hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Yasda qəzəl oxuyan mollalar: “Savadsızlıqdan belə edirlər” - İlahiyyatçı

Yasda qəzəl oxuyan mollalar: “Savadsızlıqdan belə edirlər” - İlahiyyatçı

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimlərində verilən yeməkləri yığışdırmağa cəhd etsə də, molla şəbəkəsi buna imkan vermədi”. 

Bunu Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, yas mərasimlərinin təşkilində xeyli xurafat nümunələri var: 

“Xurafatdan doğan bu əməllər hamısı zaman-zaman bəzi hiyləgər mollaların mənfəət üçün artırıb dinə gətirdikləri bidətlərdir. Məsələn, Peyğəmbər bu dinin əsasını qoymuş şəxsdir, ona öz vəsiyyətinə əsasən, cəmi üç gün yas saxlanıb. Yəni, nə 7, nə 40, nə 52, nə də il mərasimi təşkil olunmayıb. Bunu İslam tarixi təsdiqləyir. Lakin sonralar ruhanilər yas mərasimlərinin növlərini "icad" edərək özlərinə pul qazanmaq sənəti meydana gətiriblər. Yas mərasimlərini idarəedən mollaların bəziləri ağıllarına gələni danışmaqla, bəsit söhbətlərlə insanları yorur, bəzən dinə ikrah hissi yaradırlar. Əgər yas mərasimi təşkil edilibsə, dində o mərasimi hökmən mollanın idarə etməsi deyə bir qayda yoxdur. Mollanın başa keçib qəzəl, şeir, nağıl oxumasındansa, iştirak edənlərin sıra ilə mərhumun yaxşı işlərindən, xatirələrindən danışıb ailəsinə başsağlığı verməsi həm dinə uyğun olar, həm də milli adətlərə. Təəssüf ki, buna mollalar imkan vermirlər”. 

Tural İrfanın sözlərinə görə, əhalinin əksəriyyəti də dinin mahiyyətindən məlumatsız olduqları üçün belə mollalara etiraz edə bilmir və onların dediklərinə təslim olurlar: 

“Əgər məclisi molla idarə edirsə, o ilk öncə mərhum haqqında danışmalı, onu tanıtmalı, onun yaxşı işlərindən məclis əhlinə söhbət açmalıdır. Sonra dindən, İslamdan, Qurandan bəhs etməlidir”. 

İlahiyyatçı qeyd edib ki, yas məclisində şeir və ya qəzəl oxumaq dini rişxənd obyektinə çevirməkdir: 

“Yas məclisi şeir festivalı deyil ki, orada qəzəl oxunsun. Şeir adətən şadlıq və toy məclislərində deyilir. Yasda daha ciddi söhbətlər və tövsiyələr danışılmalıdır. Yasda qəzəl oxuyan savadları başqa dini söhbətlər etməyə imkan vermədiyi üçün belə edirlər. Təəssüf ki, bunu edən ruhanilər, mollalar nəzarətsizdirlər”. 

Tural İrfan hesab edir ki, şeir oxuyan mollaları yasa dəvət edənlərin borcu həm də hüzn məclisinin ahənginə uyğun söhbətlərin aparılmasını tələb etməkdir: 

“Çünki o mollaya məclis idarə etmək üçün kifayət qədər rüşvət verilir. Rüşvət ona görə deyirəm ki, hər bir müsəlmanın fərz olan borcudur ki, digər müsəlmanı yerdən götürsün, təmənnasız onun məclisini idarə etsin və pul almasın. Quranda ölü götürüb pul alanlara, Allahın ayələrini pul qarşılığında satanlara qarşı “Bəqərə” surəsində sərt ifadələr, tənqidlər var. Bəzən sual edirlər ki, bəs molla nə ilə dolanmalıdır? Əvvəla İslamda molla, ruhani deyə bir təbəqə yoxdur. Nə peyğəmbər, nə imamlar, nə də onların davamçıları mollalıq etməyiblər. Əgər bu indi formalaşıbsa, onda mollalar da hamı kimi bir sənət, peşə öyrənib ruzisini qazanmalı, Allahın dinini qazanca alət etməməlidirlər. Kimisə dəfn edib, yasını aparmaq hər kəsin borcudur. Əgər bilən birisi ölən müsəlmanı dəfn etməsə, onun boynunda böyük günah var deməkdir. Ona görə də mollaların dəfndən, meyit namazından, Quran oxumaqdan aldıqları pullar sırf rüşvət hesab edilir. Peyğəmbərin hədisində deyilir ki, cəhənnəmin əksəriyyəti mollalar, ruhanilər, keşişlər, rahiblər, qazılar olacaq. Məhz həmin cəhənnəm əhlidir ki, digər hədisində də Allah elçisi onlar haqda deyir: "Çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur! "Ona görə də hesab edirəm ki, cəmiyyətimizi korlanmaması, adət-ənənələrimizə xələl gəlməməsi üçün dövlət qurumları xurafatçı ruhani təbəqəsinə qarşı nəzarəti gücləndirməlidir””. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1255