hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

"Yeddi oğul"dan birinin doğum günüdür

"Yeddi oğul"dan birinin doğum günüdür

Bu gün Azərbaycan kino sənətində özünəməxsus yer tutan aktyor və rejissor Əbdül Mahmudovun 75 yaşı tamamlanır.

Cebhe.info xəbər verir ki, Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır.

Ömrünün çox hissəsini kino sənətinə həsr etmiş istedadlı sənətkar öz yaradıcılığı boyu Azərbaycanın görkəmli sənətkarları olan Həsən Seyidbəyli, Adil İsgəndərov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsənağa Turabov və neçə-neçə kino korifeyləri ilə çiyin-çiyinə çalışıb, onların təcrübəsindən bəhrələnərək kinoda müxtəlif səpkili, parlaq və tamaşaçı tərəfindən sevilən obrazlar yaradıb, maraqlı filmlərə quruluş verib. Onun "Yeddi oğul istərəm" filmindəki Qasım və "Nəsimi"dəki Dərviş obrazları xüsusilə yaddaqalandır.

Ə.Mahmudov 1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil aldıqdan sonra, təyinatla "Azərbaycanfilm" kinostudiyasına gəlib və ikinci rejissor kimi yaradıcılıq fəaliyyətinə başlayıb. 1973-1976-cı illərdə Ə.Mahmudov Moskvaya Ali Kinorejissorluq kursunda təhsilini davam etdirməyə gedib. O, Moskvada L.Trauberqin və G.Daneliyanın emalatxanasında təhsil alıb, təcrübə qazanıb. Diplom işi kimi "Qeyri-adi ov" filmini çəkərək əla qiymətlə təhvil verib. Sonra doğma kinostudiyaya qayıdıb və burada yaradılan "Kino-aktyor" teatrının bədii rəhbəri olaraq fəaliyyətini davam etdirib.

Onun bədii kinoda ilk ən böyük işi "Atları yəhərləyin" ("Qaçaq Nəbi") filmidir. Bu film üzərində o, dostu və sənət yoldaşı Həsənağa Turabovla birlikdə uğurla işləyib. Onun "Firəngiz" (1975), "Üzü küləyə"(1977), "Şəhərli biçinçilər" (1985), "İki sahil" (1989), "Gecə qatarında qətl" (1990) bədii filmləri sevilə-sevilə baxılan və tamaşaçı rəğbəti qazanan ekran əsərləri olmaqla yanaşı, həm də öz dəsti-xəttilə, peşəkarlığıyla seçilən, vətənə və torpağa vurğu bir sənətkarın yaradıcılıq məhsullarıdır.

Azərbaycan Dövlət Mükafatına və əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş Əbdül Mahmudov Kinematoqrafçılar İttifaqının və Professional Kinorejissorlar Gildiyasının üzvüdür, milli kinematoqrafın fəal nümayənlərindən biri, öz həmkarları və dostları arasında nüfuza malik sənətkardır.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 683