hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Xarici investorları Azərbaycana necə gətirməli?

Xarici investorları Azərbaycana necə gətirməli?

Cari ilin 8 ayı  ərzində iqtisadi və sosial sahələrinin inkişafına ayrılan investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. 

Məlumata görə, 2019-cu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 627,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,0 faizi xidmət sahələrinə, 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.

Məlumata görə, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9 faiz, büdcə vəsaitləri 27,7 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 953,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz az vəsait yönəldilib.

İqtisadi və sosial sahələrinin inkişafına ayrılan investisiyaların həcminin azalmasının başlıca səbəbləri hansılardır? Sərmayələrin azalmasının qeyd olunan sahələrə hansı təsirləri ola bilər?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, investisiyaların azalmasının iki əsas səbəbi var:

“Birinci səbəb ondan ibarətdir ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində investisiyaların azalması müşahidə olundu. Çünki həm “Şahdəniz 2” , həm TANAP, həm də bu layihə ilə  bağlı olan digər layihələrdə işlər artıq tamamlanmaq üzrədir. Bu, obyektiv səbəbdir. Subyektiv səbəb isə ondan ibarətdir ki, Azərbaycanda həmişə ilin sonuna yaxın büdcə xərcləmələrindən ayrılan investisiyaların həcmi artır. Bu il bunu daha  tez müşahidə etdik”.

İqtisadçı deyir ki, investisiyaların böyük əksəriyyəti dövlət büdcəsi  hesabına qoyulur ki, bu da mənfi haldır: 

“İnvestisiya qoyuluşunda özəl sektorun və ya xarici sərmayənin iştirakı çox azdır. Bu il sosial layihələr başlandı, maaş və təqaüd artımı ilə bağlı iki dəfə qərar verildi. Maliyyə naziri Samir Şərifov da Prezidentin yanındakı son müşavirələrdən birində dedi ki, ayrılan vəsaitlərin xərclənməsi kifayət qədər zəifləyib, bu da imkan verir ki, növbəti ildə investisiya layihələrinə ayrılan vəsaitin həcminə yenidən baxılsın. Belə demək olar ki,  ilin əvvəlində sosial xərclər artırıldığından investitsiya layihələrinə bir qədər qənaətlə yanaşıldı”. 

Natiq Cəfərli hesab edir ki, ilin sonuna doğru büdcə hesabına investisiya layihələrinin maliyyələşməsi yenidən  artacaq: 

“İlin sonuna qədər ötən illə eyni səviyyəyə çatması gözlənilir. Amma problem odur ki, Azərbaycanda investisiya sahəsində aktivlik əsasən büdcə, yəni dövlət investisiya layihələrinin hesabınadır. Özəl sektorda da özəl və dövlət şirkətlərinin birgə qoyduğu investisiyalardır. Əsasən qeyri-neft sektoruna xaricdən investisiya qoyulması halları həddindən artıq azdır. İl ərzində bir-iki belə örnək olub ki, buna kombi zavodunun və ya İranla birgə açılan avtomobil zavodunu göstərmək olar. Amma bu çox kiçikdir, həm də istehsal sahələri də deyillər, orada əsasən yerli komponentlərdən istifadə olunmadan yığımla məşğul olurlar. Bu da bizim istədiyimiz mənzərə deyil. Hökumətin düşünməli olduğu əsas məsələ də bundan ibarətdir ki, birbaşa xarici investorların Azərbaycana cəlb edilməsi istiqamətində ciddi adddımlar atılsın. Təşviq siyasəti aparılaraq, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində inandırıcı addımlar ataraq, ölkəyə investitsiya qoyulmasına şərait yaransın. İndiki halda, investisiyaların tərkibinə də baxanda ən azı 70 faiz dövlət investisiyalarını görmək olur ki, bu da kifayət qədər böyük rəqəmdir və dayanıqlı iqtisadi inkişaf üçün yetərli deyil. Yəni dövlət investisiya layihələri hesabına iqtisadi aktivliyi uzun müddət qoruyub saxlamaq mümkün olmayacaq”. 

Rəsmi qurumların 55.9 faizin müəssisə və təşkilatların hesabına ayrılması ilə bağlı açıqlamaya gəldikdə isə, iqtisadçı həmin faizin də böyük bir qisminin əslində, dövlət investitsiyaları olduğunu bildirdi: 

“Problem də ondadır ki, onlar da dövlət şirkətləridir - yəni SOCAR, “Azərenerji”, “Azərsu”-dur. Azərbaycanda 91 dövlət şirkəti var. Onlar rəsmən şirkət investisiyaçısı kimi qeydiyyata düşür. Amma faktiki olaraq bu dövlət investisiyalarının başqa formasıdır. Bu yaxınlarda Bakı ətrafında yeni elektrik stansiyalarının açılışı oldu. Həmin investisiyalar “Azərenerji” və Bakı Elektrik Şəbəkəsinin xətti ilə qoyulub, amma dövlətin investisiyasıdır”.

Natiq Cəfərli bildirir ki, birbaşa investisiyaların artrılması üçün ölkədə iqtisadi mühit liberallaşdırılmalı, keyfiyyət dəyişikliyi edilməli, daha cəlbedici olmalıdır ki, xarici investorlar daha çox Azərbaycana üstünlük versinlər. O, bir məqamı da vurğuladı kı, bu dövr ərzində Gürcüstana qoyulan investisiyaların həcmi təxminən 40 faizə yaxın  artıb.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1145