hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Xəzərdən daha “qan iyi” gəlməsə də: “Dostluq” niyə tən bölünmədi?

Xəzərdən daha “qan iyi” gəlməsə də: “Dostluq” niyə tən bölünmədi?

Xəzərdə “Dostluq” yatağının işlənməsi ilə bağlı Azərbaycanla Türkmənistan arasında imzalanan anlaşmanın detalları daha da dəqiqləşib.

Xəbər verildiyi kimi, Azərbaycan və Türkmənistan arasında yanvarın 21-də imzalanmış “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qanun layihəsinin təfərrüatları açıqlanıb.

Məlumata görə, qanun layihəsinə əsasən, tərəflər “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədi ilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcəklər. “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.

Ekspertlər hesab edirlər ki, yataqda təqribən 100 milyon ton neft və qaz ehtiyatının olduğu ehtimal edilir. Onun da yarısını çıxarmağın mümkün olduğunu nəzərə alsaq, 50 milyonunu hasil etmək olar. Bu isə təqribən 35 milyard dollar deməkdir.

Maraqlıdır, nəyə görə yatağın böyük hissəsi Türkmənistanın payına düşüb və Azərbaycanın sözügedən yatağın işlənməsindən qazancı nə olacaq?

Politoloq Elşən Manafov “Cümhuriyət”ə açıqlamasında deyib ki, “Dostluq” yatağının karbohidrogen resurslarının 70 faiznin Türkmənistanın payına düşməni bir neçə faktorla əlaqəli ola bilər:

“Xəzərin hüquqi statusu ilə bağlı Azərbaycanla Türkmənistanın fərqli fikir və mövqeləri olmuşdu. Azərbaycan ona aid ola biləcək Kəpəz yatağından neft və qazın çıxarılması ilə bağlı öz mövqeyini ortaya qoyurdu. Türkmənistan isə əksinə, bəyan edirdi ki, bu ərazilər onun ərazi sularına yaxın olduğu üçün bu yataqdan istifadə etməkdə onun haqqıdır.

Ümumiyyətlə Xəzəryanı dövlətlər onun statusu ilə bağlı məsələyə fərqli aspektdən yanaşırdılar. Xəzərə beynəlxalq dəniz hüququ baxımından yanaşanlar da vardı, Kandaminum prinsipini tətbiq edib, su ərazilərinin Xəzəryanı dövlətlər arasında 20 faiz nisbəti ilə bölünməsinə razı olanlar da vardı. Məsələn, İranın mövqeyi təqribən belə idi.

Bu da əslində, İranın, müəyyən mənada da Türkmənistanın maraqlarına cavab verirdi. Çünki Sovet İttifaqı dönəmində Xəzərin bölünməsi ilə bağlı 1921- 1940-cı illərin müqavilələri vardı ki, həmin müqavilələrin şərtlərindən çıxış etdikdə, Xəzər su hövzəsinin ərazi göstəricilərinin 82 faizi SSRİ-nin, 18 faizi isə İranın payına düşürdü.

Təbii ki, SSRİ dağıldıqdan sonra, xəzəryanı dövlətlər arasında bu məsələyə aydınlıq gətirilməsinə ciddi ehtiyac yaranmışdı. Hətta Türkmənistanın sabiq prezidenti Saparmurad Niyazov Aşqabad sammitində demişdi ki, Xəzərdən qan iyi gəlir. Bu bəyanat da o zaman Türkmənistanla Azərbaycan arasında müəyyən gərginliyə səbəb olmuşdu. İndi bu mübahisəli predmet arxada qalıb və tərəflər arasında razılıq əldə edilib. Güman edirəm ki, resursların 70-in 30-a nisbətində bölünməsi yatağın daha çox Türkmənistanın ərazi sularına bağlı olması ilə əlaqədardır. Bundan başqa, həm də yatağın işlənməsində hansı tərəfin daha çox investisiya qoyacağı da mühüm rol oynayır.

Ola bilər ki, Türkmənistanın yatağın işlənməsinə sərf etdiyi xərclər Azərbaycanın çəkdiyi xərcdən daha çoxdur. Çıxarılan payın 70-in 30-a nisbətində bölünməsi də dediyimiz reallıqlardan irəli gəlir”.

Politoloq yatağın işlənməsindən Azərbaycanın əldə edəcək qazanclarından da bəhs edib:

“Digər məsələ isə ondan ibarətdir ki, Türkmənistanın öz qazını Xəzərin dibi ilə Azərbaycan ərazisindən keçməklə Avropaya çıxarılmasına bir qayda olaraq, həmişə Rusiya mane olub. Rusiya Türkmənistanın bu kəmərlərinə ekoloji kontekstdə ciddi problemlər yaradacağını bəyan edirdi. Amma Rusiyanın mövqeyi təkcə ekoloji amillərə istinad etməyəcəkdi. “Qazprom” bu gün türkmən neftini öz ərazisindən Avropaya çıxarılmasını təmin edir. Təbii ki, tranzit ölkə kimi bundan qazanır və nəticə etibarı ilə Avropa alternativ enerji xətlərinin açılmasının qarşısını alır. Elə Rusiyanın da istədiyi bu idi. İndi Türkmənistanla Azərbaycan arasında əldə edilmiş bu razılığa bütün hallarda yüksək qiymət vermək lazımdır.

Çünki bütün hallarda bu, Avropaya daha bir alternativ enerji kəmərinin çəkilməsi deməkdir ki, bu da istər Azərbaycanın, istərsə də Türkmənistanın Avropa ilə ticarət əlaqələrinin genişlənməsində, qərb ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında bu dövlətlərin rolunu artıracaq. Digər tərəfdən, bu iki dövlət vasitəsi ilə Avropanın Çinlə olan ticarət əlaqələri daha da genişlənəcək. Nəzərə almaq lazımdır ki, 2020-ci ildə Çin Avropa ölkələri ilə ticarət münasibətlərində ABŞ-ı geridə qoyub, birinci yerə çıxıb. Güman edirəm ki, yeni bir alternativ enerji xəritəsinin istifadəyə verilməsi, geosiyasi anlamda Çinin də maraqlarına cavab verəcək”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 6029