hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Xaricdə təhsil alan tələbələr: Diplomlar ölkəmizdə niyə tanınmır? - AÇIQLAMA

Xaricdə təhsil alan tələbələr: Diplomlar ölkəmizdə niyə tanınmır? - AÇIQLAMA

Hər il xaricdə təhsil almağa gedən tələbələrin sayı artır.

Xaricdə təhsil proqramından yararlanmaq gənclər üçün digər bir ölkədə təhsil almaq və yeni bir diyarın cazibəsindən və mədəniyyətindən zövq almaq imkanı yaradır. Xaricdə təhsilin bir çox həm üstünlükləri, həm də mənfi cəhətləri var.

Belə ki, bəzən onların diplomları tanınmır, ya da iş tapmaqda çətinlik çəkirlər.

Maraqlıdır, hazırda xaricdə təhsil alan nə qədər azərbaycanlı tələbə var? Onların qarşılaşdığı problemlər nələrdir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycandan kənarda 41 min azərbaycanlı gənc öz vəsaiti hesabına təhsil alır:

“Ümumiyyətlə, Azərbaycandan kənarda təhsil almağa gedənləri əsasən 3 qrupa bölürük. Birinci kateqoriya Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamayıb, amma ali təhsil arzusunda olan şəxsləri əhatə edir. Qeyd edim ki, bu kateqoriyadan olan şəxslər çoxluq təşkil edirlər. İkinci kateqoriyaya daxil olanlar Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli balı toplayıb, burada univeristetə qəbul olurlar. Lakin oxuduqları universitet və ixtisas, təhsilin keyfiyyəti onları qane etmir. Bu səbəbdən də onlar xarici ölkələrə üz tuturlar. Üçüncü kateqoriya isə dövlət proqramları və ya dövlətlərarası müqavilə ilə xarici ölkələrə gedən şəxslərdir. Bunlar xaricə gedən azərbaycanlı tələbələrin çox az bir qismini təşkil edir.

Təkcə 2007-2015-ci illərdə xaricdə təhsil proqramı ilə Azərbaycandan kənarda 3500 nəfər oxumağa gedib. Hazırda ən çox azərbaycanlı gənc qardaş Türkiyədə oxuyur. Onların sayı 21 min nəfərdir və onlardan 16 mini bakalavr pilləsində təhsil alır. Bundan sonra ən çox azərbaycanlı tələbələrin getdiyi ölkələr Ukraynadır.

Orada təhsil alan azərbaycanlı tələbələrin sayı 8 min nəfərdən çoxdur. Qonşu Gürcüstan və Rusiyada da 2500-3000-ə yaxın azərbaycanlı gənc oxuyur. Digərləri isə Avropa və Amerikanın nüfuzlu universitetlərində təhsil alırlar. Lakin biz digər ölkələrlə müqayisə aparsaq, bura gedənlərin sayı çox deyil”.

Ekspert qeyd edib ki, xaricdə təhsil alıb geri qayıdan tələbələrin diplomlarının tanınması ilə bağlı problem var:

“Xüsusilə Ukrayna və Gürcüstanın diplomları və Türkiyədə distant təhsil alanların diplomları birmənalı şəkildə tanınmır. İş tapmaq məsələsinə gəldikdə, bir çoxları özəl sektorda işləyirlər və onlar üçün yalnız ali təhsil tələb olunur. Yəni ixtisası bilmək o qədər də vacib deyil. Sonradan dövlət qulluğuna qəbulda təbii ki, bu onların iş tapmasında müəyyən qədər çətinlik yaradır. Çünki onların bilik və bacarıqları Azərbaycanda oxuyanlarla müqayisədə o qədər də yüksək olmur. Lakin dövlət proqramları çərçivəsində, ya da dövlətlərarası müqavilələrlə xarici ölkələrə gedənlər dövlət qulluğuna imtahan mərhələsindən azaddırlar. Onlar birbaşa müsahibə mərhələsində iştirak edirlər. 40 min nəfərdən çox şəxsin Azərbaycandan kənara getməsi, onun müqabilində isə Azərbaycanda oxuyan xarici ölkə vətəndaşlarının tələbələrinin sayının 5600 olması kifayət qədər ciddi və təhlükəli rəqəmdir.

40 min nəfərdən çox şəxsin Azərbaycandan kənarda təhsil alması beyin axımı, eyni zamanda vəsait axımı deməkdir. Onların illik təhsil haqqı, yaşam və digər xərclər Azərbaycandakı yaxın qohumları, ailə üzvləri tərəfindən ödənilir. Bu da ölkədən kənara hər il böyük məbləğdə vəsaitin axını deməkdir. Hesab edirəm ki, biz Azərbaycanda həmin şəxslərin təhsillərini davam etdirmələri üçün bütün köçürmə, transfer müraciətlərinə müsbət cavablar verməliyik ki, Azərbaycandan kənara vəsait axını olmasın”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 881