hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Xəstəxananın meyiti “girov” saxlamaq hüququ varmı? - Vəkil son günlərin qalmaqallı xəbərini şərh edir

Xəstəxananın meyiti “girov” saxlamaq hüququ varmı? - Vəkil son günlərin qalmaqallı xəbərini şərh edir

“Bona Dea Beynəlxalq Hospitalı”nda meyiti girov saxlanılan 22 yaşlı qızla bağlı qalmaqal davam edir.

Ailə ilə klinika arasında olan qalmaqalda tərəflər müxtəlif arqumentlərlə özlərini haqlı olduğunu sübut etməyə çalışırlar.

Ciddi müzakirələrə və etiraza səbəb klinikanın xərçəng xəstəsi olanTəbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verməsindən imtina olub. İmtinaya səbəb isə müalicəsi üçün ailədən tələb olunan pulun qalıq borcunun ödənməməsi ilə bağlıdır. Bu da ictimaiyyətdə insanlığa qarşı əməl kimi qiymətləndirilib.

Ümumiyyətlə, klinikaların meyiti pula görə ailəsinə təhvil verməmək hüququ qanunla tənzimlənirmi?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Cebhe. info-ya açıqlamasında sözügedən məsələnin qanuni aspektini belə izah edib:

“Hər hansı bir xəstəxananın meyiti pula görə girov saxlaması qanunda tənzimlənməyib. Amma ailə ilə klinika arasında bağlanan müqaviləyə baxmaq lazımdır. Əgər klinika müəyyən pulun ödənilməsi müqabilində qızın sağalmasını öz öhdəsinə götürmüşdüsə, öz vəzifəsini icra etməyibsə və şəxs ölübsə, əksinə o pul klinika tərəfindən ölən şəxsin ailəsinə ödənməlidir. Məsələn, klinika müalicəni bir aylıq hesablayıb və xəstə 10 gün sonra vəfat edib. Tutaq ki, bu ölümdə klinikanın günahı yoxdur. Sadəcə, xəstə ölüm ayağında olub. Ona görə də klinika 10 günün pulunu saxlayıb, 20 günün pulunu qaytarmalıdır. Bu məsələdə də xəstənin klinikada neçə gün yatdığını, ona tibbi xidmət göstərildiyini hesablamaqla pulun digər hissəsini klinikadan tələb etmək olar. Əgər şəxs sadəcə, müqaviləyə görə avans ödəyibsə, tutaq ki, 30 min manat ödəməlidir, 2 min ödəyib və bu pul 10 günün tibbi xərclərinə kifayət etməyib, bu halda klinikanın şəxsdən göstərilən xidmət müqabilindəki pulu məhkəmə yolu ilə almaq imkanı var. Amma meyiti girov saxlayaraq bununla ailəni şantaj etmək qanuna və insanlığa ziddir”.

Vəkil digər vacib bir məqama da diqqət çəkib. O deyib ki, belə olaylarda xəstənin ölümünə səbəb də böyük rol oynayır:

“Ölən şəxsin valideynləri istintaqa müraciət edə bilər. Həkim səhlənkarlığı varsa, əksinə ailə klinikadan dəymiş mənəvi və maddi ziyanın ödənilməsini tələb edə bilər. Artıq belə işlər üzrə Azərbaycanda kifayət qədər məhkəmə təcrübələri var. Bu yaxınlarda Ali Məhkəmə həlak olmuş həyat yoldaşına görə ərinə dəymiş mənəvi ziyana görə 900 min manat kampensasiya ödənilməsinə qərar vermişdi. Bu, görünməmiş bir fakt idi. Belə məhkəmə faktlarına istinad edərək, vəfat edən qızın valideynləri də klinikadan dəymiş zərərin ödənilməsini tələb edə bilərlər”.

Qeyd edək ki, 3 gün əvvəl Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova yerləşdirildiyi "Bona Dea Beynəlxalq Hospitalı"nda ağciyər çatışmazlığından vəfat edib. Dünyasını dəyişən 22 yaşlı qızın meyitinin borc səbəbindən ailəsinə təhvil verilməsində problem yaşanmışdı. 22 yaşlı qızın anasının mətbuata verdiyi açıqlamada qeyd olunurdu ki, klinika qızının sağalması üçün 30 min manat tələb edib. Ailənin klinikaya 8 min manat borcu olub. Xəstəxanaya yerləşdiriləndən 16 gün sonra Təbəssüm Məmmədova dünyasını dəyişib. Klinika meyiti girov saxlayaraq yalnız 8 min borcun ödənilməsi müqabilində nəşi ailəyə təhvil veriləcəyini bildirib. Məsələ ictimailəşdirildikdən sonra məsələ həllini tapıb.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 914