hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

XOCALIYA ƏDALƏT: Qatillər hakim qarşısına necə çıxarılacaq?

XOCALIYA ƏDALƏT: Qatillər hakim qarşısına necə çıxarılacaq?

Tarixdə xüsusi qəddarlıqla törədilmiş soyqırım faktlarından biri Xocalı qətliamıdır.

Bu gün qətliamdan 27 il ötür. XX əsrin ən dəhşətli faciəsi hesab olunan Xocalıya təəssüf ki, hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib. Halbuki bu qətliamda insanlığa qarşı ağlasığmaz vəhşiliklər törədilib, insan hüquqları kütləvi və kobud şəkildə pozulub. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. Faciəyə görə Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilmir.

Soyqırımı törədənlər isə cəzasız qalmaqdadır. Tarixdə analoqu olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda, dünyanın gözü qarşısında baş versə də, dünya dövlətləri Xocalı faciəsinə əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməyiblər. Xocalı soyqırımının müəllifləri Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Zori Balayan və digərləri hələ də cəza almayıb.

Məlumat üçün bildirək ki, 1992- ci ilin qanlı faciəsinə kimi Xocalı şəhərində 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş Ahıska türklərinin bir hissəsi Xocalıya pənah gətirərək burada məskunlaşmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Əvvəlcə şəhər dörd istiqamətdən erməni qoşun birləşmələri tərəfindən mühasirəyə alınmış, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhər yandırılıb, tamamilə alova bürünüb. Silahsız və köməksiz dinc əhali qanına qəltan edilib. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib, bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan olub. Canını götürüb qaçmaq üçün dağlara, meşələrə üz tutmuş dinc əhali erməni faşistləri tərəfindən güllələnib, onlara amansız divan tutulub. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisinin 613 nəfəri vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Onlardan bəziləri diri-diri yandırılıb, başları kəsilib, dərisi soyulub, bədən üzvləri kəsilərək götürülüb, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir etməkdən belə çəkinməyiblər.

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, illərdir bu məsələ gündəmə gəlir və amansız qəddarlığı törədənlər barədə beynəlxalq məhkəmələrə müraciət olunması təklif olunur:

“Çox təəssüf ki, deyilir, amma həyata keçirilmir. Bir vətəndaş və hüquqşünas olaraq hesab edirəm ki, bu barədə cəhdlər göstərmək lazım idi. Düzdür, ayrı-ayrılıqda məsələyə hüquqi qiymət verilməsi ilə bağlı iddialar qaldırılıb. Biz də Avropa Şurasına 25-ə yaxın müraciət ünvanlamışıq. Ancaq analoqu olmayan qəddarlığa və bəşəriyyətə qarşı olan cinayətə görə iddia qaldırılmayıb. Çünki belə bir müraciətin olduğu barədə açıqlama verilməyib. İndi də gec deyil. Çünki belə cinayətlərdə müddət məsələsi yoxdur. Əsrlər də keçsə, bu barədə şikayət vermək olar və günahkarların məsuliyyətə cəlb olunmasını tələb etmək olar. Faşist Almaniyasında cinayət törətmiş şəxslərin indi də məhkəməsi gedir”.

Hüquqşünas deyib ki, əgər dövlət tərəfindən Xocalı faciəsinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı dəstək olarsa, bütün vəkillər, hüquqşünaslar yekdilliklə bu işə cəlb olunar:

“Sadəcə bunu özbaşına etmək mümkün deyil. Çünki çoxlu sayda materiallar, eləcə də qətlə yetirilənlərlə bağlı rəsmi sənədlər lazımdır. Bundan əlavə, fərdi şəkildə də məsələ qaldırmaq olar. Belə ki, qətlə yetirilənlərin yaxınları vəkillərlə birgə Avropa Məhkəməsində iddia qaldıra bilərlər. Bu işlərin görülməsi üçün yalnız dəstək, istək və kömək lazımdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2384