hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Xankəndinin şəhər statusu ləğv edilə bilər: Şuşanın tabeliyinə verilməsi mümkündür

Xankəndinin şəhər statusu ləğv edilə bilər: Şuşanın tabeliyinə verilməsi mümkündür

Qarabağda həyata keçirilən inzibati ərazi bölgüsü Xankəndinin şəhər statusunun ləğv edilməsi ilə nəticələnə bilər.

Bunu həm bölgədə aparılan inzibati və iqtisadi islahatlar, həm də şəhərin infrastruktur vəziyyəti zəruri edir. SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcud olması, sonrakı mərhələdə isə həmin ərazilərin ermənilər tərəfindən işğalı və orada qondarma rejimin elan edilməsi Xankəndinin uzun illər mərkəzi şəhər statusu qazanmasına səbəb olub. Ən azı Xankəndi şəhərinin Azərbaycan ərazisində ayrıca “paytaxt” təsəvvürü yaradılmasına cəhd olunub.

Halbuki, bütün bunlar Azərbaycana qarşı ermənilərin ərazi iddilarını reallaşdırmağa xidmət edən siyasi planın tərkib hissəsi olub. Xankəndi şəhərində erməni əhalinin sayı və inzibati ərazi vahidi kimi rolu məqsədyönlü şəkildə şişirdilib.

Bununla da ermənilər və Rusiya Azərbaycanda mərkəzi hakimiyyətə alternativ güc formalaşdırmağa çalışıb. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il iyulun 7-də DQMV-in yaradılması haqqında qərar qəbul edərkən paytaxt kimi Şuşanı deyil, əhalisinin yarıya qədəri erməni olan Xankəndini seçməsi də həmin məqsədə xidmət edirdi.

Ancaq 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi ilə Xankəndi şəhərinin paytaxt statusu da aradan qalxdı. İkinci Qarabağ müharibəsində status-kvonun ləğv edilməsi ermənilərin Xankəndi şəhərini qondarma paytaxt kimi saxlamaq cəhdlərinə son qoydu. Ona görə də Xankəndinin inzibati ərazi vahidi kimi administrativ bölgüsünə yenidən baxıla bilər.

Qeyd edək ki, Xankəndi 1923-cü ildən etibarən Azərbaycanın tərkibində respublika tabeli şəhər statusuna malik olub. Azərbaycan Prezidentinin iyulun 7-də imzaladığı fərmanla Xankəndi şəhəri Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Buna baxmayaraq, əhalisinin sayının az olması və inkişafdan geri qalması Xankəndinin şəhər statusunun ləğv edilməsini gündəmə gətirə bilər.

Bu halda Xankəndinin rayon, yaxud şəhər tipli qəsəbə kimi başqa şəhərin tərkibinə verilməsi mümkündür. Digər variant Azərbaycanda yerli şəhər və rayon tipli ərazilərin vahid inzibati mərkəzdə birləşdirilməsi ola bilər. Bu baxımdan, iqtisadi rayonların əsasında vilayətlərin yaradılması və bir mərkəzdən idarə olunması təklif edilir. Yerli hakimiyyət orqanlarının təyinat əsasında, yoxsa seçkili qaydada formalaşcağı isə hələ müəyyənləşməyib.

Prezident İlham Əliyevin Dövlət Televiziyasına müsahibəsində verdiyi müsahibədə söylədiyi fikirlər də Xankəndi ilə bağlı ərazi idarəetməni dəyişməyin vaxtının çatdığını göstərir.

“Bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi”.

Beləliklə, Xankəndi kəndinə şəhər statusunun verilməsi Azərbaycana qarşı təxribat məqsədi daşıyıb. Bu qərar sonralar Xankəndinin böyük, mərkəzi şəhərə çevirmək, inkişafına nail olmaq məqsədilə deyil, ermənilərin gizli siyasi planlarına xidmət edib. Dövlət başçısı qeyd edib ki, tarix hər şeyi yerinə qoyub.

“Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır.

Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır -25 min maksimum”.

Təbii ki, Prezidentin dediyi rəqəmlər hərtərəfli qaydada öyrənilmiş, tam reallığı əks etdirən rəsmi məlumatdır. Belə olan halda 25 min əhalisi olan Xankəndinə respublika tabeli şəhər statusu verməyə ehtiyac qalmır. Məsələn, bu gün Xankəndinin şəhər tipli qəsəbə kimi Şuşa şəhərinin tabeliyinə verilməsi onun inkişafına daha çox şərait yarada bilər.

Əks təqdirdə, ermənilərin dağların və meşələrin əhatəsində Xankəndini təcrid vəziyyətdə saxlaması ilk növbədə, onların özlərinin sosial-iqtisadi durumunun ağırlaşmasına səbəb olacaq.

Eyni zamanda, Xankəndini qondarma mərkəz edib nəzarətdə saxlamaq cəhdləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasıdır.

Üçüncüsü, vəziyyətin belə davam etməsi Xankəndinin terror yuvası kimi qalmasına şərait yaradır. Ona görə də Azərbaycan dövləti buna imkan verə bilməz.

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, Xankəndi və ermənilərin yaşadığı ərazilərin daxil olduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması yeni inzibati vahidin formalaşacağını göstərir. Bu baxımdan, Xankəndi Qarabağda mərkəzi şəhər statusuna malik olmayacaq:

“Belə bir vilayət mövcud olmadığı üçün onun mərkəzi şəhəri də olmayacaq. Eyni zamanda, Qarabağın hər bir bölgəsində ağıllı şəhər, ağıllı kənd layihəsi həyata keçirilir. Yəni Qarabağda Xankəndidən daha müasir şəhərciklər inşa olunacaq. Ona görə də Xankəndinin Qarabağdakı digər şəhərlərdən xüsusi üstünlüyü ilə seçilmək imkanı olmayacaq. Belə bir status olmadığına görə, Xankəndi sıradan bir yaşayış yeri olacaq.

Xankəndinə qayıdan azərbaycanlıların sayı da tədricən erməniləri üstələyəcək. Xankəndinin tarixi adı rəsmən özünə qayıdacağına görə bu bölgə Azərbaycan türklərinin yaşadığı şəhər olacaq. Azərbaycan Prezidentinin iyulun 7-də verdiyi Fərman yalnız Ermənistana deyil, həmçinin, ermənilərə havadarlıq edən Rusiyaya, Fransaya, ABŞ-a verilən mesaj idi. Əslində, Prezident İlham Əliyevin Moskvada Vladimir Putinlə görüşdən sonra belə müsahibə verməsi də göstərir ki, bu məsələlər artıq müzakirə predmeti deyil və ola bilməz.

Yəni nə status məsələsi, nə də Xankəndinin hansı inzibati-ərazi vahidinə daxil olması müzakirə ediləcək. Çünki ortada kokret Fərman var. Bu mövzunu artıq bitmiş hesab etmək olar. Sadəcə, bəzi problemlər var ki, onları da həll etmək üçün proseslər yaratmaq lazımdır”.

Həmsöhbətimiz bildirib ki, Moskva görüşündən öncə Naxçıvan sərhədində baş verən döyüşlərdə düşmənə zərbə endirildi və Rusiyayaya, Fransaya, ABŞ-a göstərildi ki, regionla bağlı layihələri Ermənistanla deyil, bu bölgənin ən güclü dövləti olan Azərbaycanla iş birliyi çərçivəsində həyata keçirmək lazımdır:

“Üstəlik, Azərbaycan tək deyil. Bölgədə Türkiyə dövləti və onunla imzalanmış Şuşa Bəyannaməsi var. Ona görə də mesaj aydın idi. Bu cür adekvat reaksiyalar davam etdikcə, Rusiyanın və Ermənistanın güzəştləri getdikcə daha intensiv xarakter alacaq. Azərbaycan sülhə tələsməməlidir. Biz qalib ölkəyik. Bizim şərtlərimizi qəbul edən tərəf Ermənistan olmalıdır. Ermənistan sülh üçün Azərbaycana yalvarmalıdır. Azərbaycan həm sərhədlərində hərbi əməliyyatlar aparmaq, həmçinin Zəngəzur dəhlizini güc yolu ilə açıb öz ərazisinə qatmaq hüququna malikdir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 11705