri bura daxildir. Ümumiyyətlə, fəaliyyətlərinə icazə verilən bütün sahələrin əməkdaşları ən azı ikiqat əməkhaqqı almalıdır. Çünki vətəndaşlara evdə qalmaq tövsiyə edildiyi halda, bu şəxslərə işləmələri üçün məsuliyyət qoyulur. Bu riskin qarşısında maddi bədəl mütləq olmalıdır. Bu güzəşt deyil, həmin işçilərin riskinin qarşılanmasıdır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 749