hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Xanım yazardan DİN-ə tövsiyə: “Dədənin evinə şortiklə gələni buraxma...” - QALMAQAL

Xanım yazardan DİN-ə tövsiyə: “Dədənin evinə şortiklə gələni buraxma...” - QALMAQAL

Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişilər binaya buraxılmayıb.

Bu barədə texnobloqqer Fərid Pərdəşünas şikayətlənib. O bildirib ki, sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olsa da, qapıda dayanan polis onu içəri buraxmayıb. Səbəb isə şortik geyinməsi olub.

Bloqqerə bildirilib ki, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar nəinki imtahana, heç binanın həyətinə girə bilməzlər. Bu durum rəsmilər tərəfindən içtimai asayişin pozulması kimi qiymətləndirilib.

Bloqqer içəridə dar şortik geyinən qızları nümunə göstərsə də, polis onu binadan uzaqlaşdırıb. Məsələ sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi müzakirələr yaradıb.

İmtahana şortik geyinən oğlanların deyil, əksinə qızların buraxılması yanaşması sərt qınanılıb və pislənilib. Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev isə geyimlə bağlı heç yerdə konkret qadağa olmadığını bildirsə də, şortiklə gələn kişilərin imtahana buraxılmamasına haqq qazandırıb.

O, kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinməsinin qəbul olunmadığını bildirib: “Bu səbəblə kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında yazar və ictimai xadim Aysel Əlizadə düşüncə kasadlığını sərt tənqid edib: 

“Biz bu ölkədə çox ciddi kostyumlarda haqsızlıqlar görmüşük. Bu ölkədə qalstukunu çənəsinə qədər qaldırıb, pencəyi dizinə qədər uzanan çox böyük talançılar, oğru məmurlar görmüşük. Bu ölkədə ciddi kostyum və geyimlərdə insanların qarşısına çıxıb xalqın gözünün içinə baxa-baxa yalan danışanları görmüşük. Azərbaycan xalqı artıq qərar verməlidir. Bizə geyimi və görünüşü ilə aldadan insanlar lazımdır, yoxsa gerçəkdən həqiqi, səmimi insanlar? Biz bir-birimizin geyimini və görünüşünü müzakirə etməyi dayandırmayana qədər böyük işlər görməyəcəyik. Ərəb Azərbaycanda şortiklə gəzirsə, mən dünyəvi ölkə olaraq necə bir insanımı imtahana şortik geyindiyi üçün buraxmaya bilərəm? Dünyada şortik hətta məktəbli və tələbələrin uniformasdır. Dövlət islahat etmək istəyirsə, artıq qərarlaşsın və düşüncədən başlasın. Düşüncəsi sağlam və dünyavi olan adamlar vəzifə başında olmalıdır. Dədənin evinə şortiklə gələni buraxma, özün bilərsən. Bura dövlətin imtahan idarəsidir. Kimin nə geyinib gələcəyinə necə qərar verə bilərsən? Dövlət imtahanda geyimlə bağlı konkret tələb qoymayıb, axı. Dövlət deməyib ki, bu geyimdə gəlmək olar, yaxud gəlmək olmaz. Bəzən açıq-saçıq geyimləri dini geyimlərlə müqayisə edirlər, çox yalnışdır. Çünki dini geyim insanın inancını dərhal gözə çarpdırır. İnanc atributunun göstərilməsi isə sekulyarizm üçün təhlükə sayıldığına görə dövlət bunu təbliğat hesab edərək haqlı olaraq müəyyən qadağalar qoyur. İnanc atributunun göstərilməsi sekulyarizm üçün təhlükə sayıldığına görə dövlət bunu təbliğat hesab edərək haqlı olaraq müəyyən qadağalar qoyur. Sütunlarını yeni bərkidən dövlət üçün dinin və ya başqa ideolojinin dövlətə hər cür müdaxiləsi əngəl hesab olunur, ona görə də inancı təbliğ edən geyim və atributlara yol verilmir. Maarifçilikdə, inkişafda, məlumatlandırılmada, cəmiyyətin irəli getməsi ilə bağlı təbliğat etmək olar. Mən bunu bir dövlətçi kimi deyirəm”. Yazar əlavə edib ki, dövlət strukturunda təmsil olunan adamlar insanların geyim, yaşam seçimi haqqında bu qədər qışqıraraq bəyan etməməlidirlər: “Dövlətçi olmaq dövlətin hər hansı strukturunda təmsil olunmaq deyil. Dövlət qurumlarında yüzlərlə dövlətçi olmayan adamlar təmsil olunur. Heç bilmirlər dövlət nədir. Dövləti onun ideolojisinə, tutduğu xəttə uyğun təmsil edirlər. Ölkədə bu qədər ciddi bir qurumu təmsil edən məmurun insanların geyiminə qarışması sadə hadisə deyil. Üstəlik, onu dövlətin adından öz təfəkkürü ilə dövlət imtahanına buraxmaması böyük məsuliyyətdi. Adamlar harda oturduqlarının fərqində deyillər. Onlar dövlət orqanına kababxana kimi baxırlar sanki.

Dünyanın ən inkişaf etmiş, ən modern ölkələrinə getsəz görərsiz ki, heç kim heç kimin nəinki geyiminə heç özünə çevrilib baxmır. İnsanlar öz işləri, həyatları ilə məşğuldular. Bizdə bir atalar misalı var: “Geyimlə qarşıla, ağılla yola sal”. Çox yalnış fikirdir. Ağılla qarşılayacaqsan, necə geyinməyinə, necə gəlməyinə baxmayacaqsan. Aldada bilərlər səni... O qədər ciddi geyimlərdə olan insanlar bizi aldadıb ki... Biz xalq olaraq görünüş deyə-deyə, bütün həyatımızı daşa-divara, görünüşə, şana-şöhrətə həsr elədik. Özümüzün rahatlığı haqqında düşünmürük. Narahat evlər tikdiririk, narahat geyimlər geyinirik, narahat həyat yaşayırıq. Heç biri də ürəyimizcə deyil. Göstəri! Yalnız göstəri. Mentalitet geyim haqda düşünməsin artıq. Təhsil, elm, dövlətçilik, dünyavilik, sağlam cəmiyyət, seçkili parlament və ədalətli məhkəmə haqqında düşünsün. Uşaqların gələcəyini düşünsün. Bizim geyim anlayışımızla ölkə qurulsaydı, moda səltənəti Fransa, İtaliya yox, biz olardıq.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 18085

Bizim Telegram səhifəmizi izləyin