hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Xaricdən göndərilən pullar azalıb - SƏBƏBLƏR

Xaricdən göndərilən pullar azalıb - SƏBƏBLƏR

2019-cu ilin I rübündə ölkəyə daxil olan pul baratları 215 milyon ABŞ dolları təşkil edib.

Məlumat Mərkəzi Bankın “Yanvar- Mart 2019” Pul Siyasəti İcmalında yer alıb. 2018-ci ilin yanvar-mart aylarında ölkəyə daxil olmuş pul baratlarının dəyəri 291,8 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycana xaricdən pul köçürmələri 26,4 faiz azalıb. Qeyd edək ki, 2018-ci ildə ölkəyə daxil olan pul baratları 2017-ci ilə nəzərən, 6 faiz artaraq 1 milyard 80 milyon ABŞ dolları təşkil etmişdi.

İqtisadçı-ekspert Nazim Bəydəmirli pul baratlarının azalmasının səbəblərini “Cümhuriyət” qəzetinə şərh edib. O bildirib ki, pul köçürmələrini həyata keçirən fiziki şəxslər, əsasən, ölkəmizdən miqrasiya etmiş vətəndaşlardır:

“Azərbaycana pul köçürmələri, əsasən, Rusiyadan, Türkiyədən, Ukraynadan transfer edilir.

Pul köçürmələri bu ölkələrdə yaşayan və çalışan vətəndaşların hesabına artıb-azalır. Miqrasiya etmiş vətəndaşlarımız ailələrini saxlamaq üçün mütəmadi olaraq bank və ya poçt vasitəsilə vəsait göndərirlər. Sadaladığımız ölkələrdə devalvasiya, yüksək faizlər və inflyasiya, eyni zamanda iqtisadi sanksiyalar fonunda iqtisadi fəaliyyət azalıb. Bu isə soydaşlarımızın gəlirlərinə təsir edib, artıq onlar mütəmadi olaraq vəsait göndərə bilmirlər. Ümid edək ki, Azərbaycanda iş yerləri yaradıb soydaşlarımızı burada çalışmağa sövq edərlər. Lakin çox təəssüf ki, ölkədə inhisarçı məmur sahibkarlığın mövcudluğu bu prosesin həyata keçirilməsinə imkan vermir.

Əsas səbəb də məmur sahibkarlığının iqtisadiyyatda yaratdığı inhisarçılıqdır ki, bölgələrdəki vətəndaşlarımız kütləvi şəkildə öz yaşayışlarını təmin etmək, ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutublar. Azərbaycanlıların miqrasiya etdiyi ölkələr arasında Rusiya ilk yerləri tutur.

İndi Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların təsirindən rublun məzənnəsinin aşağı düşməsi orada yaşayan həmyerlilərimiz tərəfindən ölkəyə transfer edilən pul köçürmələrinin azalması ilə nəticələnib”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 4005