hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - RAKURS

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - RAKURS

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün milyonların partiyasına çevrilən, nəinki ölkənin, regionun ən aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik.

Ümummilli liderin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi yarandığı gündən bugünədək keçdiyi yola bələdçilik edir.

29 illik müstəqillik tariximizin ilk iki ili xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi xarakterizə olunur. Yaşanan bu reallıqlar ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını zərurətə çevirdi. Məlum səbəblərdən təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif regionlarından 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvün birləşməsi daim vurğulandığı kimi, sadəcə bir statistika deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, möhkəm təmələ əsaslanan siyasətə dəstəyin bariz nümunəsidir. Milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyası populizmdən uzaqlığın, sözlə əməl birliyinin, tutduğu yola sadiqliyin nəticəsi olaraq nəinki ölkədə, eyni zamanda, regionda aparıcı siyasi qüvvə kimi tanınır və nüfuz qazanır.

Yaranandan cəmi 7 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş illəri kimi daxil olub. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etdi. Tarixdə şəxsiyyətlərin rolunu daim xüsusi qeyd edən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin fəaliyyətini buna bariz nümunə kimi göstərir:

“Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir”.

Hakimiyyətinin hər iki dövründə xalqa, Vətənə xidmət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Azərbaycanın uğurları başqa ölkələrlə müqayisə oluna bilməz. İqtisadi inkişaf, həyata keçirilən nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir:

“Biz ən böyük ölkələrlə tərəfdaşlıq münasibətlərindəyik. İmkanlarından, ölçülərindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qura bilmişik. Biz öz siyasətimizi qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında qururuq”.

Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihənin öz həllini tapa bilməməsi ölkəmizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizin dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması da uğurlu siyasətinə əsaslanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası uğurlarımızın bələdçisi olmaqla yanaşı, bu siyası təşkilatın hər bir nailiyyətimizdə öz payı, yeri vardır. Partiyanın ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Tarixə qısa nəzər salsaq, Yeni Azərbaycan Partiyasının 1998, 2003, 2008, 2013 və 2018-ci il prezident, 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci il parlament, 1999, 2004, 2009, 2014 və 2019-cu il bələdiyyə seçkilərində uğur qazanmasını şərtləndirən də məhz bu amillərdir.

Bununla yanaşı, partiyanın Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə bu günədək üç dəfə ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs də xalqımız tərəfindən dəstəklənib.

“Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq”,- deyən Prezident İlham Əliyev bildirir ki, əməlimiz, işlərimiz, verilən sözlərə sadiqliyimiz Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir.

Yeni Azərbaycan Partiyasının üzvlərinin say tərkibinə diqqət yetirsək, 40 faizini gənclər təşkil edir. Bu, YAP-ın gəncləşən partiya imicini bir daha təsdiqləyir. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın uğurlu gələcəyi naminə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Cənab İlham Əliyev bildirir:

“Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.

28 ildən artıq dövrə nəzər salarkən bu faktı da qeyd etməliyik ki, tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən qalib çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb. 11 aprel 2018-ci il prezident və 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri bunu bir daha təsdiqlədi. Milyonların partiyası olduğunu uğurları ilə təsdiqləyən YAP-ın gələcəyinə inam böyükdür. Daim təkmilləşməyə, yeniləşməyə meyil göstərən Yeni Azərbaycan Partiyası 2019-cu ilin noyabrında ölkədə həyata keçirilən təkmil islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi.

Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncamına uyğun olaraq, 2020-ci ilin 9 fevralında növbədənkənar parlament seçkiləri keçirildi. Atılan bu addım bir daha təsdiqlədi ki, davamlı inkişaf, təkmilləşmə dövlət siyasətinin əsasını təşkil edir. Bu təkmilləşmədə Yeni Azərbaycan Partiyasının öz yeri, rolu var. Azərbaycanın bugünkü uğurları ulu öndər Heydər Əliyevin «91-lər»in müraciətinə cavabında böyük inamla söylədiyi “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” fikrinin təsdiqidir.

Bu tezisin davamı olaraq “Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi” söyləyən cənab İlham Əliyev bildirir ki, buna baxmayaraq, bu partiyaya əngəllər də törədilirdi. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə verib: “Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb”.

28 il şərəfli yol keçən, bütün çətinliklərdən, fırtınalardan uğurla çıxan Yeni Azərbaycan Partiyasını cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. YAP proqramını daim yeniləşdirir, populist vədlərdən uzaq olduğunu davamlı uğurları ilə təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Yeni Azərbaycan Partiyasının güc mənbəyi yaradıcısı olduğu ümummilli lider Heydər Əliyevin zəngin irsi və son 17 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə daha böyük inamla addımlamağa əsas verən inkişaf strategiyamızdır.

Bu gün bütün Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun yazdığı Zəfər Gününün, keçirilən Zəfər paradının sevincini yaşayır. Bu Zəfər Azərbaycanın ədalətli mövqeyinin bir daha dünyaya təqdimatı oldu. 30 ilin nisgilinə son qoyulması, ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü cənab İlham Əliyevin tərafında sıx birləşərək, azad edilmiş torpaqlarda yeni həyatın bərpasına öz töhfələrini verməyə səy göstərirlər. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənib, sözünün imzası qədər dəyərinin olduğunu dünyaya nümayiş etdirdi. Zəfərin mübarək, Azərbaycan!

Çingiz Dadaşov, Nəsimi rayon sakini
Cebhe.info


Oxunma sayı: 2036