hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Yeni dünya düzəni: Azərbaycan da seçim qarşısında

Yeni dünya düzəni: Azərbaycan da seçim qarşısında

Cənubi Qafqazda geosiyasi konfiqurasiyanın dəyişməsi müşahidə olunur.

Türkiyənin regionda hərbi-siyasi fəallığının artması və Azərbaycanla strateji münasibətlərini gücləndirməsi Rusiyanın əks- reaksiyasına səbəb olub. Ona görə də son zamanlar Cənubi Qafqazda cərəyan edən proseslər daha çox Rusiya-Türkiyə rəqabəti fonunda nəzərdən keçirilir. Bu mübarizədə Türkiyənin mövqelərinin gücləndiyini, Rusiyanın isə zəiflədiyini görmək olar. Kreml bölgədə geosiyasi üstünlüyünü saxlamaq üçün Ermənistanı silahlandırmaq və Azərbaycana qarşı hərbi təxribata əl atmaq taktikasından istifadə edir.

Ancaq üçüncü dövləti olan Gürcüstanın 2021-ci ildə NATO-ya daxil olması istiqamətində görülən hazırlıq işləri Türkiyəyə və ABŞ-a Cənubi Qafqazda həm hərbi, həm də geosiyasi balansı öz xeyrinə dəyişmək imkanı yarada bilər. Bölgənin digər həmsərhəd dövləti olan İranın isə son zamanlar başı daxili problemlərə qarışıb.

İranın Cənubi Qafqazda fəallığı əvvəlki ilə müqayisədə bir qədər aşağı düşüb. Bu səbəbdən, rəsmi Tehran şimalda baş verən proseslərə əsasən sakit reaksiya verir. Ekspertlər isə hesab edir ki, Cənubi Qafqazda yaranmış yeni situasiya Azərbaycanın xarici siyasət vektorunun istiqamətini dəyişməyi zəruri edir. Yəni geosiyasi proseslər Azərbaycanın Rusiyadan uzaqlaşmaqla Avroatlantik məkana daxil olan ölkələrlə srateji müttəfiqliyinin artmasını zəruri edir. Bu isə Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursundan imtina etməsi deməkdir.

“Moskvaya ümid edənlər Rusiyaya xidmət edənlərdir”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Azərbaycanın regional mövqeyini gücləndirmək və milli təhlükəsizliyini təmin etmək üçün bir sıra yeni addımlar atmalıdır. Bu yenilik isə Türkiyə strateji müttəfiqlik münasibətlərinin qurulmasından keçir.

"Xalqın iradəsi ilə qurulan hər bir dövlət istər xarici, istərsə də daxili siyasətini milli maraqlar üzərində qurur. Azərbaycan da mahiyyəti və tarixi etibarı ilə milli dövlətdir. Ona görə də xarici siyasətdə milli maraqları əsas götürməlidir. Azərbaycanın həyatı əhəmiyyətli iki milli marağı var. Birincisi vətənin müdafiəsi, digəri demokratik inkişafıdır. Həyati əhəmiyyətli mili maraqlar dedikdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi, sərhəd toxunulmazlığı, konstitusiya quruluşu, vətəndaşlarının və bütövlükdə cəmiyyətin müdafiəsi nəzərdə tutulur. Azərbaycan torpaqlarının işğal olunması nəticəsində ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, vətəndaşlarının müdafiəsi, konstitusiya quruluşu pozulub. Bu gün də Azərbaycan vətəndaşlarının həyatı təhlükə altındadır və təhdid edilir. Azərbaycan təkbaşına bu təhlükəni aradan qaldıra bilibmi? Cavab çox sadədir. Xeyr. O zaman sual olunur-Kim indiqə qədər Azərbaycana birmənalı şəkildə kömək təklif edib? Yeganə dövlət Türkiyədir ki, dövlət başçısı səviyyəsində istənilən halda birmənalı şəkildə Azərbaycanın yanında olacağını bəyan edib. İyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə də Türkiyə rəhbərliyi bu mövqeyini bir daha təsdiq edib və öz silahlı qüvvələrini təlim keçmək üçün Azərbaycana göndərib. Hazırda həmin qüvvələr Azərbaycanda qalıb və buradadır. Rusiya isə Qacar imperiyasını parçalayan, Azərbaycan türklərini iki yerə bölən dövlətdir. Ermənilər də məhz Rusiya tərəfindən İran və Türkiyə ərazisindən Cənubi Qafqaza köçürülüb. Erməniləri Azərbaycan torpaqlarına gətirən, burada erməni vilayəti və sonra da erməni dövləti yaradan, Dağlıq Qarabağ problemini yaradan Rusiya deyil? Ümumiyyətlə, Rusiyaya ümidlə baxanlar ya cahildir və tarixini bilmir, siyasətdən anlayışı yoxdur. Belə adamların maariflənməsinə ehtiyac var. Ancaq bütün bu faktları bildiyi halda Moskvaya ümid edənlər Rusiyaya xidmət edənlərdir. Bunun başqa adı yoxdur ”.

Qeyd edək ki, bəzi analitiklər Azərbaycanın Qoşulmama Hərəkatının üzü olduğunu əsas gətirərək Türkiyə ilə hərbi ittifaqın qurulmasını mümkünsüz sayır. Sülhəddin Əkbər isə Azərbaycanın Qoşulmama Hərəkatından çıxmasını təklif edir:

“Qoşulmama Hərəkatı bizə lazım deyil. Bu qurum indiyə qədər Azərbaycana nə verib? Qoşulmama Hərəkatı Azərbaycanın hansı milli maraqlarını təmin edib. Dağlıq Qarabağ probleminin həllində üzv dövlətlərin Azərbaycana dəstək verməsi barədə deyilənlərə gəlincə, onun heç bir əhəmiyyəti yoxdur. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən başqa siyasi-diplomatik sahədə, o dövlətlərin dəstəyi heç bir rol oynamır. Dünyanı idarə edən, beynəlxalq nizamı quran, oyun qaydalarını müəyyən edən dövlətlər var. BMT Təhlükəslik Şurasının beş daimi üzvünün üçü Dağlıq Qarabağ probleminin nizamlanması üzrə həmsədrdir. ABŞ, Rusiya və Fransa da erməni diasporasının ən güclü olduğu ölkələrdir. Ümumiyyətlə, hər bir dövlətin müstəqil olmasının açıq dənizlərə çıxışı olmalıdır. Əgər başqa dövlətin üzərindən açıq dənizə çıxış əldə edərsə, deməli, ondan asılı vəziyyətə düşəcək. Azərbaycanın açıq dənizlərə çıxışı yoxdur. Azərbaycan açıq dənizlərə ya İran, ya da Gürcüstan üzərindən çıxış əldə edə bilər. İkincisi, dövlətin strateji dərinli olmalıdır. Bu ölçü minimum 500 kilometr təşkil etməlidir. Azərbaycan coğrafi-strateji dərinliyə malik deyil. Üçüncüsü, dövlətin təbii müdafiə sədləri olmalıdır. Doğrudur, Azərbaycan şimalda şimalda Böyük Qafqaz sıra dağlarına, cənubda Xəzər dənizinə dayanır. Amma Azərbaycan qərbdə təbii sərhədlərə dayanmır. Ən başlıcası isə bir amili nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti bütün milləti əhatə etmir. Onun kiçik bir hissəsini özündə birləşdirir. Dövlətimizin ərazisi Azərbaycanın tarixi torpaqlarının kiçik bir hissəsindən ibarətdir. Bizim klassik mənada yeganə bir çıxış yolumuz var. O da Azərbaycanın bütövləşməsi, ərazi baxımından, Qacarlar imperiyasının bərpa olunmasıdır. Əgər bu mümkün deyilsə, yəni siyasi reallıqlardan çıxış etsək, alternativ bir yol qalır. Türkiyə ilə hərbi ittifaq yaradılmalı və strateji müttəfiqlik qurulmalıdır. Yalnız bu halda Azərbaycan açıq dənizlərə çıxış da əldə edə, strateji dərinlik də qazana bilər, təbii müdafiə səddinə qismən də olsa nail ola bilər”.

“Azərbaycanın bütövləşməsi isə bizim strateji hədəfimiz olmalıdır”

Politoloq onu da qeyd etdi ki, 2014-cü ildən sonra Ukraynada münaqişənin baş verməsi ilə yeni dünya nizamının formalaşması həm qlobal, həm də geopolitik miqyasda həlledici mərhələyə daxil olub. Yaxın perspektivdə bu proses Cənubi Qafqaza da öz təsirini göstərək:

“Pandemiya dövrü bu rposeləri sürələndirib. Pandemiya başa çatdıqdan sonra bu proseslərə daha sürətlə gedəcək. Mən həm İran, həm də Rusiya məsələsinin gündəmdə olacağını düşünürəm. Azərbaycanın məsələsi də hər iki geosiyasi paketin içərisində gedir. Belarusda, Rusiyanın daxilində, Qara dəniz regionunda cərəyan edən hadisələr diqqət yetirsək, bu dinamikanın necə sürətli hal aldığını görmək ola. Azərbaycan da geopolitik dəyişiklik dövrünə daxil olub. Ona görə də Azərbaycan öz seçimini etməlidir. Yəni Azərbaycanın seçimi ən təbii müttəfiqi olan qardaş Türkliyə ilə müttəfiqlik münasibətlərinin qurulmasından ibarət olmalıdır. Azərbaycanın bütövləşməsi isə bizim strateji hədəfimiz olmalıdır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 30592