hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Vurulan baza, burnu qanamayan əsgər, ölən 176 sərnişin: ABŞ əlini gücləndirdi- RƏY

Vurulan baza, burnu qanamayan əsgər, ölən 176 sərnişin: ABŞ əlini gücləndirdi- RƏY

“Son olan hadisələr nəticəsində İranın imicinə ciddi zərbə dəydi”.

Bunu Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:

“İran bir generalını itirdi. Əvəzində bir amerikalı əsgərin burnu da qanamadı, generalın dəfn mərasimində 60-dan çox insan öldü. Bunlardan əlavə, heç bir səbəb olmadan İran Ukraynaya məxsus sərnişin təyyarəsini vurdu. Orada 176 nəfər adam öldü. Bu, İranın reytinqinə çox ciddi zərbə oldu. İran vurduğu təyyarəyə görə üzrxahlıq etdi və həlak olan insanların ailələrinə kompensasiya da ödəniləcəyini bildirdi. Bununla da bu məsələyə nöqtə qoymaq olar. Əgər İran bu qəzanı gizlətməyə çalışsaydı, məsələ tam başqa cür ola bilərdi. Amma İran gördü ki, bu məsələni çox gizli saxlaya bilməyəcək, faktlar, rəqəmlər, görüntülər var. Buna görə də sərnişin təyyarəsini səhvən vurduqlarını etiraf etdilər. Etiraf etməsi İranın vəziyyətini bir qədər normallaşdırdı. Hesab edirəm ki, İran etiraf etməklə doğru hərəkət etdi.

Əgər gizlətsəydi, yanlış etmiş olardı. Digər tərəfdən, İranın 15 raket zərbəsi ilə ABŞ-ın İraqdakı boş bazalarını vurması çox güman ki, hesablanmış addım idi. Bəlkə İran özü də istəyirdi ki, Amerikanın boş bazalarını vursun və Amerika da ona cavab verməsin. Düşünürəm ki, Amerika İranın raket zərbəsinə hazır idi. Belə bir məlumat da var ki, İran Amerika bazalarını vurmamışdan bir neçə saat əvvəl İraq hökumətinə bu barədə məlumat verib. Bilirik ki, İraqın da Amerika ilə bağlılığı var. Beləliklə, İraq da Amerikaya məlumat verib və bu şəkildə ABŞ öz bazalarını qoruya bilib.

Çünki o bazalarda Amerika əskəri ölsəydi, ABŞ İrana daha sərt cavab verəcəkdi. Amerika Prezidenti Donald Tramp da dedi ki, itki yoxdur. Ona görə də bu məsələ arxa plana keçdi. Amma bu, o demək deyil ki, İran-ABŞ qarşıdurması səngiyəcək. Asimmetrik savaş davam edəcək. İranın ətrafı Amerika hərbi bazaları ilə doludur. Belə bir vəziyyətdə İran sanki mühasirəyə alınıb. Son olanlardan sonra belə çıxdı ki, Amerika tərəfi güclüdür”.
 
Əli Bədir

Cebhe.info


Oxunma sayı: 18547